"Made in Azerbaijan” brendini xarici bazarlara necə çıxarmaq olar?
Bir neçə gün öncə Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
10 Oktyabr 2016 13:12 SiyasətMəhsul brend kimi ilk olaraq yerli bazarda özünü doğrultmalıdır
Bir neçə gün öncə Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla "Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat"ın forması da təsdiq edilir. Məlum olduğu kimi yerli məhsulların dünya bazarına çıxarılması üçün brend olması önəmlidir. Çünki brend həm də müştərilər üçün məhsulun keyfiyyəti haqqında məlumat vermiş olur. Azərbaycan brendləri isə demək olar ki, dünya bazarında tanınmır. Bəs Azərbaycan brendlərinin xarici bazarlarda tanınması üçün hansı işlərin görülməsinə ehtiyac var? Dövlət tərəfindən burada iş görüləcək, bəs şirkətlərin üzərinə hansı funksiya düşür? Bu işin təşkili qeyri-neft sektorunun inkişafında hansı rol oynayacaq? Yeri gəlmişkən qeyd edək ki, "brend" sözü hər hansısa bir məhsul və ya xidmət barədə məlumatlar kompleksinin rəmzi ifadəsidir. Bu gün Azərbaycan istehlakçısına brendin nə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəni, xüsusilə də onun paytaxtını xarici brend mallar istehsalçıları ağzına kimi öz məhsulları ilə doldurublar. Onların marketoloqlarına yaxşı bəllidir ki, əhalinin rifahının yaxşılaşması ilə keyfiyyətli məhsullara da tələbat artır. Deməli, nisbətən bahalı, amma "adlı" məhsulu satmağa da şans yaranır. Sevindiricidir ki, bu yazılmamış qaydanı artıq Azərbaycan istehsalçıları da mənimsəyiblər. Keçən on-on beş ildə biz də, demək olar ki, bütün iqtisadiyyat sahələrində öz brendlərimizi yarada bilmişik. Lain həmin brendləri dünya bazarına "Made in Azerbaijan" brendi kimi çıxara bilirikmi?
Mütəxəssislər hesab edirlər ki, sadə məhsuldan brendə gedən yolda başlıcası keyfiyyət və marketinq fantaziyasıdır. Sonra isə keyfiyyətli və ardıcıl reklama güc vermək lazımdır. Başqa bir önəmli məsələ isə risk etməyi bacarmaqdır. Bu komponentləri özündə cəmləşdirən sahibkar təbii ki, brend məhsul istehsalında nəyə isə nail ola bilər. Millət vəkili Vahid Əhmədov qeyd edib ki, son vaxtlar Azərbaycanda bu sahədə çox böyük islahatlar həyata keçirilir. Əsas məqsəd isə ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracını təşkil etməkdir: "Bu gün bizim ixracatımızın əsasını neft və qaz məhsulları təşkil etdiyi, neftin də qiyməti kəskin aşağı düşdüyü, istehsalı azaldığı üçün ölkə başçısının göstərişi var ki, qeyri-neft sektorunda olan məhsulların ixracının təşviqini aparmaq lazımdır. Bununla əlaqədar da xüsusi fərmanlar imzalanır. Düzdür, Azərbaycan bu vaxta qədər də, az da olsa ildə hardasa 8-10 faiz qeyri-neft sektorundan məhsul ixrac edirdi. Burada əsas spirtli içkilər, siqaret var idi. Amma artıq ölkədə qeyri-neft sektorunda ixrac imkanlarının artırılması tələb olunur. Azərbaycan brendi dünyada tanınmalıdır. Bu sahəyə diqqəti artırmaq üçün belə bir təşviq planı işlənib hazırlanıb". Millət vəkili deyib ki, ölkə başçısı bu iş üçün 3 milyon manat ayırıb ki, işlər daha sürətli getsin. O bildirdi ki, brendlərimizin tanınması üçün imkanlarımız çoxdur: "Xüsusilə kənd təsərrüfatı məhsullarının, yeni tikilən müəssisələrin məhsullarının ixrac imkanları var. Amma burada iş aparmaq, qablaşdırılma, xarici görünüş, keyfiyyət məsələsinə diqqət etmək lazımdır. Əsas məqsəd ixracı artırmaq, stimullaşdırmaqdan ibarətdir. Ölkəmizə əlavə valyuta gətirə biləcək məhsullar ixrac edilməlidir". V.Əhmədovun sözlərinə görə, Azərbaycanın brend məhsulları azdır: "Bir vaxtlar şampan, konyak brend idi. Çox tanınırdı. Son vaxtlar bu sahədə zəifləmələr olsa da, indi müəyyən irəliləyişlər var. Azərbaycanda elə məhsullar var ki xaricə ixrac edilir, amma "Made in Azerbaijan" brendi ilə yox. Məsələn, Sumqayıtda istehsal edilən Günəş panelləri xaricə ixrac edilir. Amma onun "Made in Azerbaijan" brend formasında ixrac edilməsi daha yaxşı olar. Bu sahədə görülməli iş çoxdur. Brend məhsullarımız xarici bazarda çox azdır". Millət vəkili onu da bildirib ki, şirkətlər bu məsələdə özləri maraqlı olmalıdırlar: "Vəsait, əlavə xarici valyuta istəyirlərsə, bu işdə özləri fəallıq göstərməlidirlər. Xarici valyuta olanda xaricdən istənilən avadanlığı, texnologiyanı, innovasiyanı gətirmək mümkündür. Onlar məhsullarının marka altında xaricə ixrac olunmasında, daha çox gəlir əldə etməkdə maraqlı olmalıdırlar".
Marketoloqlar isə hesab edirlər ki, brendin tanınması üçün onun hər hansı fərqləndirici özəlliyinin olması önəmlidir. Brend müştəriyə verilən söz, vəddir. İstehsalçı brenddə həmin vədi doğrultmalıdır. Bu birbaşa təmsil olunmaq istənilən xarici bazarlar üçün olmalıdır. Bütün dünyaya bu brendi tanıtdıracağıq deyə iddia etmək real deyil. Hazırda marketinq işində daha uğurlu metod hansısa bazara fokuslanmadır. Bir bazarı götürüb oradan dünyaya çıxmaq daha məqsədəuyğundur. Müştərinin beyninində məhsulun yer tutması üçün həmin sektorda rəqiblərlə müştərilərin analizi aparıldıqdan sonra müştəriyə tam fərqli, özəl bir vəd verilir. O vədi yerinə yetirməklə brendi formalaşdırmaq mümkündür. Məlumata görə, Azərbaycanda hələ də bir çox şirkətlərdə düzgün brend strategiyası aparılmır. Brend olaraq müştərilər tərəfindən dəyər verilən məhsullar əsasən xaricdən gətirilənlərdir. Bu baxımdan, məhsul brend kimi ilk olaraq yerli bazarda özünü doğrultmalıdır, sonra xarici bazara çıxmaq olar. Bunun üçün düzgün marketinq startegiyası qurulmalıdır. Əks təqdirdə, dövlət tərəfindən yatırım olsa belə, iflasla nəticələnə bilər.
Nurlan