Aparılan dövlət siyasətinə dəstək olmalıdır
Son günlər cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də əyalətlərdən birində valideynin öz övladına qarşı amansız rəftar nümayiş etdirməsi, ona qeyri-insani münasibət bəsləməsidir. Məlumat üçün qeyd edək ki, ölkə televiziyalarından birində efirə gedən verilişin əməkdaşları çəkiliş zamanı belə xoşagəlməz mənzərə ilə qarşılaşıb və bu yolla cəmiyyət məlum hadisədən xəbərdar olub.
10 Oktyabr 2016 13:10 SiyasətAsif Abdullayev: "Sıravi vətəndaşlar və bu sahədə səlahiyyətli qurumlar, öz üzərlərinə düşən vəzifəni tam icra etməlidirlər"
Son günlər cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də əyalətlərdən birində valideynin öz övladına qarşı amansız rəftar nümayiş etdirməsi, ona qeyri-insani münasibət bəsləməsidir. Məlumat üçün qeyd edək ki, ölkə televiziyalarından birində efirə gedən verilişin əməkdaşları çəkiliş zamanı belə xoşagəlməz mənzərə ilə qarşılaşıb və bu yolla cəmiyyət məlum hadisədən xəbərdar olub. Hadisə aşkarlanandan, olay ictimai müzakirəyə çıxarılandan ona olan münasibət də birmənalı deyil. Kimi belə bir mənfi halın aşkar olunmasını məqbul hesab edib günahkarların, məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb etdiyi halda, bəziləri də belə bir hadisənin ictimailəşdirilməsini qınadı. Hətta bəzi parlamentarilər də bu mvqedən çıxış etdi. Hətta xanım millət vəkillərindən biri təklif edib ki, hadisəni cəmiyyətə çatdıran veriliş bağlansın. Millət vəkili hesab edir ki, uşağın tövlədə saxlanılmasını verilişin aparıcısı çox şişirdib. Bəs görəsən hüquqşünaslar bu məsələyə necə yanaşırlar və bununla bağlı hansı mövqedən çıxış edirlər?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayevin sözlərinə görə, daha yaxşı olardı ki, əsassız tənqid əvəzinə, tövlədə saxlama və sair qəddarlıqlar barədə məlumatı olub, tədbir görməyən səlahiyyətli şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi qabardılsın, uşaq hüquqlarının müdafiəsi sahəsində qanunun icrasına nəzarət mexanizminin daha da təkmilləşdirilməsi üzrə addımlar atılsın: "Uşaq hüquqlarının pozulması hallarının qarşısını almaq üçün ilk növbədə bu sahəyə cavabdeh qurumların fəaliyyətinin səmərəliliyi artırılmalıdır. İkinci növbədə, ailə qanunvericiliyi və uşaq hüquqları sahəsində hüquqi maarifləndirmə işləri aparılmalıdır. İnsanlar (xüsusilə kənd yerlərində) hüquq və vəzifələrini bilsələr, bu cür hadisələrin sayı minimuma enə bilər. Bu cür hədəflər inkişaf konsepsiyasında da nəzərdə tutulub". Asif Abdullayev bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının 8-ci maddəsinə əsasən, vətəndaşların (və xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaq: "Verilişdə icra nümayəndəsi etiraf edir ki, bu məsələdən xəbərləri olub və dəfələrlə həmin evə gəliblər (uşaqla bağlı məsələyə yerli İcra hakimiyyətinin qəyyumluq və himayə orqanı baxır). Sual olunur, xəbəriniz olubsa, hansı tədbirləri görmüsünüz? Bu məsələ yalnız şifahi müraciət və xəbərdarlıqla kifayətlənə bilməzdi. Ailə məcəlləsinin 51.6.-ci maddəsinə əsasən, uşağın həyat və sağlamlığının təhlükədə olması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Məcəlləyə əsasən, icra hakimiyyətinin qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur Hətta uşağı həmin ailədən məcburi almaq səlahiyyəti də var". Hüquqşünas deyir ki, bu gün uşaqlara aid məsələlərdə dövlət dəstəyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılır: "Eyni zamanda Heydər Əliyev fondu tərəfindən bu istiqamətdə effektiv layihələr icra olunur. Çıxışlarının birində cənab Prezident vurğulamışdır ki, "Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir". Bu istiqamətdə aparılan dövlət siyasıtinə dəstək olaraq, sıravi vətəndaşlar və bu sahədə səlahiyyətli qurumlar, öz üzərinə düşən vəzifəni tam icra etməlidirlər. Mən Xoşqədəmin daimi izləyicisi deyiləm, verilişinə bir neçə dəfə epizodik baxmışam. Vaxtım olmur, həm də televizora az baxıram. Təbii ki, verilişdə bəzi şou elementləri də var, amma verilişin sosial təyinatı və effektivliyi daha üstün tutulmalıdır. İstənilən halda, veriliş öz formatından kənara çıxmamalıdır. Hesab edirəm ki, bu cür hallara heç kəs biganə qalmamalıdır. Əgər hansısa uşağa qarşı qəddar, həyatı və sağlamlığı üçün təhlükəli rəftarın şahidi olursunuzsa, məlumat verin".
Füzuli