Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin görüşü regional əməkdaşlığa töhfə verəcək
“Hər hansı beynəlxalq əhəmiyyətli bir təşkilatda Qərbin xüsusi iştirakı olmadan keçirilən görüşlər effektli və davamlı olmur. Qərb və ABŞ-la qarşıdurmada olan Venesuela kimi dövlətlərin belə bir konqresdə iştirakı ABŞ və Qərbə mesaj kimidir”.
11 Oktyabr 2016 15:32 Siyasət"Hər hansı beynəlxalq əhəmiyyətli bir təşkilatda Qərbin xüsusi iştirakı olmadan keçirilən görüşlər effektli və davamlı olmur. Qərb və ABŞ-la qarşıdurmada olan Venesuela kimi dövlətlərin belə bir konqresdə iştirakı ABŞ və Qərbə mesaj kimidir". Bu fikirləri "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə İstanbulda keçirilən enerji konqresinə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, konqresə qatılan dövlətlər Qərblə siyasi fikir ayrılıqlarına və ziddiyyətlərə malik ölkələrdir: "Rusiya prezidentinin "Qırıcı instentindən" sonra Türkiyə səfəri regionun təhlükəsizlik sistemində, həmçinin Türkiyə və Rusiya əlaqələrində yeni səhfə açılması ilə nəticələnəcək. İki ölkə arasında "Türk axını" qaz kəmərinin tikintisi ilə əlaqədar sənədin imzalanması regionun enerji xəritəsinin formalaşmasında əhəmiyyət kəsb edir. Həmçinin bu, qaz kəmərinin inşası Azərbaycanın və Qərbin müəllifi olduğu TANAP və TAP layihələrinə alternativ kimi Rusiya tərəfindən bir gedişdir. Rusiya Qərbin dəstək verdiyi bu layihələri əngəlləmək üçün istənilən siyasəti aparmaqdadır". Politoloq qeyd edib ki, Azərbaycan dövlət başçısının konqresdə Rusiya və Türkiyə prezidentləri ilə birgə görüşü regional əməkdaşlığa töhfə versə də, əsas problem Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi danışıqların aparılmaması diqqət çəkib: "Halbuki, bu imkan var idi. Görünür, Türkiyə-Rusiya dövlət başçılarının vaxtı və həvəsi bu istiqamətdə olmayıb . Türkiyə Rusiya ilə Suriya məsələlərində bu, görüşdə mühüm danışıqlar aparıb. Danışııqlarda əsas ABŞ-ın Suriyada sıxışdırılması, Əsədin taleyi və kürd məsələri müzakirə predmeti olub. Həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələri inkişaf etdirmək və regional əməkdaşlığın dərinləşməsi istiqamətində danışıqlar aparılıb".