Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib

İki ölkə arasında bir sıra sənədlər imzalanıb Dünən Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forumda hər iki ölkənin hökumət üzvləri, iş adamları və media təmsilçiləri iştirak edib. Forumda Azərbaycan və Rusiya prezidentlərinin iştirakçılara ünvanlanan müraciətləri oxunub. Azərbaycan Prezidentinin forum iştirakçılarına ünvanladığı üüraciəti Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.

İki ölkə arasında bir sıra sənədlər imzalanıb

Dünən Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Forumda hər iki ölkənin hökumət üzvləri, iş adamları və media təmsilçiləri iştirak edib. Forumda Azərbaycan və Rusiya prezidentlərinin iştirakçılara ünvanlanan müraciətləri oxunub. Azərbaycan Prezidentinin forum iştirakçılarına ünvanladığı üüraciəti Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib. Müraciətdə qeyd edilib ki, sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur. Dövlət başçısı qeyd edib ki, iştirakçıların zəngin tərkibi və aktual məsələlərin geniş spektrini əhatə edən forumların proqramları bu forumlara olan marağın bariz sübutudur. Bu da qanunauyğundur. Çünki bu platformalarda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yönəlmiş birbaşa dialoqlar aparılır və yeni iş münasibətləri, konstruktiv təşəbbüslər və innovasiya layihələri ərsəyə gətirilir. Dövlət başçısının müraciətində qeyd olunur ki, hər iki ölkənin güclü iqtisadi potensialını və birgə əməkdaşlığın zəngin təcrübəsini nəzərə alaraq gələcəkdə birgə səyləri daha da gücləndirmək və iki ölkənin bölgələri arasında əməkdaşlığı daha da artırmaq lazımdır.

Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini isə Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub. Rusiya Prezidenti Vladimir Putinin forumiştirakçılarına müraciətində deyilir ki, inteqrasiya proseslərinin və qarşılıqlı faydalı əməkdaşlığın artırılmasına yardım edir. Vladimir Putin qeyd edib ki, Rusiya və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının əsasında xalqları uzun əsrlərdir bir-birinə bağlayan dostluq və mehriban qonşuluq münasibətləri dayanır. O, əmin olduğunu bildirib ki, cari görüş iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin, eləcə də ekspert və ictimai təşkilatlarının nümayəndələrinin konstruktiv dialoqu formatında keçiriləcək. Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırıb. Nazirin sözlərinə görə, Azərbaycan da öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan artıq vəsait yatırıb. Bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə rəhbərləri siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər. Nazir əlavə edib ki, iki ölkə arasında normativ-hüquqi baza var. Azərbaycan və Rusiya 170-dən artıq sənəd imzalayıb ki, bu sənədlərin 50-si iqtisadiyyat sahəsinə aiddir. Nazirin sözlərinə görə, cari ilin 9 ayının nəticələrinə əsasən, mal dövriyyəsinin həcmində müsbət dinakmika müşahidə olunur. Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında 3-cü yeri tutur.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, Azərbaycan və Rusiya arasında regionlararası münasibətlər təbii əsaslar üzərində qurulub. Səfirin sözlərinə görə, regional münasibərtlər hər iki ölkənin qarşılıqlı maraqlarını əks etdirir. O, belə cür forumların iki ölkə arasında hökumətlərarası səviyyədə həlli mümkün olmayan məsələlərin həll olunmasında böyük rol oynadığını da vurğulayıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, regionlararası forumlar artıq gözəl ənənəyə çevrilib. Səfir iki ölkə arasında münasibətlərin gələcəkdə bir çox sahədə inkişaf edəcəyindən əminliyini bildirib. O, qeyd edib ki, 2016-cı ilin əvvəlinədək Azərbaycanla Rusiyanın 19 regionu arasında 36 saziş imzalanıb.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan və Rusiya humanitar və iqtisadi sahələri əhatə edən bir sıra sənədlər imzalayıb. Ümumilikdə, forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31