Dağlıq Qarabağa hansı statusda muxtar respublika ola bilər?
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür.
19 Oktyabr 2016 13:17 SiyasətAzərbaycan təcrübəsində Naxçıvan Muxtar Respublikası var
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür. "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər". Bəs, muxtar respublika hansı statusa malik ola bilər? Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində aparılan danışıqlar dalana dirənib. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllinə yenilik gətirmədi. Rusiya prezidenti Dmitri Medvedevin xüsusi fəallığı da nəticə vermədi. 2010-cu ildə Soçi, Sankt-Peterburq və Həştərxanda keçirilən görüşlərdə irəliləyiş əldə olunmadı. 2011-ci ildə üçtərəfli görüşlər seriyası yenə Soçidən başladı. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə bir araya gələrək fikir mübadiləsi apardılar. Lakin Ermənistan əvvəlki kimi yenə də "Yeniləndirilmiş Madrid" planını qəbul etmir, fəal vasitəçilik funksiyasını həyata keçirən Kreml isə bu məsələdə İrəvana təzyiq etməyi düşünmür. Əksinə, sabiq Rusiya prezidenti Dmitri Medvedev Ermənistana səfər edərək Serj Sərkisyanla Gümrüdəki hərbi bazanın vaxtının uzadılmasına dair anlaşma imzalayıb. Anlaşmanın yeni maddəsinə görə, Rusiyanın hərbi bazası bundan sonra Ermənistanın təhlükəsizliyinə də cavabdeh olacaq. Xatırladaq ki, "Yeniləndirilmiş Madrid" planının ümumi mahiyyəti bəllidir: işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl) və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi hələ bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir. Azərbaycan hakimiyyəti bəzi istisnalarla bu prinsipləri ümumən qəbul etdiyini açıqlayıb. Rəsmi Yerevan isə hələ də düşünür: planda göstərilən ardıcıllıq onu qane etmir, bütün maddələrin Dağlıq Qarabağın yekun statusuna bağlanmasını istəyir. Yerevan Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək referendum məsələsinə konkretlik gətirməyi tələb edir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu qeyd edir ki, Azərbaycan hakimiyyəti status məsələsini ümumilikdə rədd etməsə də, planın ilkin maddələri yerinə yetirildikdən sonra bu mövzunun müzakirəsinin mümkün olduğunu vurğulayır. Əslində söhbət yenə əvvəlki illərdə olduğu kimi, "mərhələli" və "paket" həll variantlarından gedir. Azərbaycanın "əvvəlcə torpaqlar işğaldan azad edilsin, qaçqınlar geri qayıtsın, sonra o biri məsələlərin müzakirəsi mümkündür" tələbi "mərhələli həll" planına uyğundursa, Ermənistanın bu deyilənlərin statusla birgə həll olunması tələbi isə "paket həll" variantı deməkdir: "Azərbaycan prezidenti İlham Əliyev hələ 2009-cu ilin iyul ayında Rusiyanın "RTR" televiziya kanalına verdiyi müsahibədə həll planındakı referendum maddəsinin izahını belə verib: "Referendum 10 il, 20 il, 100 il sonra keçirilə və ya heç keçirilməyə də bilər". Aydındır ki, Azərbaycan referendum tarixini qeydə alacaq həll planına yaşıl işıq yandıra bilməz. Çünki bu, faktiki Dağlıq Qarabağa müstəqillik yolunun açılması demək olardı. Dağlıq Qarabağa nə qədər azərbaycanlı qaçqın qayıtsa da, bütün hallarda bölgədə nisbət ermənilərin xeyrinə olacaq. Bu nisbətdə keçirilən istənilən referendumun nəticəsi isə əvvəlcədən bəllidir". Onun sözlərinə görə, prezident İlham Əliyev 2009-cu ilin noyabrında məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışında Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinin mürəkkəbləşdiyini açıq etiraf etdi. Prezidentin həmin çıxışından 4 nəticə çıxarmaq mümkün idi: Ermənistanın mövqeyi sərtləşib və danışıqlarda geriləmə müşahidə olunur, Yerevan vaxtı uzatmaqda maraqlıdır; Erməni lobbisinin təsiri altında olan beynəlxalq birlik Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmır; Minsk Qrupunun fəaliyyəti nəticə vermir; Bu vəziyyətdə Azərbaycan Ermənistana siyasi, iqtisadi və hərbi təzyiqini artırmaqda davam edəcək: "Buna baxmayaraq, Ermənistan dirənməkdə davam edir. Həll planının 95 faizinin tərəflərlə razılaşdırıldığını deyən həmsədrlər status məsələsində ilişib qalıblar. Elə bütün anlaşılmazlıqlar, danışıqların yerində sayması məhz həmin 5 "faizlə" - Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumun tarixi ilə bağlıdır. Təkcə bu maddə bütün digər maddələrin tamamından ağır gəlir və təsadüfi deyil ki, "əgər anlaşmada bir müddəa razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb" kəlməsi diplomatların dilindən düşmür". Xatırladaq ki, Azərbaycan rəsmiləri Dağlıq Qarabağın statusu ilə bağlı çoxsaylı açıqlama və müsahibələrində bir fikrin üzərində xüsusi dayanırlar: "Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət verilə bilər". Bunun nə demək olduğunu anlamaq üçün dünyada mövcud olan ən tanınmış muxtariyyət modellərinə diqqət yetirmək lazımdır. Aparılan araşdırmalar göstərir ki, Avropa, Amerika və Asiya qitələrini əhatə edən fərqli modellərin ana xətti eynidir: ilkin illərdəki separatçılıq, müstəqillik tələbləri, ardınca az və ya çox sayda terror aktları və ən sonda birgə yaşamanın verdiyi üstünlüklərə qayıdış. Bu ana xətt erməni separatçılarının "bir münaqişə o birinə bənzəmir" deyiminin işə yaramadığını ortaya qoyur. Dağlıq Qarabağın dünyadakı muxtariyyət modellərindən fərqi nədir? Əlbəttə, bir münaqişədə az, o birisində daha çox qan tökülə bilər, ancaq bütün muxtariyyət modellərində nəticə oxşardır, xalqların, icmaların birgə yaşamasının üstünlükləri daha çoxdur. Ermənistan hakimiyyəti muxtariyyətlərin hər hansı birində müstəqilliklə bağlı referendum keçirildiyi zaman adı çəkilən nümunələrə müraciət edir. Ancaq, göründüyü kimi, referendumlar heç də hər zaman separatçıların istədiyi kimi nəticələnmir. Çünki xalqların birgə yaşaması, bölgədə inam atmosferinin formalaşması və davamlı sabitlik müstəqilliyi arxa plana keçirir. Azərbaycanın da istəyi budur ki, əvvəlcə işğal altındakı torpaqlar boşaldılsın, keçmişdəki əlaqələr bərpa olunsun, iki xalq arasında inam atmosferi formalaşsın, Dağlıq Qarabağ erməniləri muxtariyyətin geniş səlahiyyətlərindən yararlansınlar ki, gələcəkdə referenduma ehtiyac qalmasın, ermənilər də belə bir şəraitdə müstəqilliyin uçuruma, yeni müharibə və qırğınlara yol açdığını anlasınlar. Erməni separatçılarının hazırda istinad etdiyi yeganə beynəlxalq təcrübə Kosovodur. Bu bölgənin müstəqilliyi bir çox Qərb dövləti tərəfindən tanındığından və BMT-nin Haaqa Məhkəməsi də Kosovonun müstəqilliyinin elanının beynəlxalq qanunların pozulmaması kimi qiymətləndirdikdən sonra Yerevan hərəkətlənib. Ermənistan hakimiyyəti Kosovonun Dağlıq Qarabağ üçün örnək ola biləcəyini iddia edir. Ancaq Rusiya qıcıqlanmasın deyə, Yerevan Kosovonun müstəqilliyini indiyə qədər tanımayıb. Bu, Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda mübarizə aparan Ermənistanın bu "müstəqilliyi" indiyə qədər tanımamasına bənzəyir. Ermənistanın siyasi dairələrində onu da yaxşı anlayırlar ki, Kosovonun müstəqilliyinin daima örnək kimi göstərilməsi qonşu Gürcüstanın parçalanmasının da dəstəklənməsi anlamına gəlir. Çünki Abxaziya və Cənubi Osetiya da "müstəqilliklərini" elan ediblər. Türkiyə və Azərbaycanın ardından Gürcüstanla da münasibətlərin pozulması Ermənistanın indiki çətin vəziyyətini bir az daha ağırlaşdırar: "Qərb Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da əlinə düşən fürsətdən istifadə edərək Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıyıb. Bununla Qərbin Kosovo üçün "unikal" həll yolu adlandırdığı müstəqilliyi Kreml "universal", yəni hamı üçün örnək ola biləcək həll yoluna çevirməyə çalışıb. Ancaq Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilməz. Qərb dövlətlərinin liderləri və diplomatları bunu dönə-dönə vurğulayırlar. Kosovonun alban əhalisi vaxtilə Serbiyanın etnik təmizləməsinə məruz qalıb və bu amil Kosovonun müstəqilliyinin tanınmasında vacib amilə çevrilib. Bu kimi qərarlara keçmiş Yuqoslaviya hakimiyyətinin Balkanlarda törətdikləri qətliamlar da təsir edib. Kosovodan fərqli olaraq, Dağlıq Qarabağda azərbaycanlılar etnik təmizlənməyə məruz qalıblar, ona görə də iki fərqli bölgə arasında paralellər aparmaq yersizdir". Onun sözlərinə görə, əslində Azərbaycanın tərkibindəki muxtariyyət təcrübəsinə də müraciət etmək olar. Söhbət Naxçıvan Muxtar Respublikasından gedir. Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Azərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi - parlamenti həyata keçirir. Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. Məclisin tərkibi 45 nəfər deputatdan ibarətdir.Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir . İldə iki sessiya keçirir; Azərbaycan respublikasının Prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə, Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.
Alim