Dövlət başçısının tapşırıqlarının icrasına start verildi

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.

"Made in Azerbaijan" brendi ilə bağlı meyarlar hazırlanır
 

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının icrası və sosial infrastruktur layihələrinə xüsusi diqqət göstərilməsi, qeyri-neft sektorunun inkişafı və ixracının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın qorunması, idxaldan asılılığın azaldılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və emal müəssisələrinin yaradılması, sənaye zonalarının, aqroparkların yaradılması, süni qiymət artımının qarşısının alınması və s. tapşırıqlar verib. Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası təmin olunmaqdadır. Artıq İqtisadiyyat Nazirliyində sözügedən məsələ ilə bağlı geniş kollegiya iclası keçirilib. İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması tədbirləri davam etdirilməli, mütəmadi təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır. İclasda sənaye sahəsində görülən işlər müzakirə olunub və Azərbaycan prezidentinin bu yaxınlarda Sumqayıt şəhərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı sənayenin gələcək inkişafına dair verdiyi tapşırıqların icrası istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, Cənubi Qafqazda ən iri sənaye mərkəzi olacaq Sumqayıt Kimya Sənaye Parkında hazırda daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri aparılır. Sənaye Parkının 9 rezidenti tərəfindən sənaye müəssisələrinin yaradılması prosesi, eləcə də yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Balaxanı Sənaye Parkında bu ilin sonunadək infrastruktur işlərinin tamamlanması və rezident müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır. Yüngül sənaye üzrə ixtisaslaşacaq Mingəçevir Sənaye Parkının təşkili istiqamətində işlər davam etdirilir. Hazırda yeni yaradılmış Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur. 6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür. Ümumilikdə, 3 rezidentin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur. Dövlət başçısının müvafiq sərəncamına əsasən Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri davam etdirilir.Kollegiya iclasında idxal olunan mallar, eləcə də özünütəminat səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə tapşırıqlar verilib, daxili bazarın qorunması məqsədilə gələcəkdə bu sənaye məhsullarına spesifik rüsumların tətbiqi barədə müzakirələr aparılıb. İclasda idxal mallarının yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstehsalda idxal komponentlərindən istifadənin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında görüşün təşkili barədə nazirliyin müvafiq strukturlarına göstəriş verilib. İclasda qeyd edilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə gələn ilin birinci yarısında regionlarda 10 xalça istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Artıq layihəsinin hazırlanması başa çatdırılmış "Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı" bu sahənin inkişafına əlavə stimul verəcək. Kollegiyanın sədri Ş. Mustafayev vurğulayıb ki, bu yaxınlarda Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, pambıqçılıqla yanaşı, dövlət başçısı tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bundan başqa, dövlət başçısının tapşırığına uyğun olaraq, şəkər çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min hektar sahənin növbəti əkin mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına yaxılaşdırılacaq. Bildirilib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək. Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır. İclasda idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. Kollegiya iclasında Azərbaycan prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31