Heydər Əliyev və müstəqil Azərbaycan

70 ildən artıq bir yaşı olan imperiyanın dağılma mərhələsində olduğu bir zamanda keçmiş müttəfiq respublikalarında baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik, azadlıq çağırışları Azərbaycandan da yan keçmirdi. Hətta həmin dövrlərdə Azərbaycan bu proseslərin əsas lokomotivi rolunu oynayırdı.

70 ildən artıq bir yaşı olan imperiyanın dağılma mərhələsində olduğu bir zamanda keçmiş müttəfiq respublikalarında baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik, azadlıq çağırışları Azərbaycandan da yan keçmirdi. Hətta həmin dövrlərdə Azərbaycan bu proseslərin əsas lokomotivi rolunu oynayırdı. Elə bu səbəbdən də imperiya hər vasitə ilə azadlıq, müstəqillik çağırışlarını boğmağa, öz keçmiş qüdrətini geri qaytarmağa çalışırdı. Elə 1990-cı ilin yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar da məhz buna hesablanmışdı. O dövrdə Azərbaycana rəhbərlik edən hakimiyyətlərin idarəçilik bacarığının zəif olması, ölkədə hökm sürən hərc-mərclik, qeyri-sabit durum ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. Bu cür situasiyadan, çətin durumdan isə Azərbaycanı yalnız dərin siyasi təcrübəsi olan biri çıxara bilərdi. Artıq ölkənin fəlakət astanasında olduğunu görən Heydər Əliyev Moskvadan Vətənə, doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasına qayıtdı. Azərbaycanın belə bir ağır dövründə ümummilli lider Heydər Əliyev ölkəmizin müstəqilliyi uğrunda əsl mücadiləyə qalxdı. Naxçıvan əhalisi də öz növbəsində Heydər Əliyevə böyük etimad göstərərək 1990-cı ilin sentyabr ayında onu Muxtar Respublikanın Ali Sovetinin deputatı seçdi. Həmin dövrdə milli müstəqilliyimizin ilk uğurlu addımları da məhz Naxçıvanda atıldı. Belə ki, 1990-cı il, noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü və təklifi ilə Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, Naxçıvan "Ali Soveti"nin "Ali Məclis" adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi məhz Heydər Əliyevin adı ilə bağlı idi. Bununla yanaşı Kommunist Partiyası və digər yerli orqanlarının fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında dayandırılması, SSRİ-nin saxlanılmazı barədə 1991-ci ilin mart ayında keçirilən referendumdan imtina edilməsi də Heydər Əliyev tərəfindən Muxtar Respublikada müstəqillik istiqamətində atılmış mühüm adımlardan sayılırdı. Muxtar Respublikada Heydər Əliyevin başlamış olduğu müstəqillik mücadiləsindən ruhlanan Azərbaycan SSR Ali Soveti 1991-ci il, oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı"nı qəbul etdi. Amma bu müstəqilliyi qoruyub-saxlamaq o qədər də asan deyildi. Çünki həm Moskva, həm də Azərbaycanın müstəqil bir respublika kimi mövcud olmasını istəməyən beynəlxalq güclər hələ də ona mane olmağa, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı taleyi yaşatmağa çalışırdılar. Xüsusilə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xaricdəki antiAzərbaycan ünsürləri və onların buradakı əlaltılarını ciddi şəkildə narahat etməyə başlamışdı. Hər vəchlə çalışılırdı ki, Azərbaycanın müstəqilliyi təhlükə altına düşsün, onun bir dövlət kimi inkişafının qarşısı alınsın. Ən əsası Heydər Əliyev idarəçilikdən uzaqlaşdırılsın. Xarici güclər tərəfindən bir neçə dəfə dövlət müstəqilliyimiz

üçün yaradılan təhlükələr də eyni zamanda Heydər Əliyev amilini aradan qaldırmağa, onu Azərbaycanda hakimiyyətdən uzaqlaşdırmağa hesablanmışdı. Cənubda separatçı Əlikram Hümbətovun başlatdığı silahlı qiyam, bir qədər sonra anoloji addımın Gəncədə Surət Hüseynov tərəfindən atılması, eləcə də 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin paytaxtda silahlı qiyama cəhd göstərməsi müstəqilliyimizə, həmçinin Heydər Əliyevə qarşı yönəlmiş məkrli planlarının tərkib hissəsi idi. Lakin bütün bu sınaqlardan, təhlükələrdən Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında uğurla çıxaraq öz müstəqilliyini qoruyub saxlaya bildi. Heydər Əliyev qısa zamanda xarici dairələrin maraqlarına xidmət edən qeyri-qanuni silahlı birləşmələri ləğv edərək müstəqiliyimiz üçün təhlükə mənbəyi sayıla biləcək maneələri aradan qaldırmağa müvəffəq oldu. Ölkədə siyasi sabitliyi təmin etdikdən sonra isə qarşıda Azərbaycanın müstəqilliyini bütün parametrləri üzrə təmin etmək, ölkəni hər bir sahədə inkişaf etdirmək kimi mühüm vəzifələr dayanırdı. Siyasi sabitlik əldə edildikdən sonra əsas prioritet iqtisadiyyatı inkiişaf etdirmək və iqtisadi müstəqilliyə nail olmaq idi. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişinin imzalanması ilə iqtisadi müstəqilliyimizin demək olar ki, əsası qoyuldu. Bununla da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlanıldı.

Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, bütün qanunsuz silahlı dəstələrin ləğv edilməsi, cinayətkar qrupların qarşısının alınması və s. kimi müsbət addımlar ölkədə dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı. Ölkədə müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildə böyük vüsət aldı. Müstəqil respublikamızın ilk konstitusiyasının qəbulu artıq zərurətə çevrilmişdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış konstitusiya layihəsi 1995-ci il, noyabr ayının 12-də ümumxalq səsvermə, referendum yolu ilə qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu baxımından son dərəcə böyük əhəmiyyətə malik olan bir hadisə idi. Beləliklə, müstəqil respublikanın qəbul etdiyi ilk konstitusiya ilə Azərbaycan bütün dünyada demokratik dövlət nüfuzu qazandı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Beləliklə, 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoymuş olduğu uğurlu daxili və xarici siyasət kursu 2003-cü ildən etibarən Cənab Prezident İlham Əliyev tərəfindən əzmlə və nailiyyətlərlə davam etdirilir. Günümüzdə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi, ideoloji və hüquqi sferalar üzrə yüksək xəttlə inkişaf edir və müstəqilliyimizin təminatına çevrilir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi xətt üzrə fəaliyyət göstərən Cənab İlham Əliyevin gərgin əməyi sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi mühüm regional və beynəlxalq əhəmiyyətli layihələr gerçəkləşdirilib ki, qeyd edilən hər layihələrin reallaşmasından ölkəmiz yalnız və yalnız dividentlər əldə edir. Bu da Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərir.

Tam əminliklə deyə bilərik ki, 25 yaşlı müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla addımlayır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilib, dünya miqyasında qəbuledilən ölkə olub. Ən sadə misal, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzu və ona olan hörmətin təsdiqidir. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, ölkə vətəndaşları öz prezidentinə inanır, ona böyük etimad göstərir. Bu inam və etimadın əyani sübutu isə bu il, sentyabr ayının 26-da baş verdi. Belə ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti konstitusiya islahatlarının lehinə səs verməklə bir tərəfdən möcud siyasi kursun davam etməsi, digər tərəfdən isə müstəqilliyimizin daha da möhkəm qorunub saxlanmasına, inkişaf etməsinə səs verdilər.

Bu gün 25 yaşını qeyd edən gənc Azərbaycanın keçdiyi şərəfli yol və qarşıdakı hədəflər ölkəmizin növbəti illərdə daha böyük nailiyyətlər, uğurlar əldə edəcəyini söyləməyə əsas verir. Çünki ona qadir olan dövlət rəhbərliyi, Azərbaycan vətəndaşları var. Tam əminliklə deyə bilərik ki, günümüzdə bütün göstəriciləri üzrə regionun lider dövlətinə çevrilən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ən yüksək zirvələri fəth etməyə qadirdir və gələcək nəsillərin xoş, firəvan yaşamasının təminatçısıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31