TANAP, TAP, “Şahdəniz” layihələri qarşıdakı on illiklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcək
İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır.
11 Oktyabr 2016 15:26 Siyasətİstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır. SOCAR-ın sadəcə neft və qaz layihələri ilə kifayətlənmədiyini qeyd edən R. Abdullayev şirkətin təmiz enerji alternativləri üzərində çalışdığını, bu istiqamətdə külək enerjisi stansiyası layihəsinin, eyni zamanda daşımaçılıq və logistika sahəsində də bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edib. O, bildirib ki, artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkədə ən böyük xarici investor olmasını təmin etmişdir. İnvestisiya zəncirinin ən önəmli halqasının təməli 25 Oktyabr 2011-ci il tarixində qoyulan STAR neft emalı zavodu layihəsinin olduğu vurğulanıb. Eyni zamanda Cənub Qaz Dəhlizi çərçivəsində TANAP, TAP, "Şahdəniz" layihələrinin qarşıdakı on illiklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcəyi qeyd olunub. Rövnəq Abdullayev çıxışının sonunda korporativ idarəetmə, texnoloji inkişaf, innovasiyaları daim təqib etmə və onların yaratdığı fürsətlərdən istifadə və bunlara uyğunlaşmağın enerji şirkətləri üçün mühüm olduğunu vurğulayıb.