"Bu, birbaşa Ermənistanın təxribatıdır” - POLİTOLOQLAR

Bakı. Məlahət Nəcəfova-APA. "Ötən axşam və bu gün səhər cəbhədə gərgin vəziyyətin yaradılması Azərbaycanın heç cür maraqlarında deyil və bu birbaşa Ermənistanın təxribatıdır". Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda Avropa İttifaqının vitse-prezidentləri və 12 naziri ilə Azərbaycanın enerji layihələrinin imzalanması ilə bağlı görüşlərin görüntüləri Ermənistanda ciddi narahatlıqlar yaranıb: "Bununla yanaşı, Azərbaycan prezidentinin daxili siyasət, vətəndaş cəmiyyəti ilə bağlı atdığı addımlar, fərmanlar, gördüyü işlər, ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycanın xüsusi yer tutması, həm ABŞ rəhbərliyi ilə, həm də ən aparıcı biznes strukturları ilə danışıqların aparılması, onların dilindən birbaşa Azərbaycanın önəmli strateji, əhəmiyyət daşıyan ölkə kimi göstərilməsi, ümumiyyətlə, ölkəmizin regionda xüsusi nüfuza, çəkiyə sahib olması Ermənistanı narahat edib. Azərbaycanın bu cür söz sahibi olması Ermənistan ictimaiyyətinin öz ölkəsinin rəhbərliyindən olan narazılığını daha da artırıb. Bundan vahiməyə düşən ermənilər provokasiyalar törətməyə  və əsas diqqəti iqtisadi inkişafdan hərbi münaqişəyə çevirməyə cəhd edirlər. Aydındır ki, investorlar vəziyyət qeyri-sabit olanda regiona gəlməyə o qədər də maraqlı deyillər. Baxmayaraq ki, dünyada iqtisadi böhrandır, amma biz investisiyaları ölkəmizə cəlb edirik. Baxmayaraq regionda qeyri-sabit vəziyyətdir, Azərbaycanda çox ciddi sabitlikdir, hamı hansısa layihələrdən imtina edir, Azərbaycan isə yeni layihələr gətirir. Bu səbəbdən cəbhə xəttində vəziyyətin pisləşməsi bizim marağımızda deyil, bunlarda maraqlı olan tərəf məhz Ermənistandır".

Millət vəkili bildirib ki, ermənilər atəş açıb, provokasiyalar törədərək beynəlxalq strukturlara, Rusiya KİV-nə, sosial şəbəkələrə kadrlar ötürülər: "Özləri partladıb, özləri kadrlar ötürürlər. Əslində isə tamamilə yalan və böhtan içərisində olan materiallardır. Biz bu nöqteyi-nəzərdən daha aktiv olmalıyıq. Hazırda biz bu materialları yığırıq. Onlar mərmilərlə, ağır silahlı texnikalarla atəş açıb bizim sakinləri öldürürlər, yaralayırlar. Bunlar toplanılıb Avropa Şurasına da təqdim olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31