ASGA-dan tələb
5 Aprel 2016 13:31 SiyasətAzərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan bəyanatda Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz adından Azərbaycanın cəbhəboyu rayonlarında erməni təxribatının qarşısının alınması və dinc əhalinin qətlə yetirilməsinə son qoyulması tələb olunub. Bununla yanaşı bəyanatda deyilir: "Düşmənin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəyləyir, qısa müddətdə bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinirik. Vətən qarşısında xidməti borcunu yerinə yetirərkən şəhid olan əsgərlərimizə isə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik." Sonda isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yürüdülən uğurlu xarici siyasəti dəstəklədikləri bəyan edən gənc həmvətənlərimiz Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusunun Ali Baş Komandanının əmrini gözlədiyini vurğulayıblar.