BMT baş katibi regiona gəlməkdən nə üçün imtina etdi?
Baş katib üçün BMT-nin tədbirindən mühüm hansı tədbir ola bilər?
22 Aprel 2016 13:59 SiyasətMəlum olduğu kimi aprelin 25-27-də ölkəmiz daha bir nüfuzlu beynəlxalq tədbirə evsahiblik edəcək. Belə ki, qeyd edilən tarixlərdə Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forum keçiriləcək. Forumda başda BMT olmaqla dünyanın nüfuzlu təşkilat və qurumlarının rəsmiləri, dövlət və hpkumıət başçıları iştirak edəcək. 7-ci Qlobal Forumda BMT baş katibi Pan-ki Munun da iştirak edəcəyi bildirilsə də, ötən gün yayılan xəbərdə baş katibin Azərbaycana gələ bilmıəyəcəyi qeyd olunub. Məlumat üçün qeyd edək ki, BMT baş katibi regiona səfəri çərçivəsində sözügedən forumda iştirak edəcəkdi və aprel əməliyyatlarından sonra Pan ki Munun regiona gəlməsi mütləq idi. Hələlik səfərin baş tutmamasının əsl səbəbləri aşıqlanmasa da, lakin görünən odur ki, Pan Ki-Mun rəhbəri olduğu təşkilata belə hörmətsizlik edərək Bakı toplantısına qatılmır. Çünki 7-ci Qlobal Forumu Azərbaycan hökuməti ilə yanaşı Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında keçirilir. Belə bir foruma qatılmamaq üçün bəhanələr axtarmaqdan daha çox, orada iştirak etmək daha məqbul olardı. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, hər zaman Azərbaycan hansısa bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edəndə ermənilərin kürkünə sanki birə düşür və dərhal ölkəmizə qarşı təxribat əməllərinə əl atırlar. Elə bu günlərdə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın sərsəm şəkildə BMT-yə müraciət edərək 7-ci Qlobal Forumun Bakıda keçirilməməsi çağırışını etməsi də buna misaldır. Düzdür, təşkilat Ermənistan rəhbərliyinin bu sərsəm çağırışına əməl etməsə də, hər halda BMT baş katibinin Azərbaycana səfər etməyi təxirə salması bir növ erməni maraqlarına xidmət kimi dəyərləndirilə bilər. Bəs görəsən bu barədə ekspertlər nə düşünürlər?
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu BMT baş katibinin Azərbaycana səfərinin ermənilərin hər hansı bir çağırışı ilə əlaqədar olmadığı qənaətindədir: "Faktiki olaraq tədbir keçiriləcək və baş katibin hər iki ölkəyə nəzərdə tutulan səfərinin təxirə salınmasının səbəbləri başqa da ola bilər. İstənilən halda əgər erməni tərəfinin çağırışına müsbət reaksiya olsaydı, o zaman tədbirin özünün təxirə salınması məsələsi gündəmə gələ bilərdi, nəinki səfərin təxirə salınması. Digər tərəfdən də, Azərbaycanın bu məsələdə mövqeyi bəllidir və haqlı olduğunu Pan Gi Munun baş katibliyini etdiyi BMT də çıxartdığı 4 qətnam ilə təsdiq edib. Bu faktı unutmaq olmaz"
Siyasi ekspert Əlabbas Məhərrəmli isə bildirib ki, BMT baş katibinin Cənubi Qafqaza səfərinin təxirə salınması gözlənilməz oldu: "Onun bu səfəri təxirə salmasının başqa tədbirlərə qatılmaq planı ilə izah olunmasını da birmənalı qəbul etmək çətindir. Nəzərə alaq ki, Bakıda təşkil olunacaq yeddinci Humanitar Foruma qədər ötən altı Forumun hamısında BMT-nin baş katibi iştirak edib. O baxımdan Pan ki Munun belə bir qərar qəbul etməsi təəccüblü görünməyə bilməz. Digər tərəfdən, Qafqaz səfərini təxirə salmasına hansı "təcili tədbirlər"in səbəb olduğu da açıqlanmır. Buna görə də Pan ki Munun bu addımı anlaşılmır". Ekspert bildirib ki, BMT baş katibinin Qafqaza gəlməkdən imtinasına dair başqa versiya da var: "Mediada və sosial şəbəkələrdə yayılmış məlumatlara görə, ermənilər Bakı Forumuna qatılmaması üçün Pan ki Muna çoxsaylı müraciətlər göndəriblər. Yəni onun səfərinin təxirə salınmasına bu amil də təsir göstərə bilərdi. Amma bütün hallarda BMT baş katibinin planlaşdırılan səfərdən imtina etmməsi düzgün deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, BMT baş katibi Pan ki Munun aprelin sonunda Cənubi Qafqaz regionuna - Azərbaycana və Ermənistana planlaşdırılan səfəriin təxirə salınmasını baş katibin hansısa "təcili səbəblər"lə əlaqələndirilməsi anlaşılan deyil: "Məncə, bu bəhanədir. BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı ötən ildən planlaşdırılmışdı. Məncə, "təcili səbəb" cəbhə bölgəsində 2-6 aprel döyüşləri ilə bağlıdır. Görünür, BMT baş katibi Bakıda ona verilə biləcək suallara cavab verməyə hazır deyil. Məsələn, o, "BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 20 il əvvəl qəbul olunan 4 qətnaməsi niyə yerinə yetirilmir" sualına cavabında nə deyə bilər ki? Ona görə də böyük ehtimalla BMT baş katibinin Bakıdakı forum iştirakçılarına video müraciəti yayınlanacaq". Politoloqun sözlərinə görə, BMT baş katibinin Bakıya səfərinin təxirə salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bu təşkilatdan real addımlar gözləməyə dəyməz: "Ancaq elə BMT-nin 4 qətnaməsi işğala son qoymaq üçün bizə geniş fəaliyyət imkanı verir".
S.İsmayılbəyli