"Türkiyədə Rusiya səfirinin öldürülməsi təxribatdır"

"Türkiyədə öldürülən Rusiyanın Ankaradakı səfiri Andrey Karlov tanınmış xarici diplomatlardan biri idi. Türkiyə kimi dövlətdə Rusiyanın təmsilçisi olmaq özü bir sıra məqamlardan xəbər verir ki, Yaxın Şərq problemlərini yaxından bilən, tanınmış diplomat belə bir sui-qəsdə məruz qalıb. Atəş açan şəxsin məhz ərəb dilində, "bunu Suriyaya, Hələbə görə edirik", deməsi də, təxribat ola bilər".

Milli.Az xəbər verir ki, bu sözləri tanınmış politoloq Arzu Nağıyev ölkə.az saytına Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, bu hadisənin birbaşa Suriya hadisələri ilə əlaqəsi var:
 
"İnandırıcı görünmür ki, PKK bu addımı atsın. Bu əməl onların dəsti-xəttinə uyğun deyil. Məhz Rusiyanın seçilməsi Türkiyə-Rusiya münasibətləriinə xələl gətirmək üçün atılan addımlardandır. Bu təxribat xarakteri daşıyır. Yəqin ki, Türkiyənin Suriyada və Yaxın Şərqdə Rusiya ilə birgə keçirdiyi əməliyyatlarda iştirakını dayandırılmasını tələb edən, eyni zamanda, bunun qarşısını almaq üçün atılan addımdır. ABŞ Dövlət Departamenti də bununla bağlı bəyanat verib. Bu bəyənatdan da belə çıxdı ki, onlar bu terroru pisləyirlər. Yəqin ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalar aparacaq.
 
Yenə də, bütün izlər Yaxın Şərqdə olan terror təşkilatlarına aparıb çıxara bilər. Əsas məqsəd də, Rusiyanın Yaxın Şərqdə gedən antiterror əməliyyatlarında iştirakdan çəkindirmək və Rusiya-Türkiyə münasibətlərinə xələ gətirməkdir. Eyni zamanda, Türkiyədə baş vermiş bir neçə terror hadisələrindən sonra belə səviyyədə terror aktının keçirilməsi Türkiyə rəhbərliyinə olan inamsızlığı bir daha ortaya qoymağa xidmət edir".
 
Arzu Nağıyevin fikrincə bu hadisə iki dövlət arasında əlaqələrə mənfi təsir göstərməyəcək:
 
"Düşünmürəm ki, bu terror Türkiyə-Rusiya münasibətinə mənfi nəsə gətirə bilər. Hamı çox gözəl bilir ki, Türkiyə hökuməti özü istəməz ki, belə bir hadisə baş versin və Rusiya ilə münasibətinə xələl gəlsin. Onsuzda çox çətinliklə əmələ gələn münasibətləri fonunda belə hadisələrin olması həm Rusiya, həm Türkiyəni qorxutmaq marağı daşıyır. İnanmıram ki, bu hadisədən sonra hər iki dövlət arasında dərin uçurum yaransın. Yəqin ki, bu hadisəni hər iki tərəfin nümayəndələri araşdıracaqlar. Çoxları çalışır ki, Türkiyəni Əfqanıstana bənzəyən dövlətə çevirsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31