Birinci xanımdan humanist, nəcib təşəbbüs
Amnistiya aktı ilə 3500 məhkum azadlığa qovuşacaq
20 May 2016 12:45 Siyasət"Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın 28 may-Respublika Günü münasibəti ilə növbəti amnistiya aktı layihəsinin qəbulu yönündə parlamentə müraciətini çox müsbət və yüksək qiymətləndirərəm". Bunu millət vəkili, Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Elmira Axundova dilə gətirib. Mehriban xanım Əliyevanın təşəbbüsü, təklifi ilə indiyə kimi parlament tərəfindən bir neçə dəfə amnistiya aktı layihəsinin müzakirələrə çıxarıldığını, qəbul olunduğunu xatırladan millət vəkili bunun çox humanist, nəcib təşəbbüs, addım olduğunu vurğulayıb. Millət vəkili amnistiya aktları ilə minlərlə insanın, məhbusun da azadlığa, öz ailəsinə qovuşduğunu söyləyib: " Bir daha qeyd edirəm ki, bu, çox humanist addım, çox humanist təşəbbüsdür. Bununla yüzlərlə, minlərlə, on minlərlə insan, bu və ya digər cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən azadlığına, ailəsinə qovuşub, həmin insanların ailələrində böyük sevinc yaşanıb. Yüzlərlə, minlərlə ailəyə sevinc bəxş olunub. Ona görə bir daha bu humanist addımına, təşəbbüsünə görə deputat həmkarımıza, hamımızın əzizi , sevimlisi Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Qeyd edim ki, onun növbəti addımı, növbəti müraciəti hər zaman olduğu kimi, bu dəfə də millət vəkilləri tərəfindən yüksək dəyərləndirilərək nəzərə alınacaq, insanlarımızın, məhkumluq həyatı yaşayanlarımızın, öz əməllərindən peşiman olan məhbuslarımızın sevincinə səbəb olacaq". Millət vəkili bildirib ki, ümumiyyətlə, Əfv Məsələləri Komissiyasında da belə bir yekdil fikir və mövqe var ki, amnististiya aktları vaxtaşırı olmalıdır: "Bilirsiniz, amnistiya aktına düşən maddələr üzrə məhkumluq həyatı yaşayan insanlar təhlükəli, ağır cinayətlər törətmiş insanlar deyillər. Yəni, amnistiya xüsusilə təhlükəli və ağır cinayətlər üzrə məhkumluq həyatı yaşayanlara, qatı cinayətkarlara şamil olunmur və olunmayıb. Bu, bu dəfə də istisna təşkil etməyəcək. O insanlar amnistiyaya düşür və düşəcək ki, onlar cəmiyyət üçün təhlükəli olmayan, təhlükə daşımayan məhbuslardır. Məsələn, elə insan var ki, bilmədən yolda kimisə avtomobillə vurur, ağır xəsarət yetirir, öldürür və ya hətta, qisas zəminində kiməsə xətər, ziyan yetirir və sair. Onları cəmiyyət üçün o qədər də təhlükəli insan saymaq olmaz. Və yaxud da, 60-70 yaşında məhkumluq həyatı yaşayan insanın cəmiyyət üçün nə təhlükəsi ola bilər? Mən özüm Əfv Məsələləri Komissiyası yaranandan-yəni, 20 ildən çoxdur ki, onun üzvüyəm. Bəzən görürsən ki, bizə 60, 70 yaşlarında hansısa bir məhkum müraciət edir. Axı, o, insanın bu yaşdan sonra cəmiyyət üçün nə qorxusu, nə zərəri ola bilər?! Odur ki, amnistiyaya da məhz həmin məhkumlar, məhbuslar düşür və düşəcəklər.
Onu da deyim ki, ötən illər ərzində yüzlərlə insan əfv olunub. Ancaq sonradan araşdıranda məlum olub ki, həmin keçmiş məhkumlardan haradasa cəmi on nəfəri yenidən cinayət əməli törədib və həbsə atılıb. Yəni, sözümün canı odur ki, əfvetmə, amnistiya aktları ilə cəmiyyətdə hökm sürən ab-hava bir qədər də yumşaldılmış, təmizlənmiş olur. Bu baxımdan, amnistiyadan narahat olmaq, əndişələnmək, qorxmaq lazım deyil. Əslində Əfv Məsələləri Komissiyasının üzvlərində - hansı ki ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri də orada təmsil olunurlar - yekdil fikir, yekdil mövqe bundan ibarətdir ki, amnistiya aktları tez-tez verilməli, vaxtaşırı olmalıdır. Bunun cəmiyyətə çox böyük xeyri var". E. Axundova onu da deyib ki, məhkumluq həyatı yaşamış insanların sonradan cəmiyyətə inteqrasiyası, sosial reabiltasiyası məsələsi diqqətdə saxlanmalıdır: "Onların işlə təmini məsələsinə, sosial reabilitasiyasına ciddi diqqət yetirilməlidir ki, yenidən cinayətə meyl etməsinlər, yenidən məhkumluq həyatı yaşamağa məcbur olmasınlar". Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bütün mənalarda amnistiyanın tərəfdarı olduğunu söyləyib: "Azərbaycanda barışa söykənən sabitlik olmalıdır. Bütün istiqamətlərdə olan narazılıqlar aradan qaldırılmalıdır. Xüsusilə siyasi sistemdə olan narazılıq. Həbsə ağır maddələrlə düşməyən, cəzaları yüngül olan məhbuslara ailələrinin qarşısında bir şans verilməlidir. Onların öncəliklə ailələrini düşünmək lazımdır. Uzun müddət həbsdə qalan məhbusları azadlığa buraxmaq vacibdir. İstərdim ki, bu amnistiya geniş olsun. Müzakirəyə çıxarılanda, təbii ki, düşünmədən lehinə səs verəcəm. Qəbul olunacağı tam gözləniləndir. İndiyə qədər 4 dəfə Mehriban xanım belə təşəbbüslərlə çıxış edib. Heç zaman geri qaytarılmayıb. Deputatların əksəriyyəti mənim kimi düşünür ki, cəmiyyətdə sabitlik lazımdır. Azərbaycan kiçik bir ailədir. İstanbulun yarısı qədərdir. Belə aktlar ölkəmizin xeyrinədir". Xatırladaq ki, 10 min məhbusu əhatə edəcək amnistiya qəbul olunduqdan sonra 3500 məhkum azad olunacaq.
Alim