Dünən ermənilərin "Monte Melkonian Cyber army" haker qrupunun guya Azərbaycan Silahlı Qüvvələrinin 25 min hərbçisi barədə fərdi məlumatları əldə etmələrinə dair informasiya yayılıb. İnternetdə dərc olunan siyahıda müxtəlif şəxslərin ad, soyad və atasının adları, təvəllüdü, şəxsiyyət vəsiqəsinin nömrəsi, mobil və stasionar telefon nömrələri və s. əks olunub. Məsələ ilə əlaqədar Milli.Az-ın sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, bu məlumat əsla həqiqətə uyğun deyil və ermənilərin növbəti dezinformasiyasıdır:

"Əvvəla və ən vacibi odur ki, Müdafiə Nazirliyində şəxsi heyətin məlumatlar bazasının internetə çıxışı ümumiyyətlə yoxdur və heç vaxt da olmayıb. Əgər internetə çıxış yoxdursa, deməli, şəbəkəyə girib onları oğurlamaq da mümkün deyil. İkincisi, siyahıda göstərilən şəxslərin heç birinin qarşısında "oğlu" və "qızı" sözləri yazılmayıb. Siyahıda "AZE" seriyası yazılıb, bizim məlumatlarda isə belə şeylər yazılmır. Burada siyahıda şəxslərin fərdi indentifikasiya nömrəsi var. Biz belə nömrələr yazmırıq. Qısası, bu yalan məlumatdır və ermənilər bununla öz qəhrəmanlıqlarını göstərmək istəsələr də, əslində gülünc vəziyyətə düşüblər".
Qeyd edək ki, məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Day.Az-a bildirib ki, bir qrup erməni hakerin Azərbaycanın bir sıra hökumət və dövlət saytlarına hücum etməsi barədə informasiya həqiqətə uyğun deyil.