Qafqaz regionu terror təşkilatlarının yeni hədəfində
Hər bir ölkə kimi Azərbaycan da terrordan sığortalanmayıb və bunun bir neçə dəfə əyani şahidinə çevrilmişik. Zaman-zaman erməni terror təşkilatları Azərbaycan ərazisində qanlı aksiyalar həyata keçirərək yüzlərlə vətəndaşımızı qətlə yetirib, bir o qədər insana müxtəlif dərəcəli xəsarətlər yetirib.
28 Oktyabr 2016 14:35 SiyasətDTX əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində terrorçu qrupun məhv edilməsi belə bir təhlükənin real olduğunu göstərir
Hər bir ölkə kimi Azərbaycan da terrordan sığortalanmayıb və bunun bir neçə dəfə əyani şahidinə çevrilmişik. Zaman-zaman erməni terror təşkilatları Azərbaycan ərazisində qanlı aksiyalar həyata keçirərək yüzlərlə vətəndaşımızı qətlə yetirib, bir o qədər insana müxtəlif dərəcəli xəsarətlər yetirib. Təssüflər olsun ki, bu gün də Azərbaycan bu təhdidlərlə üz-üzədir. İndi erməni terror təşkilatları ilə yanaşı dini ekstremist qüvvələrin buradakı əlaltıları da Azərbaycanda bacardıqca terror aksiyaları həyata keçirməyə çalışırlar. Hər halda oktyabrın 26-da baş vermiş hadisə də bunu sübuta yetirir. Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikası Dövlət Təhlükəsiziliyi Xidmətinə istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl terrorçulara qarşı əməliyyat keçirilib və onlar zərərsizləşdirilib. Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyənləşdirib. Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmaq istəyərək müqavimət göstərməyə çalışıb. "Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə "Ömər"ə atəş açaraq onu zərərsizləşdiriblər. Məlumata əsasən, A.Quliyevlə yanaşı, daha bir terrorçu məhv edilib, daha biri isə tutulub. Araşdırmalardan məlum olub ki, Azərbaycanda terror aksiyası həyata keçirmək barədə təlimatlandırılan həmin şəxslər uzun müddət xarici ölkələrdə dini qruplaşmaların tərkibində təlim keçib. Eyni zamanda onlar "Qafqaz camaatı" qruplaşmasının fəal üzvü olublar. Xaricdəki dini qruplaşmalar dedikdə isə ilk növbədə İŞİD terror təşkilatı ağıla gəlir. Bu da danılmaz bir faktdır ki, zaman-zaman İŞİD terror təşkilatının tərkibində döyüşən azərbaycanlıların olması barədə xəbərlər də yayılıb. Hazırkı situasiyada İŞİD-ə qarşı İraqda irimiqyaslı hərbi əməliyyatların həyata keçirilməsi terror təşkilatını mövqe dəyişikliyinə vadar edə bilər. Bu baxımdan terror təşkilatının daha çox Qafqaza gəlmə ehtimalı səslənir. Bəs görəsən bu realdırmı və belə olan halda regionu hansı təhlükələr gözləyir?
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, İŞİD terror təşkilatına qarşı mübarizədə koalisiya qüvvələrinin Şimali İraqda Mosulu azad etməsindən sonra, növbəti hədəfin terror təşkilatının "paytaxtı" Rakka olacağı gözlənilir. Onun sözlərinə görə, Yaxın Şərqdə İŞİD terror təşkilatının tutduğu ərazilər azad edildikdən sonra, bu təşkilatın müəyyən regionlara səpələnməsi və dağınıq halda fəaliyyət göstərəcəyi gözlənilir: "Suriya və İraqda məğlub edildikcə, Birləşmiş Ştatlar da İŞİD-in Qərbi Avropanı hədəf alacağını qeyd edir. Bu isə terror təşkilatı ilə mübarizənin uzun sürəcəyi və yeni qlobal problemlərə yol açacağı deməkdir. Hazırda, İŞİD Şimali Afrikada, əsasən Liviyada və Əfqanıstanda möhkəmlənməkdədir. Bu, terror təşkilatı Suriya və İraqda əraziləri itirdikdən sonra qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməsə, o zaman İŞİD-in Şimali Qafqaz regionunda fəaliyyətə keçməsi gözlənilir". Politoloq deyib ki, Şimali Qafqazdan xeyli "mücahidlər" Suriya və İraqda İŞİD sıralarında döyüşməkdədirlər və həmin terrorçuların Şimali Qafaza qayıdıb, fəaliyyət göstərməsi istisna edilmir: "Şimali Qafqazda müəyyən terrorçu təşkilatların İŞİD-ə biət etməsini nəzərə alsaq bunun reallaşacağını görmək olar. Şimali Qafqazın İŞİD terror təşkilatının yuvasına çevrilməsi və Rusiyaya qarşı terrorçu fəaliyyəti müəyyən güclərin planının tərkib hissəsidir . Çünki, geosiyasi mübarizədə terror təşkilatları əsas təzyiq rıçaqıdır. Rusiyanın Yaxın Şərqdən çıxarılması, üçün İŞİD-in Qafqaza transfer edilməsi baş verə bilər. Qeyd etmək lazımdır ki, 28 sentyabrda Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB üzv dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Şurasının Bakı iclasında bu məsələlərə toxunaraq,qeyd edib ki, Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədləri əldə etmişik. Göründüyü kimi belə bir təhdid gözlənilir". İnstitut rəhbərinin sözlərinə görə, beynəlxalq terror təşkilatının Azərbaycanın şimal sərhədlərində fəaliyyəti ölkəmizin terrorla mübarizədə daha geniş təhlükəsizlik tədbirləri görməsini labüd edir: "Sirr deyil ki, Azərbaycandan Suriyada gedib, terror təşkilatları sırasında fəaliyyət göstərən və buradan terror təşkilatları ilə əlaqələr quran və müəyyən təxribatlar planlaşdıran müəyyən qruplar var. İki gün bundan əvvəl DTX əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində terror təşkilatları ilə əməkdaşlıq edən, onların planını ölkəmizdə həyata keçirmək istəyən terrorçu qrupun məhv edilməsi, belə bir təhlükənin real olduğunu göstərir. Və İŞİD terror təşkilatının Şimali Qafqaza gəlməsi, Azərbaycanın təhlükəsizliyini həmçinin, regionu ciddi təhdid etməkdə olacaq". Məhəmməd Əsədullazadə bildirib ki, Qafqaz regionu terror təşkilatlarının yeni hədəfindədir və Azərbaycan ciddi şəkildə təhlükəsizlik tədbirlərini gücləndirməlidir: "Düzdür, Azərbaycan xüsusi xidmət orqanlarının çevikliyi nəticəsində terrorçu şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsi mümkün deyil. Buna baxmayaraq, terrorçuların Şimali Qafqazda möhkəmlənməsi, bu istiqamətdə İŞİD-i maliyyələşdirən Səudiyyə Ərəbistanı və Qətərin 90-cı illərdə olduğu kimi Şimali Qafqazda terroru və təfrikçi məzhəbləri dəstəkləməsi yenidən aktuallaşa bilər. Bu ölkələrin maliyyə dəstəyi ilə Şimali Qafqazdan ölkəmizə təfrikçi terror təşkilatları ilə əlaqələrə malik şəxslərin sızması daima olub. Dünya yeni təhlükə ilə qarşı-qarşıyadır.Təssüf ki, belə bir təhlükələr dünyanın güc mərkəzləri tərəfindən idarə olunur".
Süleyman