Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər

"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev"Sputnik" agentliyinə müsahibəsində deyib.

 Ekspert: "Muxtar respublika" ilə bağlı təkliflər paketi hazırlanmalıdır"

"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: "Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır". Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu hesab edir ki, ilk növbədə "muxtar respublika" ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik: "Bu, rəsmi Bakının böyük güzəştidir. Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət" ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: "Muxtar Respublika". Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Mənə elə gəlir ki, hakimiyyətin "Muxtar Respublika"nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsi lazımdır. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, "bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur". Ona görə də "muxtar respublika" ilə bağlı təkliflər paketi hazırlanmalıdır". Ekspert onu da əlavə etdi ki, prezidentin Qarabağla bağlı fikirlərinə ciddi reaksiya veriləcək: "İlham Əliyevdən müsahibəni "Sputnik" agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu, bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq fikrimcə, İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər" mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir". Millət vəkili Zahid Oruc hesab edir ki, əgər Azərbaycan xalqı özünün dəyələndirməsini edirsə, əsas hüquqi aktında islahatlar aparırsa, dəyişikliklərə gedirsə, Qarabağın statusu məsələsi də referendumla müzakirə oluna bilər: "Hesab edirəm ki, Qarabağın statusu məsələsi referendumla müzakirə olunmalı idi. Bununla biz növbəti dəfə Azərbaycan ərazilərinin taleyinin bizim iradəmizdən kənarda referendum və yaxud silah vasitəsilə həll olunmasına qarşı mövqeyimizi göstərərdik. Bilirsiz ki, Ermənistanın Konstitusiyasında Qarabağla bağlı müddəa var və siyasi hakimiyyətlərin qarşısında belə qadağalar qoyulub ki, onlar öz mənafelərinin ziyanına Qarabağla bağlı addım ata bilməzlər. Belə olan təqdirdə Azərbaycan növbəti dəfə öz Konstitusiyasında Qarabağla bağlı məsələni qaldırmaqla status baxımından azərbaycanlıları bir araya gətirə, hüquqi məsələlərə öz baxışını ifadə edə və nəhayət, beynəlxalq birliyə Qarabağın real statusunu göstərə bilər. Azərbaycan xalqına heç kəs mane olmur ki, Qarabağla bağlı məsələni məlum o hüquqi qeyri-müəyyənlikdən çıxarsın, 1992-ci ildəki fərqləri aradan qaldırsın, Qarabağın muxtar respublika kimi, Naxçıvanın ümumi statusuna bərabər və yaxud da ona yaxın səviyyədə səlahiyyətini bərqərar etsin. İşğala baxmayaraq, bütün ərazilərin yenə də BMT-nin məlum tanınası qərarlarına rəğmən, özünün ayrılmaz hissəsi olduğunu müəyyən etsin". Xatırladaq ki, 1992-ci ildə Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv olunması və işğal gerçəkliyinə görə belə bir hüquqi yayğınlıq mövcuddur. Yəni, ermənilər Dağlıq Qarabağda saxta respublika təsis ediblər və bu illər ərzində ona dövlətçilik atributları qazandırmaq üçün müxtəlif cəhdləri də olub - parlament və digər dövlət təsisatlarının strukturunun yaradılması qayğısına qalıblar. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin gücü və apardığı diplomatik addımlar hesabına ermənilərə Qarabağın müstəqilliyini qəbul etdirmək mümkün olmayıb. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31