Dövlətinin və xalqın dini ekstremizm və radikalizmə qarşı təpki göstərməsinə ehtiyac var

İlqar Altay: “Cəmiyyət içində oyun qurmuş, cilddən-cildə girən dini ekstremist konkret qanun pozuntusuna görə həbs olunan kimi, özünü siyasi məhbus kimi qələmə verib hay-küy salır” “Bunların həyasız səs-küyünün səsi hətta bəzi “hüquq müdafiəçiləri” hesabına uzaq xarici tribunalardan da gəlir”

İlqar Altay: "Cəmiyyət içində oyun qurmuş, cilddən-cildə girən dini ekstremist konkret qanun pozuntusuna görə həbs olunan kimi, özünü siyasi məhbus kimi qələmə verib hay-küy salır"

"Bunların həyasız səs-küyünün səsi hətta bəzi "hüquq müdafiəçiləri" hesabına uzaq xarici tribunalardan da gəlir"

Ölkədə hüquq-mühafizə orqanları tərəfindən radikal dini qruplaşmaların fəaliyyətinə qarşı müvafiq tədbirlər görülsə də, lakin dini ekstremizmin qarşısını tamamilə almaq o qədər də mümkün olmur. Baxmayaraq ki, administrativ metodlarla yanaşı müvafiq dövlət qurumları tərəfindən əhali, xüsusilə onun gənc təbəqəsi arasında maarifləndirmə tədbirləri həyata keçirilir, onlar radikal dini quruplaşmalar tərəfindən uzaq tutulmağa çalışılır. Amma bəzən yayılan xəbərlər, səsləndirilən fikirlər onu deməyə əsas verir ki, radikal dini qruplaşmalara qarşı aparılan mübarizə, eləcə də həyata keçirilən maarifləndirmə tədbirlərinə adekvat olaraq qarşı tərəf də öz fəaliyyətlərində yeni-yeni "metodlar"dan istifadə edir. Bir müddət əvvəl yayılan xəbər belə deməyə əsas verir. Belə ki, yayılan xəbərlərə görə, radikal dini qruplaşmalar və dini ekstremizt qüvvələr indi də uşaq başçalarına yol açmağa başlayıblar. Məlumata görə, bir müddət öncə paytaxtdakı uşaq bağçalarından birində Məhərrəm ayı münasibətilə əzədarlıq məclisi təşkil edilib. Hələlik dini mərasimin təşkil edildiyi bağçanın hansı rayona aid olduğu və neçə nəmrəli olduğu açıqlanmasa da, reallıq ondan ibarətdir ki, dini ekstremist qüvvələr artıq uşaq bağçalarına da sirayət edə bilirlər. Bu isə gələcəkdə ciddi təhlükələrin baş verəcəyini qaçılmaz edir. Bəs görəsən, kifayət qədər sevinc hissləri yaşamamış, Kərbalanı belə tanımayan körpələrə Kərbala müsibəti, qəmi yaşatdırmaq nə dərəcədə dorğu və düzgündür? Özlərini dindar adlandıran həmin şəxslər məgər körpə fidanlara bu cür şeyləri təlqin etmək, onlara zülm, müsibət barədə fikirlər aşılamağın məgər dinlə əlaqəsi olmadığını bilmirlərmi? Yaxud, ən qayğılı, ən kövrək kiçik nəslin etibar olunduğu körpələr evinin rəhbərliyi bu cür yalnışlığa, səhvə  necə imkan yaradıb?  Ola bilərmi ki, həmin uşaq bağçasının rəhbərliyi elə hansısa dini ekstremist qüvvənin bir nümayədəsidir. Belə olan halda həmin bağçada tərbiyə görən uşağın gələcəyi necə olacaq? Göründüyü kimi, bütün ölkə bunları ifrat radikal islamçı hesab edərək müəyyən çərçivəyə yönəltdiyi halda, həmin insanlar öz sərhədlərini genişləndirməklə bütün ölkə boyu hücuma keçiblər. Hətta körpələr evinə kimi gedib çatıblar artıq.

Məsələ ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay bunun təhlükəli bir tendensiya olduğunu vurğulayıb. O, bildirib ki, kəskin ictimai qınaq və milli-vətənpərvərlik dəstəyi olmasa, kökü gedib ərəb-fars mənbələrinə çıxan dini radikalizmlə mübarizə aparmaq tam effektli və kifayətedici olmayacaq: "Niyə? Hüquq-mühafizə, xüsusi xidmət orqanı üçün ən güclü kriminal avtoriteti və yaxud qanuni oğrunu, hətta ən iri bandası ilə birlikdə həbs edib zərərsizləşdirmək sadə bir işdir. Ona görə ki, kriminal-cinayətkar xalq üçün aydındır, yabançı-qəbuledilməzdir və ona görə heç bir ictimai dəstəyi yoxdur. Amma, dini ekstremist indiki dövrdə özünü ustalıqla təməl-normal dinin və oradan dindar cəmiyyətin hətta ümumi xalqın içinə dürtə bilir. Metamorfoz xüsusiyyəti ilə şəraitdən asılı olaraq ictimai-siyasi rəng alıb guya ki, ölkənin, xalqın, cəmiyyətin dərdini çəkən görüntüsü yaradır. Görürsən, insanlar, kütlə qarşısında xeyli normal dini fikirlər söyləyirlər. Bəzən hakimiyyəti, bəzən güzəranı,  hətta erməni işğalını tənqid edir. Arada isə, dini bölücülük, radikalçılıq təbligi və hətta dövlətçiliyin və xalqın kimliyi əleyhinə qatı cinayət əməli dərəcəsində pozucu-təhlükəli çağırışlar edirlər". İlqar Altayın sözlərinə görə, cəmiyyət içində oyun qurmuş, cilddən-cildə girən dini ekstremist konkret qanun pozuntusuna görə həbs olunan kimi, özünü ya adi təmiz dindar, ya da siyasi məhbus kimi qələmə verib hay-küy salır: "Və cəmiyyətin müəyyən hissəsi hətta buna inanır və hüquq-mühafizə sistemini qınayır da.Bunların həyasız səs-küyünün səsi hətta bəzi "hüquq müdafiəçiləri" hesabına uzaq xarici tribunalardan da gəlir. Bütün bunlar isə təbii ki, həmin cinayətkarların operativ zərərsizləşdirilməsi, həbsi, istintaqı və mühakiməsini çətinləşdirə və əngəlləyə bilir. Bu baxımdan, dövlətinin və xalqın birliyinin, ictimai sabitliyinin qədrini bilən ictimai kəsimin, ziyalılar və tələbələrin, xüsusilə milli-vətənpərvər qüvvələrin, bu ölkəni dağıtma təhlükəsində olan dini ekstremizm və radikalizmə qarşı təpki göstərməsinə ehtiyac var. İctimai təpki bu məsələdə daha effektli olar".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31