Prezidentin xorvatiyalı həmkarı ilə görüşündə söylədikləri

“Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanda səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə görüşdə Azərbaycanın ərazi bütövlüyünün hər hansı digər ölkəninkindən az əhəmiyyət daşımadığını elə-belə vurğulamadı”.

Sahib Alıyev: "Minsk qrupuna həmsədrlik edənlərə bir çağırışdır"

"Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanda səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə görüşdə Azərbaycanın ərazi bütövlüyünün hər hansı digər ölkəninkindən az əhəmiyyət daşımadığını elə-belə vurğulamadı". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev qeyd edib ki, Yuqoslaviya dağılandan sonra Xorvatiyanın da öz "Dağlıq Qarabağ"ı vardı: "Serbskaya Kraina, yəni serb vilayəti adlanırdı ora. Və Dağlıq Qarabağdakı separatçı rejimi özünü necə aparırsa, oradakılar da o cür aparırdılar. 1995-ci il avqustun 4-də Xorvatiya blitskriq edərək cəmisi 4 günə Serbskaya Krainanı separatçılardan təmizlədi. Burada bəziləri bilirəm, yenə başlayacaqlar ki, yaxşı bəs biz niyə oturub gözləyirik, nədən Xorvatiya edənləri etmirik. Məsələ burasındadır ki, həmən bliskriq Amerikanın xeyir-duası və onun hərbi təlimatçılarının rəhbərliyi altında gerçəkləşdirilmişdi. Almaniya da əlaltdan böyük dəstək verirdi. Amerikanın o zamankı dövlət katibi Uorren Kristofer serblərinin özlərinin xorvatları buna vadar etdiyini bildirdi. İndiki dövlət katibi Con Kerri kimi "Dağlıq Qarabağ Fələstin-İsrail problemindən də mürəkkəb məsələdir", deyərək dolayısıyla separatçılara havadarlıq etmirdi. Serbiyanın prezidenti Miloşeviç sanksiya altında olduğunu və daha sərtiylə üzləşə biləcəyini, başına Amerikanın yenə bomba yağdıracağını nəzərə alaraq separatçılara heç bir hərbi dəstək verə bilmədi. Sadəcə Rusiya Duması baş verənləri pisləyən qətnamə qəbul etdi. Ancaq Amerika səfirliyindən edilən bir zənglə Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin qətnaməyə veto qoydu. Xorvatiyanın keçirdiyi bliskriqin arxasında dayanan həqiqət bax budur". Millət vəkilinin sözlərinə görə, Cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyünün hər hansı digər ölkəninkindən az əhəmiyyət daşımadığını vurğulaması Minsk qrupuna həmsədrlik edənlərə, özəlliklə də Xorvatiyada separatçılıq ocağının söndürülməsində mühüm rol oynayan Amerika Birləşmiş Ştatlarına bir çağırışdır ki, ikili standartlardan əl çəksinlər: "Xorvatiyada bir cür, Azərbaycana gələndə başqa çür davranmasınlar. Və bu həm də o deməkdir ki, məsələ sülh yoluyla həllini tapmasa, Xorvatiyanın Serbskaya Krainada keçirdiyi bliskriqi Azərbaycan ilk fürsətdəcə Dağlıq Qarabağda edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31