Qənirə Paşayeva: “Bu dönəmdə AŞPA-nın Türkiyənin yanında olmasına ehtiyac var”
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında “Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində” mövzusunda debatlar keçirilib.
14 Oktyabr 2016 14:12 SiyasətAvropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında "Türkiyədə vəziyyət dövlət çevrilişinə cəhd kontekstində" mövzusunda debatlar keçirilib. Debatlarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri də iştirak ediblər. Qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova çıxışında Türkiyə xalqının əzminin, qətiyyətinin nəticəsində iyulun 15-də dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olduğunu bildirib və bunu xalqın qələbəsi adlandırıb. İyul hadisələrinin Türkiyədə qanunun aliliyinin, demokratiyanın nə qədər möhkəm olduğunu göstərdiyini qeyd edən deputat FETÖ terrorçu təşkilatının törətdiyi bu hadisələrlə üzləşən Türkiyə hökumətinin qanun çərçivəsində lazımi tədbirlər görəcəyinə inandığını bildirib. S.Qafarova qeyd edib ki, Avropa üçün bu gün böyük problem yaradan miqrant böhranının əsas ağırlığı məhz Türkiyənin üzərinə düşüb: "Türkiyə heç bir ayrı-seçkilik etmədən 3 milyona qədər suriyalı qaçqınla bağlı "açıq qapı" siyasəti yürüdür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir". Deputat Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin qaçqınlara, xüsusilə də müşayiət olunmayan azyaşlı uşaqlara lazımı qayğı və yardım göstərdiyini diqqətə çatdırıb. O, Türkiyənin qaçqınlara 12 milyard dollar, Avropa ictimaiyyətinin isə yalnız 500 milyon avro yardım etdiyini xatırladıb. Miqrant böhranına toxunan S.Qafarova Assambleya üzvlərinə çağırış edərək deyib: "Bu gün miqrasiya böhranı bizdən qlobal həllər tələb edir. Biz bunun üçün bütün səylərimizi birləşdirməliyik". Millət vəkili Qənirə Paşayeva da AŞPA-da 15 iyul çevriliş cəhdindən danışıb və təşkilatı Türkiyəyə daha çox dəstək verməyə çağırıb . Q. Paşayeva Liberal Qrupda Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı müzakirələr zamanı çıxış edərək AŞPA-nı, Avropa ölkələrini Türkiyəyə daha çox dəstək verməyə çağırıb: "15 iyul gecəsi Türkiyə bir dövlət çevrilişi cəhdi ilə üz-üzə qalmışdı. Burada, Parlament Assambleyasının üzvü olan millət vəkili həmkarlarımızı da o gecə Türkiyə Böyük Millət Məclisi bombalanarkən öldürmək istəmişlər. Dövlət çevrilişinə cəhd edənlər demokratik sistemi hədəf almış, demokratiyanı ortadan qaldırmağı məqsəd saymışlar, Parlamenti, Prezident iqamətgahını, polis idarələrini hərbi təyyarələrlə bombalamış və xalqın dirənişini əngəlləmək üçün helikopterlərlə mülki vətəndaşları qətlə yetirmişlər. Digər tərəfdən, Türk xalqı tarixdə bənzərinə az rastlanan bu xəyanət cəhdinə qarşı yenə bənzəri olmayan bir demokratiya mücadiləsi verib. Türk xalqı, siyası partiyalar fərqli siyasi görüşlərinə rəğmən qətiyyətlə bu cəhdə qarşı durmuşlar. Hərbi təyyarələrə və tanklara qarşı Türk milləti silahsız bir şəkildə canı bahasına da olsa, çox böyük bir vətəndaş müqavimətinə imza atmışdır. Mən də qardaş Azərbaycan xalqı adından onları həm təbrik edir, həm də təşəkkürümü çatdırıram. Çünki Türk milləti o gecə sadəcə öz ölkəsini deyil, Avrupa Şurasının ən təməl dəyəri olan demokratiyanı xilas etmiş oldu. Bu məqamda onu da bilməyimiz lazımdı ki, Türkiyə dünyada bənzərinə çox da rast gəlinməyən terror təşkilatları ilə də üz-üzədir. Türkiyə bu gün terror təşkilatlarının hədəfindədir və AŞPA-nın bu dönəmdə daha çox Türkiyənin yanında olmasına ehtiyac var. Mən Türkiyənin cənub-şərqində yaşanan olaylar haqda da danışmaq istəyirəm". Onun qeyd etdiyinə görə, PKK teror təşkilatı son dövrlərdə daha da aktivləşərək Türkiyədə bir çox terror aktları törədir və insanlıq əleyhinə bu əməllərini davam etdirir: "Türkiyənin PKK ilə mücadiləsinə də AŞPA, Avropa ölkələri ciddi dəstək göstərməlidir. Digər tərəfdən, Türkiyə bu gün İŞİD-lə ciddi mücadilə verir. Bu terror təşkilatı ilə mücadilədə də Türkiyəyə dəstəyin artması lazımdır. Türkiyənin bütün terror təşkilatlarına qarşı yürütdüyü haqlı mücadiləsində AŞPA olaraq Türkiyənin yanında olmalı, həmkarlarımıza dəstəyimizi hiss etdirməliyik. Bunu açıq şəkildə bildirmək istəyirəm ki, Avropa terrorla mübarizə məsələsində Türkiyəyə yətərli dəstəyi vermir. Terror hər şeydən öncə insanlıq əleyhinə bir cinayətdir. Mən, Türkiyənin bir çox bölgələrində şəhid ailələri ilə görüşmüşəm. Bu görüşlərdə terrordan zərər görmüş insanların AŞPA da daxil, bir çox Avropa qurumlarına qarşı inamılarının itdiyini müşahidə etmişəm. O insanlar, Avropanın Türkiyəyə ikili standartlarla yanaşdığını düşünürlər. Bu baxımdan, AŞPA və Liberal Qrupun terrora qarşı mübarizədə hər zaman Türkiyənin yanında olduğunu bəyan etməsi zəruridir".
Alim