Nyu Yorkdakı Azərbaycan diaspor təşkilatları Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatda bildirilir ki, bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da diqqətə çatdırılıb. O cümlədən, Ermənistanın Azərbaycan ərazilərində tarixən törətdiyi soyqırımlar və təcavüzkarlıq aktları haqqında da məlumat verilib. Bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanıb. Həmçinin, Nyu York azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31