Rusiyanın “bitərəfliyi”

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə yenə tərəf tutduğunu ortaya qoydu. Bu dəfə artıq rəsmi şəkildə Moskva bunu təsdiqləmiş oldu. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında nə qədər təəccüblü və təəsüfü olsa da bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil və Azərbaycan müharibəyə başlamamaq haqqında təminat verməlidir. Təbii ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən bu açıqlaması Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb.

Kreml İrəvanın müdafiəçisi qismində

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə yenə tərəf tutduğunu ortaya qoydu. Bu dəfə artıq rəsmi şəkildə Moskva bunu təsdiqləmiş oldu. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında nə qədər təəccüblü və təəsüfü olsa da bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil və Azərbaycan müharibəyə başlamamaq haqqında təminat verməlidir. Təbii ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən bu açıqlaması Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Qarabağla dediyi bütün fikirlər Azərbaycanın maraqlarına ziddir: "Birincisi, Lavrov deyib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Başqa sözlə Lavrov demək istəyib ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, Ermənistan işğal altındakı torpaqları boşaltsın. Lavrovun münaqişənin həllinə bu cür yanaşması Dağlıq Qarabağın "müstəqilliyinə" yol açır. Lavrov faktiki rəsmi İrəvanın tələbini təkrarlayıb və Rusiyanın xarici işlər naziri İrəvanın çox çalışdığı "paket həll" variantını dilə gətirib. İkincisi, Lavrov yenidən cəbhə bölgəsində insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılıqdan danışıb. O deyib ki, 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Ona qalsa, Həştərxan razılaşmasına görə Ermənistan öldürülən Azərbaycan hərbçisinin nəşini çoxdan Azərbaycana qaytarmalıydı. Ancaq Lavrov bu barədə mətbuat konfransında heç nə deməyib. Bir neçə gün əvvəl bu mövzuda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovaya sual verdikdə, o hərbçinin nəşinin geri qaytarılması məsələsinə münasibət bildirməmiş, mücərrəd cümlələr işlətmişdi. Üçüncüsü, Sergey Lavrov mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Yəni Lavrov demək istəyib ki, Azərbaycan öz məsələsini özü həll edə bilməz, "başqa" dövlətlərin də maraqlarını nəzərə almalıdır. Yəni vaxtilə Rusiyanın Çeçenistanı silah yolu ilə ram etməsinə ixtiyarı var idi, Azərbaycanın isə Dağlıq Qarabağı ram etməsinə hüququ yoxdur". Elxan Şahinoğlu onu da qeyd edib ki, Rusiya xarici işlər naziri Dağlıq Qarabağa qeyri-qanuni olaraq səfər edən Rusiya vətəndaşlarını müdafiə etməkdən də çəkinməyib: "Dördüncüsü, Sergey Lavrov Dağlıq Qarabağa qeyri-qanuni səfər edən bloger Aleksandr Lapşini bu sözlərlə müdafiə edib: "Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik". Məlumdur ki, Azərbaycan bu şəxsə qarşı cinayət işi açıb və həmin şəxs Belarus ərazisində saxlanlılıb. Həmin bloger 2015-ci ildə Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında" qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib. Ancaq indi Rusiyanın xarici işlər naziri deyir ki, Moskva bütün tədbirləri görəcək ki, Lapşinin məsələsi həll olunsun, yəni Azərbaycana ekstradisiya edilməsin". Politoloq onu da diqqətə çatdırıb ki, rəsmi Bakı adətən Moskva ilə sərt polemikadan çəkinir: "Ötən il Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar kredit verdi, üstəlik işğalçı ölkənin ərazisində "İsgəndər" raketlərini yerləşdirdi. Birinci halda Azərbaycan XİN nota verdi, ikinci məsələyə isə toxunmadı. Halbuki, Rusiyanın Ermənistanda "İsgəndər" raketlərinin yerləşdirməkdə məqsədi bölgədə hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsinə mane olmaq idi. Rəsmi Bakının Moskvanın Ermənistanı dəstəkləməsinə susduqca, Kreml Qarabağ məsələsində İrəvana dəstəyini daha çox artırır. Sergey Lavrovun son mətbuat konfransında dedikləri də bundan xəbər verir. Ancaq bu dəfə də susmaq Rusiyadan çəkinmək anlamına gələcəkdi. Ona görə də bu dəfə Sergey Lavrovun açıqlamalarına reaksiya verildi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lavrovun dediklərinə bu şəkildə cavab verdi ki, əgər Rusiya bütün ciddiliyi ilə Qarabağ problemi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq. Elmar Məmmədyarovun bu açıqlamasını belə də oxumaq olar: "Moskva bu məsələ ilə məşğul olmadığına görə status-kvo dəyişmir". Elmar Məmmədyarov Azərbaycan qanunlarını pozan blogerlə bağlı isə bunları deyib: "Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar". Beləliklə, Lavrovun açıqlamaları Bakı ilə Moskva arasında söz duelinə yol açıb. Rusiyada xarici siyasət prioritetlərini prezident müəyyənləşdirir. Lavrov nə qədər ermənipərəst olsa da Qarabağ məsələsində prezident Vladimir Putindən fərqli siyasət həyata keçirə bilməzdi. Demək, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışını Putin də bölüşür ki, Rusiyanın xarici işlər naziri Ermənistanı müdafiə edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31