Əgər ermənilər bununla kiməsə xox gəlmək istəyirlərsə, bu, çox gülüncdür
5 Aprel 2016 12:29 SiyasətAprelin 4-də Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşündə bildirib ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların güclənməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər. İrəvanın tərəflərin aprelin 1-nə qədərki mövqelərə qayıtması şərtilə kompromislərə hazır olduğunu vurğulayan Ermənistan prezidenti eyni zamanda, əlavə edib ki, hərbi əməliyyatlar genişlənərsə, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.
Qeyd edək ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla 20 faizdən artıq ərazisi 24 ildən artıqdır ki, məhz Ermənistana məxsus silahlı birləşmələr tərəfindən işğal edilib və məhz Ermənistan tərəfindən orada "Dağlıq Qarabağ Respublikası" adlı qondarma separatçı rejim yaradılıb. Sadəcə Ermənistan gözdən pərdə asmaq üçün rəsmi olaraq beynəlxalq arenada bu rejimin müstəqilliyini hələ ki, de-yure tanımayıb.
Bununla bağlı Milli.Az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyovun fikrincə, S.Sarkisyan tərəfindən belə bir bəyanat səsləndirilməsində məqsəd odur ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanısa, ondan sonra sadəcə danışıqlardan kənara çəkiləcək və Azərbaycana deyəcək ki, gedin Qarabağla danışın:
"Ancaq bu cəfəng bir şeydir. Əgər ermənilər bununla kiməsə xox gəlmək istəyirlərsə, bu, çox gülüncdür. Danışıqları pozmaq niyyətindədirlərsə və onun daha sonra bərpa olunmasını istəmirlərsə, bu, giclikdir. Ona görə də bu cür cəfəng ifadələr əslində əlacsızlığın nümayişidir. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa və bütün dövlətlər də desə ki, qələt eləmisiz, bu yanlış addımdır, geriyə çəkilmək lazımdır - onda nə edəcəklər? Ermənistan rəhbərliyi anlamalıdır ki, heç kim bu əsasda Azərbaycanı kiminləsə danışıqlara məcbur edə bilməz".