Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunmasında ən perspektivli tərəfdaşdır
Qlobal miqyasda baş verən iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələrək öz inkişaf yolunu davam etdirir. Bunu şərtləndirən başlıca amil isə ölkəmizin XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra öz yolunu seçməsi, bu yola sadiq qalaraq qətiyyətlə addımlamasıdır. Məhz həyata keçirilən müstəqil və uğurlu siyasət bu gün Azərbaycana imkan verir ki, qarşısına çıxan maneələri asanlıqla dəf etsin.
19 Oktyabr 2016 13:58 SiyasətSədaqət Vəliyeva: "Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər"
Qlobal miqyasda baş verən iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələrək öz inkişaf yolunu davam etdirir. Bunu şərtləndirən başlıca amil isə ölkəmizin XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra öz yolunu seçməsi, bu yola sadiq qalaraq qətiyyətlə addımlamasıdır. Məhz həyata keçirilən müstəqil və uğurlu siyasət bu gün Azərbaycana imkan verir ki, qarşısına çıxan maneələri asanlıqla dəf etsin.
Millət vəkili Sədaqət Vəliyeva da deyir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Onun sözlərinə görə, hazırda Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ən perspektivli tərəfdaş hesab edilir: "Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasət həyata keçirir. Elə təsadüfi də deyildir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yəni, Azərbaycanın böhranlı dünyanın problemlərinin həll olunmasına, multikulturalizm, mədəniyyətlərarası dialoq kimi ümumbəşəri idealların inkişafına böyük töhfələr verməsinə baxmayaraq, bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlli ölkələrin ikili standartlı siyasətilə qarşılaşırıq". Sədaqət Vəliyeva bildirib ki, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir: "Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə ilə yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir. Amma biz yenə də birbaşa olaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin laqeyd münasibətini görürük. Nə üçün 20 ildən artıqdır ki, davam edən münaqişənin tərəflərinə eyni gözlə baxılır? Niyə işğalçı öz adı ilə çağırılmır? Elə bu günlərdə yenə eşidirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri torpaqlarımızı işğal altında saxlayanlara müasir kəşfiyyat sistemləri verib. Axı,
hansı səbəbdən işğalçılara, ekstremistlərə maddi və texniki dəstək verilir? Axı, "hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir" kimi bəyanatlar səsləndirmək də Ermənistanın işğalçı siyasətinə dəstək vermək deməkdir. Artıq belə fikir formalaşıb ki, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək istəmirlər. Bunu görən Ermənistan da daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır". Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli mövqe imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın: "Amma bütün hallarda böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Artıq Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Bu səbəbdən də, bu gün hər zamankından daha çox birliyə ehtiyacımız var. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, həm insanlar, həm vətəndaş cəmiyyəti nümayəndələri, həm media qurumları bu aralar daha çox təşəbbüslər göstərməli, həqiqəti dünya ictimaiyyətinə çatdırmalıdır".
Füzuli