Ermənilərin təxribatı nəyə hesablanıb?

 Deputat: “Cəbhə xəttində yenidən hava hücumları başlasa, münaqişə regiondan çıxacaq” Bu ilin aprel ayında işğal altında olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan sonra ermənilərin çəbhə xəttində təxribatları ara vermir. Azərbaycanın təxribata sürüklənməsi cəhdinin boşa çıxdığını görən ermənilər artıq cəbhə boyu hərbi təlimlərə başladıqlarını bəyan ediblər.

 Deputat: "Cəbhə xəttində yenidən hava hücumları başlasa, münaqişə regiondan çıxacaq"

Bu ilin aprel ayında işğal altında olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan sonra ermənilərin çəbhə xəttində təxribatları ara vermir. Azərbaycanın təxribata sürüklənməsi cəhdinin boşa çıxdığını görən ermənilər artıq cəbhə boyu hərbi təlimlərə başladıqlarını bəyan ediblər. Məsələ orasındadır ki, Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı kəndlərində bir ay bundan qabaq başlayan hərbi təlimləri sanki aprel hadisələrinin yenidən başlaya biləcəyinə işarə edir. Bununla kifayətlənməyən ermənilər Azərbaycanı qıcıqlatmaq məqsədilə təxribatlarını davam etdirilər. Son məlumata görə, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası" yeni referendum keçirməyi planlaşdırır. Ermənistan KİV-i xəbər verir ki, yeni dəyişikliklərdən sonra qondarma rejimin adı "Dağlı Qarabağ Respublikası" deyil, "Artsax Respublikası" adlandırılacaq. Bu barədə yerli "spiker" Aşot Qulyan məlumat verib: "Biz öz tarixi adımıza qayıdacayıq və bu konstitusiyanın 1-ci maddəsində öz əksini tapacaq". "Referendum"la bağlı müzakirələr noybarın 20-nə qədər yekunlaşacaq və təsdiq olunması üçün separatçı lider Bako Saakyana təqdim olunacaq.

Ermənilər niyə və nədən dönür?

Referendumun 2017-ci ildə keçirilməsi nəzərdə tutulur. Bəs görəsən bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində nə baş verir ? Ermənistanın apreldə aldığı zərbələrdən sonra yeni planı nədir? Seyran Ohanyanın yerinə gətirilmiş "diplomat" müdafiə naziri Vigen Sarkisyan cəbhədə nə etmək istəyir ?
 Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın təmas xəttində hər bir addımını ciddi cəhdlə izləyir, vəziyyəti nəzarətdə saxlamağa çalışır. Belə ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Müdafiə Nazirliyindən , təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək. Hərbi ekspert Üzeyir Cəfərov keçiriləcək təlimlərdən danışarkən deyib ki, bu təlimlərin ümumiyyətlə son vaxtlar cəbhə bölgəsində baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Noyabrın 12-də keçiriləcək bu təlim 2015-ci ilin dekabrında növbəti il üçün planlaşdırılan və təsdiq olunan təlimlərdən biridir. 2016-cı ilin isə son təlimidir. Ekspert bildirib ki, həmin şəxsi heyətin yerləşdirilməsi, yanacaq, ərzaq və geyim təminatı heç də sıradan məsələ deyil: "Ona görə də bu təlimlər çoxdan planlaşdırılıb. Təlimlərin keçirilməsi son zamanlar cəhbədə baş verən hadisələrlə eyni vaxta düşüb. Ona görə də ajiotaj yaradıb". Ü.Cəfərov deyib ki, istənilən an döyüş əməliyyatları başlaya bilər: "Çünki danışıqlar prosesinin heç bir nəticəsi yoxdur. Düşmən öz həyasızlığını davam etdirir. Belə gedişlə yaxın zamanlarda Qarabağ məsələsinin həlli mümkün olmayacaq. Nəzərə alsaq ki, ABŞ dövlət katibi Con Kerrinin məlum bəyanatı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlaması göstərdi ki, bu ölkələr Dağlıq Qarabağla bağlı öz maraqlarını irəli çəkirlər. Azərbaycanın maraqlarını isə dilə gətirmirlər". Hərbi ekspert qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin növbəti dəfə erməni təxribatının qarşısının alınması üçün apracağı əməliyyatı nə ATƏT, nə Rusiya nə də ABŞ dayandıra biləcək: "Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Çünki bundan başqa yol yoxdur. Düşmən daha da azğınlaşır, yeni silahlar əldə edir və Azərbaycanı yer üzündən silmək istədiyini deyir. Onlarda nə silah olursa olsun, Azərbaycan müstəqil dövlət olaraq öz hüququnu qorumalı, nə lazımdısa onu da etməlidir". Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc son günlər cəbhə xəttində hiss olunan hərbi canlanmanı belə şərh edib: "Ermənistan hökuməti 4 günlük müharibəyə qurban verildi və tamamilə tərkibini dəyişdilər. Yeni müdafiə naziri beynəlxalq münasibətlər və diplomatiya sistemdən gələn bir adamdır. Bu gün erməni ordusunda yeni nazirə qarşı "Qarabağda mən can qoymuşam, nəyə görə nazir mən olmamalı idim" deyən hərbiçilərin narazılığı var. Silahlı qüvvələr içində bu gün xeyli müxalif dəstə yetişir. Vigen Sarkisyan da buna görə də düşünür ki, bütün cəbhə boyu ərazilərdə özünü göstərməlidir. Bu həm nazir kimi özünün və həm də Sarkisyanın nüfuzunun artırılmasına hesablanıb. Ağdam daxil olmaqla bir sıra ərazilərə silah-sursat, gecə görmə cihazları və kəşfiyyat arsenalı gətirilib". Deputat bildirib ki, Ermənistan "İsgəndər-E" raketini nümayiş etdirməklə erməniləri arxayın salmaq istəyir: "Azərbaycan aprel ayından sonra operativ taktiki şəraiti nəzərə alaraq daha müasir və güclü silahlarını yerləşdirib. Buna görə də sonuncu paradda Gümrüdəki "İsgəndər-E" raketi gətirib öz gücləri kimi ermənilərə sırımağa çalışırlar. Cəbhədəki son təxribatlar sübut edir ki, apreldə verilmiş olan vədlərin hələ də yerinə yetirilməməsi ermənilərdə ciddi narazılıq yaradır. Ermənilər bu gün "aprel hadisələrindən sonra Rusiya bizi Azərbaycana satdı, Azərbaycanı silahlandırdı" obrazını yaratmağa çalışırlar. Cəbhədəki son təxribatlar da məhz bununla bağlıdır". Z.Oruc söyləyib ki, cəbhə xəttində yenidə hava hücumları başlasa, münaqişə regiondan çıxacaq: "Artıq Ermənistanın hansısa cəhdlərlə vəziyyəti apreldən qabaqkı formaya gətirməsi mümkünsüzdür. Onlar bunu bilirlər. Son aylar Türkiyə-Azərbaycan birgə hava təlimlərinin genişlənməsi də sübut edir ki, əgər Qarabağdakı hərbi əməliyyatlar hava hücumu səviyyəsinə qalxsa, münaqişə Azərbaycan-Ermənistan məcrasından çıxaraq region və digər super güclərin səviyyəsinə keçəcək. Nəticədə Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər. Amma Azərbaycanda bu gün bunda maraqlı deyil. Əgər regionda belə bir iri miqyaslı hərbi əməliyyatlar başlasa bu artıq bizim yox, böyük güclərin müharibəsi olacaq. Nəticədə isə bu müharibədə nə Azərbaycan və nə də Ermənistan qalib gəlməyəcək. Bu ancaq hər iki tərəf üçün məğlubiyyət olacaq".
 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31