Heydər Əliyev müasir, güclü, qüdrətli Azərbaycan dövlətinin qurucusudur. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ilə Azərbaycan adlı ölkəni, dövlətini qorumuş oldu, onu yaşatdı və inkişaf etdirdi. Hər bir Azərbaycan vətəndaşının fiziki və mənəvi varlığı Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimiz elə təməl prinsiplər üzərində qurulub ki, onlar ulu öndərimizin gərgin əməyi nəticəsində formalaşıb.
Bunu Milli.Az-a açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Heydər Əliyev elə bir dövrdə Azərbaycanda hakimiyyətə gəldi ki, o zaman iqtisadi tərəqqidən söhbət belə gedə bilməzdi, iqtisadiyyatın günü-gündən tənəzzülə doğru getdiyi dövrə təsadüf edirdi, ölkənin siyasi həyatında anarxiya hökm sürürdü, dövlətin varlığı ümumən sual altında idi: "Ona görə də bugünkü dövlətimizin varlığı, mövcudluğu, güclü Azərbaycan dövlətinin dünya birliyində öz layiqli yerini tutması ulu öndərimizin adı ilə bağlıdır".
V.Rəhimzadə qeyd edib ki, Heydər Əliyev çox gərgin keçən ömrünü bu ölkənin, dövlətin, onun vətəndaşlarının yaxşı yaşamasına sərf edib: "Bu reallıq hər bir vətəndaşın gözü önündə baş verib. Ona görə də bu xalq, bu dövlət onu daim anacaq, xatırlayacaq. Bizim üçün onun doğum tarixi var, ölüm tarixi yoxdur. Onun ideyaları bizim üçün həmişə var, əbədi olacaq və Azərbaycan durduqca o, daim bizimlə birgə olacaq".