Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur
Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokolu təsdiq edib. Belə ki, MSK tərəfindən təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub.
12 Oktyabr 2016 15:01 SiyasətReferendumun nəticələri vətəndaşların hüquq və azadlıqlarından maksimum istifadəsi üçün imkanlar yaradır
Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokolu təsdiq edib. Belə ki, MSK tərəfindən təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub. Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib. Bəs, Konstitusion islahatları Azərbaycanın siyasi, soaial, iqtisadi həyatına hansı yeniliklər vəd edir?
Əvvala qeyd edək ki, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir." Millət vəkkiili Elman Nəsirov bildirib ki, heç şübhəsiz, bu dəyişikliyin konstitusion norma səviyyəsinə qaldırılması qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdırmış olur. Regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və onların artma tendensiyasının müşayiət olunması sözügedən məsələlərin konstitusion norma olaraq əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir: "Bu bir həqiqətdir ki, demokratik inkişaf yolunu seçmiş dövlətlərdə plüralizm və tolerant münasibətlərin daha da inkişafı cəmiyyətin hər bir üzvünün öz hüquq və azadlıqlarından maksimum istifadə üçün unikal imkanlar yaradır. Vətəndaş cəmiyyətinin mahiyyətindən doğan və onun təcəssümü olan bu reallıq nə qədər paradoksal səslənsə də, konkret şəraitdə bu hüquqlardan sui-istifadə olunması gerçəkliyini də istisna etmir. Başqa sözlə, qanunvericilikdə boşluqların olduğu təqdirdə demokratik cəmiyyətin yaratdığı münbit şəraitdən antidemokratik davranışın realizə olunması üçün faydalanmaq təhlükəsi real məzmun kəsb edə bilir. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" məzmunlu, habelə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsinin təklif olunması olduqca vacib addım sayılmalıdır". Hüquqşünas Azad Rzayev bildirib ki, ölkədə vitse-prezidentlik institunun yaradılmasında məqsədi heç də birbaşa Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı deyil: " Vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil. Ola bilər ki, Nazirlər Kabineti də qalsın, vitse-prezidentlik institutu da olsun. Bu da ola bilər ki, biri olsun, digəri yox. Bunu gələcək göstərəcək. Amma baş nazir varsa, onun kabineti də qalmalıdır. Görüləcək işləri daha da sürətləndirmək, optimallaşdırmaq, icra strukturları ilə prezident arasında əlaqələrin daha da yaxşı uzlaşdırılması üçün vitse-prezidentlik institutunun yaradılması zəruridir. Heç də düşünmürəm ki, biri o birini inkar edəcək. Biz hansı islahatların aparılacağını referendumdan sonra görəcəyik. İndidən versiyaların səsləndirilməsini hər kəsin öz subyektiv fikri kimi qiymətləndirirəm". Onun sözlərinə görə, Konstitusiyaya bir sıra dəyişiklik təklif olunub: " Bu dəyişikliklər Azərbaycanın öz inkişafının yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Qeyri-neft sektorunun ölkədə aparıcı bir sahəyə keçməsi bir sıra islahatları qaçılmaz edir. Buna görə də idarəetmənin optimallaşdırılması, idarəetmədə ardıcıllığın həyata keçirilməsi, verilən qərar, sərəncamların vaxtında, düzgün icrası və s. məsələlər yeni institutların olmasına zərurət yaradır". Xatırladaq ki, referendumun nəticələri yerli özünüidarə orqanı olan bələdiyyələrin işində də dəyişiklik olacağını deməyə əsas verir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur: "Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir. Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb. Çox yaxşı haldır ki, yeni Konstitusiya dəyişikliklərində 146-cı maddəyə əlavə maddənin ayrılması təmin edilib. Bu bələdiyyələrin məsuliyyətinin artırılması ilə əlaqədardır. Sözsüz ki, bələdiyyələr yarandıqları son 16 ildə müəyyən inkişaf yolu keçiblər. Fəaliyyətlərində də müəyyən nöqsanlar var. Lakin bu gün ölkədə istər xalqın, istərsə də dövlətin tələbi, təklifi budur ki, yerli özünüidarəetmə orqanları inkişaf eləsinlər. Bunun inkişaf etdirilməsi üçün kadrların, bələdiyyə üzvlərinin məsuliyyəti artırılmalıdır. Bunlar seçkili orqan olaraq xalqı təmsil edirlər. Əhəmiyyətli sosial məsələlərin həllinə çalışırlar. Ona görə də iqtisadiyyatın, sosial həyatın inkişafı ilə əlaqədar bələdiyyələr də öz sözlərini deməlidirlər. Bir çox bələdiyyələr müəyyən qaydada bunu həyata keçirə biliblər". Deputat bəzi bələdiyyələrin işində irəliləyişin hiss olunmadığını nəzərə çatdıraraq deyib ki, qanuna edilən dəyişiklik irəliyə doğru addımdır: "Keçən dövr var ki, bələdiyylərin işində müsbət irəliləyişlər hiss olunmamaqdadır. Bu da ondan irəli gəlir ki, müəyyən bələdiyyələr öz fəaliyyətlərinə lazımi qiymət vermirlər. Müəyyən bələdiyyə qulluqçuları, üzvləri əhali ilə sıx təmasda olmurlar. Onların təklifləri, arzuları, istəkləri ilə vaxtaşırı maraqlanmır. Ancaq müəyyən qaydada maliyyə məsələlərini yaxşılaşdırmaq üçün addımlar atırlar. Ona görə referendum aktında nəzərdə tutulur ki, bələdiyyələrin məsuliyyəti artırılmalıdır. Bəzi adamlar deyir ki, dövlətin bələdiyyələrə diqqəti yoxdur. Əgər Konstitusiyaya dəyişikliklərdə bələdiyyələrin inkişafı ilə əlaqədar yeni bir maddə salınıbsa, dəyişiklik olursa, deməli, dövlətin də, xalqın da buna diqqəti var. Bu, həm də xalqın tələbidir. Bu, irəliyə doğru atılmış bir addımdır".
Alim