Oqtay Əsədov ABŞ-ın Nevada Ştat Assambleyasının sədrini qəbul edib
5 Aprel 2016 13:46 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib. Sədr qonağı salamlayaraq onun 2014-cü ilin oktyabrında IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Nevada Ştat Assambleyasının üzvü kimi Azərbaycanda olduğunu xatırladıb. Bu gün isə Assambleyanın sədri kimi ölkəmizə gəldiyini söyləyib. Spiker ümidvar olduğunu bildirib ki, bu səfər Milli Məclislə Nevada Ştat Assambleyası arasında qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişaf etməsinə kömək göstərəcək. Parlamentin Sədri səfər müddətində qonağın ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, regionda həyata keçirilən böyük strateji layihələr, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın üzləşdiyi çətinliklər barədə ətraflı məlumat alacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan təkcə ABŞ dövləti ilə deyil, bu ölkənin ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verir. Bu baxımdan, Nevada ştatı ilə həyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfi maraqlıdır. Söhbətdə Sədr münasibətlərimizin dərinləşməsində yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb. O, ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakını və Azərbaycan Prezidenti tərəfindən burada keçirilən görüşləri və aparılan danışıqları yüksək dəyərləndirib. Bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz layihələrinin çəkilişində Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss etmişdir. Bu ölkənin Cənub Qaz Dəhlizi ilə bağlı layihənin reallaşmasını dəstəkləməsi də bizi sevindirir. ABŞ-ın tanınmış şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda yaxından iştirak edirlər. Bu şirkətlər ölkəmizə 10 milyard ABŞ dolları həcmində sərmayə yatırmışlar. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 185 milyon dollardan çox olmuşdur. Biz Nevada Ştatı ilə də iqtisadi-ticari əlaqələri inkişaf etdirmək niyyətindəyik.
Qəbulda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı son vəziyyət, münaqişənin həlli yolları, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, Nevada Ştat Assambleyası ilə Milli Məclis arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.