İrəvanın vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur
Erməni lobbisinin istəyini Kreml reallaşdırmayacaq
20 May 2016 13:05 SiyasətAprel uğursuzluğundan hələ də özünə gələ bilməyən ermənilər addımbaşı düşmən axtarışındadırlar. Ermənilərin bu dəfəki hədəfində isə Rusiya baş nazirinin müavini Dmitri Roqozindir. Elə bu günlərdə cənab Roqozinin yenidən Bakıya təşrif buyurması da ermənilər arasında rusiyalı rəsmiyə qarşı olan nifrət hissini daha da artırıb. Bəs görəsən bui nifrətin əsas səbəbi nədir və onun arxasında nə dayanır?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, əsas səbəblərdən biri Roqozinin Azərbaycanla əlaqələrə daha çox üstünlük verməsidir: "Bu bir faktdır ki, rusiyalı rəsmilər içərisində Azərbaycana ən çox səfər edən Roqozindir. Bu Roqozinin Azərbaycan-Rusiya hökumətlərarası birgə komissiyasının həmsədri olmasından irəli gəlir. Bu günlərdə Bakıda səfərdə olan Roqozinin İlham Əliyevlə görüşündə Rusiya ilə Azərbaycan arasında əlaqələr uğurla və dinamik şəkildə inkişaf etdiyi bildirilib. Roqozin Azərbaycana bu dəfəki səfərinin məqsədini iki ölkə arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi ilə izah etdi.
Roqozin hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparıldığını dedi. Öz növbəsində İlham Əliyev Rusiya ilə əməkdaşlığın mövcud potensialın daha da artırılması üçün yaxşı imkanların olduğunu vurğuladı". Politoloq deyir ki, Dmitri Roqozinin Bakıya tez-tez səfərlər etməsi Ermənistan hakimiyyətini və Rusiyadakı erməni lobbisinin təsiri altından olan qüvvələri narahat edir: "Aprel ayında cəbhə bölgəsində döyüşlər zamanı Azərbaycan ordusunun Rusiyanın müasir silahlarından istifadə etməsi Ermənistanda narazılıqla qarşılandı. Buna cavab olaraq Roqozin Ermənistandakı siyasi qüvvələrin demaqogiya ilə məşğul olduğunu dedi. Roqozin həm də onu söylədi ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq və Bakı həmin ölkə ilə müttəfiq olacaq. Başqa sözlə Roqozin həmin ölkənin NATO üzvü ola biləcəyinə işarə edirdi.
Dmitri Roqozin bu gün də Ermənistanın və erməni lobbisinin əsas düşmənidir. Çünki Bakı məhz Roqozinin vasitəçiliyi sayəsində Rusiyadan müasir silahlar alır. İrəvanın anlamadığı amil var. Roqozin Azərbaycanla əməkdaşlığı sayəsində Rusiyaya milyardlarla dollar qazandırır. Rusiya hakimiyyəti bu gəlirlərdən imtina etmək istəmir. Rusiya müdafiə sənayesinin əldə etdiyi gəlirdə Azərbaycanın payı 5-7 faiz arasındadır". Mərkəz rəhbəri onu da deyib ki, Rusiya prezidenti Vladimir Putin son müşavirədə Roqozinə "qalstukunu düzəlt" sözləri ilə tənqid edib: "Bundan əvvəl isə Rusiya kosmik gəmisinin uçuşunun bir gün ləngiməsinə görə də Roqozin tənqid olunmuşdu. Çünki Rusiyada kosmik sənayeyə də Roqozin cavabdehdir. Roqozinin son günlər Kreml rəsmiləri və Kermlin nəzarətində olan media tərəfindən tənqid olunması Ermənistanı və erməni lobbisini sevindirir. Onların fikrincə, bu tənqidlərdən sonra Putin Roqozini istefaya göndərəcək və bununla Rusiya-Azərbaycan hərbi əməkdaşlığına son qoyulacaq". Politoloq bildirib ki, Roqozin qatı rus millətçisidir, vaxtilə millətçi partiyanın yaradıcılarından biri olub: "Roqozin Qərbin siyasətini kəskin tənqid edənlərdəndir, amerikalı və avropalı rəsmiləri təhqirlərindən də çəkinmir. Bu mənada Roqozinin Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verməsi onun praqmatik maraqlardan irəli gəlir. Roqozin Rusiyanın gəlirini artırır. Ona görə də Putin bir gün Roqozini istefaya göndərsə belə, onun yerinə təyin olunacaq şəxs də Azərbaycanla hərbi əməkdaşlığı davam etdirəcək. Buna görə də İrəvanın və erməni lobbisinin vaxtından əvvəl sevinməsi üçün əsas yoxdur".
Kamal