Ermənistanın ənənəvi metodu
İşğalçı ölkə cəbhə bölgəsində müntəzəm olaraq vəziyyəti gərginləşdirməklə sülh prosesinə mane olur
4 Aprel 2016 15:55 SiyasətBu günlərdə Azərbaycan-Ermənistan təmas xəttində yenidən gərgin anlar yaşanır. Aprelin 1-dən 2-nə keçən gecədən etibarən ermənilərin Azərbaycanla təmas xəttində yerləşən mülki obyektləri iriçaplı silahlardan atəşə məruz qoyması və cəbhə boyunca irəliləməyə cəhd göstərməsi bölgədə akti hərbi əməliyyatarı qaçılmaz edib. Düşmənin cəbhə boyu təxribatları və mövqelərimizə doğru irəliləmə cəhdinin qarşısı isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Hətta Silahlı Qüvvələrimiz əks hücuma keçərək işğal altında olan bir neçə yaşayış məntəqəsini düşməndən təmizləməyə də müvəffəq olub. Üzləşdiyi ağır itgilərdən bərk sarsılan düşmən bununla barışmayaraq müntəzəm olaraq Silahlı Qüvvələrimizin mövqeləri, o cümlədən yaşayış məntəqələri, mülki obyektləri ağır silahlardan atəşə tutur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq birliyin xahiş və şağırışlarını nəzərə birtərəfli qaydada atəşkəs rejiminə əməl olunması barədə qərar qəbul edib, ancaq qarşı tərəf hələ də silahı yerə qoymaq niyyətində deyil. Bununla da Ermənistan tərəfi bir daha Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə deyil, müharibə yolu ilə həllinə üstünlük verdiyini ortaya qoyub. Ümumiyyətlə, yaxın tarixə nəzər salsaq aydın şəkildə görərik ki, Ermənistan Dağlıq Qarabağ problemi meydana çıxan ilk gündən başlayaraq münaqişənin diplomatik yollarla nizamlanmasına hər vasitə ilə mane olmağa çalışıb. Hətta beynəlxalq vasitəçilərin iştirakı ilə problemin həllinə yaxınlaşan ərəfədə Ermənistanın keçmiş və indiki rəhbərliyi müxtəlif yollarla bu prosesə əngəl olub. Problemin həllı ilə bağlı yaranmış fürsətlərdən biri 1998-ci ilə təsadüf edirdi ki, həmin ərəfədə tərəflər sülhə çox yaxın idilər. Hətta o dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə sabiq Eremənistan prezidenti Levon-Ter Petrosyan arasında imzalanacaq sülh sazişinin detallarının da hazır olduğu bildirilirdi. Lakin qəfildən Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması sülh prosesini əngəlləmiş oldu. Əslində Petrosyanın hakimiyyətdən devrilməsi məhz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə yönəlmiş mane idi. Düzdür, Petrosyanın hakimiyyətdən devrilməsi ilə Qarabağ probleminin danışıqlar yolu ilə həllinə əngəllər yaradıldı. Lakin hökumətdə və parlamentdə hələ də sülh sazişi tərəfdarları vardı və onlar günün birində yenidən həmin anlaşmanı gündəmə gətirə bilərdilər. O səbəbdən müəyyən qüvvələr 1999-cu ildə Ermənistan parlamentini gülləbaran etməklə Qarabağda sülh arzulayanları tamamilə zərərsizləşdirdilər.
Ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçiliiyi sonrakı illərdə də davam etdi. Elə 2014-cü ilin avqust ayında cəbhə xəttində baş verən hadisələr də məhz buna hesablanmışdı. Həmin ərəfədə Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra belə bir mənzərə yaranmışdı ki, yaxın vaxtlarda tərəflər vasitəçilərin iştirakı ilə yeni bir görüş keçirəcək və həmin görüşdə imzalanacaq sazişin detalları Bakı və İrəvana təqdim ediləcək. Ancaq ermənilər bu dəfə də ənənələrinə sadiq qalaraq cəbhədə təxribat hərəkətlərinə əl atdı və məlum avqust olayları yaşandı. Ümumiyyətlə, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.
Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də təsadüfi sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi sammitində iştirakı, sammitdə Ermənistanın işğalçılıq siyasətini pisləyən çıxışı heç şübhəsiz ki, erməni diplomatiyasına vurulan ağır zərbədir. Paralel olaraq dövlət başçısının Birləşmiş Ştatların dövlət katibi Con Kerri və digər amerikalı rəsmilərlə keçirdiyi görüşlərdə Qarabağ problemini ön plana çəkərək dünyanın super gücündən bu problemin həllinı dəstək istəməsi işğalçı ölkənin ə onu himayə edən xarici güclərin maraqlarına xidmət etmirdi. Bir qədər də konkretləşdirsək Azərbaycan Prezidentinin Vaşinqtondakı görüşləri və sammitdə iştirakı Ermənistan diplomatiyasına vurulan ağır zərbə idi. Çünki bu görüşlər bir müddət sonra Qarabağ probleminin həllində Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləm tərəfindən açıq şəkildə dəstəklənməsi və münaqişənin ərazi bütövlüyümüzün bərpası çərçivəsində həllinə gətirib çıxarardı. Ona görə də Azərbaycan dövlət və onun Prezidentinin bu diplomatik uğuruna kölgə salmaq zəruri idi. Bunun üçünsə ənənəvi vasitələrdən biri təmas xəttində təxribat törətmək idi. Gözlənildiyi kimi də oldu. Ancaq hazırda mövcud olan nəticə heç də ermənilər tərəfindən proqnozlaşdırılmırdı. Ermənilər hesab edirdilər ki, hər zaman olduğu kimi təxribata əl atacaq, cəbhəboyu mülki obyektləri raket zərbələrinə məruz qoyacaq, Azərbaycan da öz növbəsində atəşkəs prinsipini əsas götürərək yalnız müdafiə olunacaq. Ancaq işğalçı ölkə unudurdu ki, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi Azərbaycanın da səbrinin bir həddi var və bir gün səbr kasası daşacaq. Artıq həmin gün yetişib və Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır.
Süleyman İsmayılbəyli