Prezidentdən dünyaya mühüm Qarabağ mesajı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən həftə sonu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.  İclasda çıxış edən dövlət başçısı ötən müddət ərzində görülən işləri geniş təhlil edib və gələn il üçün qarşıda duran vəzifələr barəsində fikirlərini bildirib.

Vasitəçilər Azərbaycan dövlət başçısının mesajından nəticə çıxarmalıdırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən həftə sonu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.  İclasda çıxış edən dövlət başçısı ötən müddət ərzində görülən işləri geniş təhlil edib və gələn il üçün qarşıda duran vəzifələr barəsində fikirlərini bildirib. Prezident İlham Əliyev çıxışı zamanı hər zaman olduğu kimi budəfəki iclasda da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunub, həmin məsələlərlə bağlı müvafiq qurumlara, təşkilatlara öz mesajlarını ünvanlayıb. Dövlət başçısının Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əsas diqqət yetirdiyi məsələlərdən biri də heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Azərbaycan Prezidenti çıxışı zamanı problemin həlli ilə bağlı rəsmi Bakının mövqeyini bir daha dünya birliyinə, vasitəçi dövlətlərə çatdırmaqla yanaşı, eyni zamanda Dağlıq Qarabağ probleminə olan ikili yanaşma, bir sıra hallarda müşahidə edilən işğalçı Ermənistanın maraqlarına xidmət etmə hallarına öz kəskin etirazını bildirərək beynəlxalq aləmi ədalətli olmağa səslədi. Aprelin əvvəllərində Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini bildirən Ali Baş Komandan bunu tariximizin şanlı səhifəsi adlandırıb. "Həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".
Prezidentin sözlərinə görə, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır". Prezident açıq şəkildə bildirib ki, Ermənistanın böyük himayədarları var və bu səbəbdən problemin həlli yubanır: "Biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq". Dövlət başçısı bütün bunlara rəğmən Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini və bunun Dağlıq Qarabağ probleminə olan münasibətə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb: "Bu ilbir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.Bu meyillər digər təşkilatlarda da görünür. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi".

Azərbaycan Prezidentinin sözügedən iclasda Dağlıq Qarabağ problemi, ona olan beynəlxalq münasibət, eləcə də Azərbaycanın mövqeyi barədə qətiyyətli mövqe ortaya qoyması heç şübhəsiz ki, istər ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən dövlətlər, istərsə də Ermənistana havadarlıq edən dünya güclərinə bir mesaj olacaq. Əslində Azərbaycan Prezidenti bu mesajla Ermənistanın havadarlarına onu demək istəyirdi ki, ortaya qoyduqları ikili mövqe, ədalətsiz yanaşma ikinci bir aprel döyüşlərini qaçılmaz edər. Bu baş verəcəyi təqdirdə isə heç bir qüvvə Azərbaycanı dayandıra bilməyəcək. Çünki cari ilin aprelində baş verən proseslər və problemin həllinə "nail olmaq üçün" vasitəçi dövlətlərin başladığı "diplomatik fəallığın" bir oyun olduğu artıq Azərbaycana bəllidir və Azərbaycan bir daha belə oyunların təkrarlanmasına imkan verməyəcək. Ona görə də nə qədər gec deyil beynəlxalq birlik qəsa müddətdə vəziyyətdən çıxış yolu tapmalıdırlar. Əks təqdirdə həmin dairələr Qafqazda havadarlıq etməyə dövlət tapmayacaqlar. Çünki Ermənistan məhv olmaq təhlükəsinin astanasındadır.

Müstəqil ekspert Rövşən Məmmədli hesab edir ki, dövlət başçısının Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər və beynəlxalq qurumlara, təşkilatlara ünvanladığı haqlı iradlar təqdir olunmalıdır. Ekspert deyir ki, hakimiyyət Dağlıq Qarabağ məsələsində öz sözünü deməli, öz gücünə söykənməlidir: "Rusiya Ermənistan dövlətinin xaç atasıdır. Odur ki, Rusiyanın bu məsələdə nə isə ədalətli bir addım atacağını gözləmək özünü aldatmaqdan başqa bir şey deyildir. Ermənipərəst, xristianpərəst mövqe sərgiləyən Qərbdən, Birləşmiş Ştatlardan da bu ədaləti gözləmək əbəsdir. Dağlıq Qarabağ, Zəngəzur məsələsi Azərbaycanın daxili məsələsidir, bu məsələni beynəlləşdirmək siyasəti əzəldən yanlış olub. Odur ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərin hüququnu da işğalçı Ermənistandan qorumaq öhdəliyini daşıdığını BMT-yə çatdırmalı, eyni zamanda bu bölgədən deportasiya edilmiş bir milyon azərbaycanlını geri öz dədə-baba yurduna qaytarmaq öhdəliyinin olmasını və bütün bunların beynəlxalq hüquq normalarına uyğun həll edilməli olduğunu bütün dünyaya bəyan etməlidir. Paralel olaraq işğalçı Ermənistana öz qoşunlarını çox qısa zaman kəsiyində, həm də heç bir şərt irəli sürmədən ərazilərimizdən çıxarması haqda ultimatum verməlidir. Dünyaya bildirməlidir ki, Ermənistan bu ultimatuma əməl etməsə, ardınca sözü Azərbaycanın şanlı ordusu deyəcək. Onda vəziyyətin həqiqətən onun xeyrinə olmadığını Ermənistan bilib özünü yığışdıracaq, dünya da Azərbaycanın beynəlxalq hüquqa uyğun addımına ən azından hörmət edəcək. Ədaləti müdafiə edənlər isə Azərbaycana dəstək verəcəklər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31