Beynəlxalq təşkilatlar Qarabağ məsələsinə biganə yanaşırlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən dövr ərzində problemin dinc yolla həlli məqsədilə aparılan danışıqlarda Ermənistan işğalçılıq mövqeyindən əl çəkməyib, məsələyə qeyri-konstruktiv yanaşıb. Hazırda da dünya birliyinin ikili standartlardan çıxış etməsi, BMT, ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına mane olur.

İlham Əliyev: "Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir"
 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən dövr ərzində problemin dinc yolla həlli məqsədilə aparılan danışıqlarda Ermənistan işğalçılıq mövqeyindən əl çəkməyib, məsələyə qeyri-konstruktiv yanaşıb. Hazırda da dünya birliyinin ikili standartlardan çıxış etməsi, BMT, ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına mane olur. Lakin Azərbaycan dövlətinin təkidli tələbi ilə bəzi beynəlxalq təşkilatlar münaqişənin dayaq nöqtəsindən tərpənməsi istiqamətində müəyyən addımlar atmağa cəhd edilər. Dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, bu il ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndiyini söyləyən Prezident İlham Əliyevin sözlərinə görə, bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. "Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur. Bu meyillər digər təşkilatlarda da görünür. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi". "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri Elçin Əhmədov qeyd edib ki, 2006-cı ildə BMT-nin 60-ci sessiyasında, 2008-ci ildə isə 62-ci sessiyada Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul olunub: "Bu zaman məhz həmsədr dövlətlərin BMT yanında daimi nümayəndələri Ermənistanla bərabər bu qətnamələrin əleyhinə səs veriblər". Mərkəz sədrinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri ilə bağlı bəyanatları olur: "Vasitəçilər hər dəfə tərəfləri zorakılıqdan çəkinməyə, sülhə çağırırlar. Onlar bu cür mücərrəd ifadələr işlətmək əvəzinə konkret ad çəkməlidirlər. Deyilməlidir ki, Ermənistan işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmalıdır. Əks halda, münaqişənin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Məsuliyyəti tərəflərin üzərinə atmaqla danışıqlarda heç bir nəticə əldə etmək mümkün deyil. Həmsədr dövlətlər mandatlarına uyğun olaraq işğalçıya təzyiq göstərməli, ədalətli sülhə məcbur etməlidirlər. Əgər münaqişəni tərəflər özləri həll edə bilərsə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac var? Axı biz onlara inanıb xüsusi mandat vermişik". Prezident İlham Əliyev qeyd edib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq". Mərkəz rəhbəri Elçin Əhmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: "Bu dövlətlərə istər BMT Təhlükəsizlik Şurası, istərsə də ATƏT-də xüsusi mandat verilib. Minsk Qrupu çərçivəsində onların səlahiyyəti var ki, münaqişənin nizama salınmasına maneə törədən tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur etsin. Lakin hazırkı vəziyyətdə həmsədrlərin ortaya qoyduğu mövqe bizdə təəssüf doğurur". E.Əhmədov xatırladıb ki, cari ilin yanvar ayında Avropa Şurasında Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyət bağlı qətnamə qəbul edərkən Minsk Qrupunun həmsədrləri bəyanat veriblər ki, bu sənəd onlarla razılaşdırılmalıdır: "Belə çıxır ki, vasitəçilər işğal olunmuş torpaqlarda vəziyyətlə bağlı qətnaməni qəbul etmirlər". E.Əhmədov hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar: "Tərəflər nəyə razı olsalar, biz də ona razıyıq" deməklə danışıqlarda heç bir nəticə əldə etmək olmaz. Biz işğal olunan torpaqlar azad edildikdən sonra istənilən sülhə hazırıq. Lakin torpaqlarımız geri qaytarılmadıqca, Ermənistan danışıqlardan münaqişənin ömrünü uzatmaq üçün istifadə etməyə davam etdikcə, vaxt uzatma taktikası həyata keçirdikcə, tərəflər arasında sülhdən söhbət gedə bilməz. Biz bu cür sülhü qəbul etmirik. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, necə ola bilər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər bəzi hallarda bir neçə saata icra olunur, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul olunan sənədlər isə 25 ildir yerinə yetirilmir? Beynəlxalq birliyin oxşar məsələlərə ikili yanaşması Azərbaycan ictimaiyyətini üzür". Siyasi elmlər doktoru qeyd edib ki, "status-kvo dəyişilməlidir" ifadəsi Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasını özündə ehtiva edir: " Lakin həmsədrlər mücərrəd sözlər işlətməklə "status-kvo dəyişilməlidir" ifadəsini təhrif edirlər. Belə olan təqdirdə Ermənistan da bu ifadəni başqa formada qəbul edir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Prezident Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda bildirib ki, bizim ərazi bütövlüyümüz başqa ölkələrin ərazi bütövlüyündən az önəm daşımır. Ona görə də beynəlxalq hüquq təmin edilməlidir".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31