Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır

Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Konqresdə Azərbaycan, Rsiya və Türkiyə prezidentləri İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qatılıblar.

İlham Əliyev: "Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun"

Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Konqresdə Azərbaycan, Rsiya və Türkiyə prezidentləri İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qatılıblar.Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib. 23-cü Dünya Enerji Konqresinin açılış mərasimidə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir: "Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik". Dövlət başçısı bildirib ki, Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır: "Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar təşkil edir Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq". Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyənin inkişafına sevinir: "Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə "20-lər" Sammitinə bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi". Prezident əlavə edib ki, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir: "Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır". Azərbaycanın dövlət başçısı vurğulayıb ki, Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. O, bildirib ki, Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır: "Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır". Prezident qeyd edib ki, bu ilin iyulunda Türkiyə çox çətin bir sınaqdan şərəflə çıxdı: "Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək və böyük qəhrəmanlıq göstərərək hərbi çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik".
Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur. O, bildirib ki, Rusiya OPEC-in neftin hasilatını azaltmaqla bağlı təklifinə qoşulmağa hazırdır: "Mən digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edirəm. Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq". V. Putin Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinə də toxunub: "Bilirik ki, bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi. Biz bu prosesləri ciddi həyəcanla izlədik. Türkiyə xalqını və prezidentini təbrik etmək istəyirəm ki, hadisəni nəzarət altına aldı. Türkiyə artıq bərpa olunur". V.Putin əlavə edib ki, "karbohidrogen erası bitmək üzrədir" demək üçün hələlik real əsas yoxdur: "Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur". 
"Sülh üçün paylaşaq" 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır" deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələri ilə münasibətlərdən danışıb. Türkiyə prezidenti deyib ki, Afrika qitəsində enerji təminatı problemi var: "Enerji problemi çözülmədən inkişafdan, səhiyyədən, sosial vəziyyətin yaxşılaşmasından danışmaq olmaz. Bu gün dünyada enerji təminatı olmayan 1 milyarddan çox insanın 600 milyonu Orta Afrikada yaşayır. Ona görə də Türkiyə beynəlxalq platformalarda bu sahədə təşəbbüslərlə çıxış edir".Türkiyənin enerji resursları baxımından xaricdən asılı olduğunu söyləyən Ərdoğan bildirib ki, Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının 1/3-nin olduğu coğrafiyada yerləşir: "Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. Cənub Qaz Dəhlizinin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq TAP-la Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da Cənub Qaz Dəhlizinin ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı "Türk axını" layihəsi üzərində işimizi də davam etdiririk. Bu ilin sonunda, 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgəmizdə etibarlı tərəfdaş kimi çəkimiz artacaq". O, əlavə edib ki, Türkiyə alternativ enerji qaynaqları baxımından zəngin bir ölkədir: "Günəş, külək və su elektrik enerjisinin ölkənin enerji təchizatında çəkisini 30 faizə çatdırmağı qarşımıza qoymuşuq. Son vaxtlar neftin qiyməti aşağı düşür və bu da neft sahəsinə qoyulan sərmayələrin azalması təhlükəsini yaradır: "Biz bu məsələləri müzakirə etməliyik. Neftin qiymətinə müvafiq olaraq təbii qazın qiyməti də enməlidir". R. T. Ərdoğan qeyd edib ki, zəngin karbohidrogen qaynaqlarına sahib olmaq təkbaşına zənginliyə, sabitliyə nail olmaq demək deyil. Türkiyə prezidenti İraq və Suriyaya maraqlarının əsas səbəblərindən birinin bu ölkələrdə fəaliyyət göstərən PKK və İŞİD terror təşkilatları olduğunu bildirib: "Dünən Şəmdinlidə PKK terrorçularının törətdiyi terror aktı nəticəsində 18 əsgər və mülki şəxs həyatını itirib, bu gün onlar dəfn edilirlər. Bu, təhlükəsizlik qurumlarımızın mübarizəsi ilə küncə sıxılmış PKK-nın son cəhdləridir. Ancaq terror qlobal problem olduğu üçün dünyanın terrorla birgə mübarizəsi vacibdir. Türkiyənin İraq və Suriyada fəaliyyəti bir məcburiyyətdir. Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır".
"Neftin qiyməti son 40 ildə ən aşağı səviyyədədir və uzun müddətdir belə qalır" deyən Venesuela prezidenti Nikolas Maduro bildirib ki, qiymətlər bəzən sərf olunan maliyyədən daha aşağı olur: "Bu məsələ bütün ölkələrə təsir edir. Neft istehsal edən ölkələr OPEK üzvləri ilə razılaşma əldə etməli və neft bazarının stabilləşməsi üçün çalışmalıdır. Qiymətlər daha ədalətli, investorları cəlb edəcək səviyyədə olmalıdır. Bu gün dünyaya ən önəmli enerji resursu neftdir. Bu sahədə yeni mexanizmlərə ehtiyac var. Ümid edirik ki, 6 ay ərzində yeni mexanizm ortaya çıxacaq. Neft ehtiyatlarının qorunması böyük məsuliyyətdir. İqtisadiyyatı gücləndirmək üçün 21-ci əsrin öz tələbləri var. Enerji qaynaqlarının diversifikasiyası çox vacibdir. Enerji sahəsində çox işlərin görülməsinə ehtiyac var.". Venesuela prezidenti Türkiyədə baş verən dövlət çevrilişinə də toxunub: "15 iyul hadisələrində millətin demokratiyaya necə sahib çıxdığını gördüm. Venesuela da bu hadisələri yaşayıb".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31