Avropanın qabaqcıl ölkələri Azərbaycanın bu təcrübəsindən yararlanmalıdırlar

Azər Badamov: “Böyük miqyası əhatə edən bu amnistiya ölkədə vətəndaşa verilən yüksək dəyərin göstəricisidir”

Əhməd Şahidov: "Mehriban Əliyevanın amnistiya təşəbbüsü barədə Avropa institutlarında keçirəcəyimiz görüş və çıxışlarda geniş məlumat verəcəyik"

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihə cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. 10 min nəfər məhbusu əhatə edəcək amnistiya ilə 3500 məhkum azad olunacaq. Ekspertlər bu təşəbbüsün Azərbaycanla Qərb arasındakı münasibətləri daha da yaxşılaşdıracağına əminliklərini bildirirlər.

Millət vəkili Azər Badamov deyib ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın parlamentə təqdim etdiyi Amnistiya haqqında qərar layihəsi yüksək hüquqi humanist prinsiplərinin ənənəvi davamı kimi dəyərləndirə bilər: "Yəni, bu kimi humanist addımlar mütəmadi atılır və ölkəmizdə ənənə halı alıb. 28 May Respublika Günü ərəfəsində təqdim olunmuş bu qərar layihəsi 10000, o cümlədən 3500 azadlıqdan məhrum olunmuş insana şamil olunması Azərbaycanda insan amilinə verilən yüksək dəyərin göstəricisi olan böyük humanist addımdır. Təqdim olunmuş amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan məhkumlar cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları nəzərdə tutulur. Amnistiya aktı məhkumluk həyatında olan insanlara öz ailələrinə qovuşaraq ictimai həyata intiqrasiya olunmaq və yenidən özlərini cəmiyyətdə doğrultmaq imkanı verir". Azər Badamov onu da vurğulayıb ki, sözügedən Amnistiya aktı Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcək. Onun sözlərinə görə, böyük miqyası əhatə edən bu amnistiya ölkədə vətəndaşa verilən yüksək dəyərin göstəricisidir: "Azərbaycanda hər zaman insanların hüquq və azadlıqlarına böyük diqqətlə yanaşılır. Törətdiyi cinayətlərinə görə məhkumluq həyatına cəlb olunmuş insanların azadlıqda, cəmiyyətdə tərbiyə olunmasına önəm verilməsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirəcək".

Sözügedən amnistiya təşəbbüsü barədə fikirlərini bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünü insan haqlarına humanist yanaşma kimi qiymətləndirib: "Qanun və humanizm bir-biri ilə əlaqəli dəyərlərdir. Hansısa cinayət əməlinə görə insana cəza kəsiləndə mütləq humanizm prizmasından yanaşmaq lazımdır. Çünki, cəzaçəkmə müəssisələrində olan insanlar da bizim vətəndaşlarımızdır. Düşünürəm ki, Azərbaycanda bu sahədə kifayət qədər təcrübə və potensial var. Ölkə başçısının artıq ənənəyə çevrilmiş əfv sərəncamları insan haqlarına verilən yüksək qiymətdir. Ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya təşəbbüsləri isə bütün bu fəaliyyətin fövqündə dayanır. Çünki, məhz bu cür amnistiya aktları daha çox insanı əhatə edir ki, bu da daha çox ailələrə sevinc hissi bəxş edir." Mehriban Əliyevanın amnistiya təşəbbüsü barədə Avropa institutlarında keçirəcəkləri görüş və çıxışlarda geniş məlumat verəcəklərini qeyd edən ADİHİ rəhbəri bir sıra Avropa ölkələrinin bu təcrübədən yararlanmasının zəruriliyini vurğulayıb: "Sentyabr ayından başlayaraq, ATƏT, Avropa Şurası, BMT və Avropa Parlamentində görüşlərimiz və tədbirlərimiz olacaq. İnsan haqları və demokratik dəyərlərə həsr olunacaq həmin tədbirlərdə Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışacaq və Mehriban Əliyevanın amnistiya təşəbbüsü barədə geniş məlumat verəcəyik. Düşünürəm ki, Avropanın qabaqcıl ölkələri Azərbaycanın bu təcrübəsindən yararlanmalıdırlar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31