Millət vəkili: “Prezidentin ABŞ-ın dövlət katibi və vitse-prezidenti ilə görüşü önəmli siyasi hadisədir”

Ölkə Prezidenti İlham Əliyevin ABŞ-da, Ağ Evdə keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, sammit çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri, həmçinin, vitse-prezident Co Baydenlə görüşü çox əhəmiyyətli və önəmli siyasi hadisədir. Bunu millət vəkili Tahir Rzayev dilə gətirib. Sözügedən sammiti və sammit çərçivəsində keçirilən görüşləri müsbət qiymətləndirən millət vəkili bildirib ki, bu gün ABŞ dünya siyasətini həll edən ölkələrdən biridir. Onun sözlərinə görə, bu baxımdan, ABŞ-la Azərbaycanın münasibətlərinin yaxşılaşması Azərbaycan həqiqətlərinin dünyada yayılması, təbliğ olunması deməkdir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin ABŞ-a səfərinin iki ölkə arasındakı əlaqələrə böyük fayda verə biləcəyini istisna etməyən millət vəkili deyib ki, adıçəkilən ölkə dünyanın ən güclü dövləti sayılır. Millət vəkilinin qeyd etdiyinə görə, ABŞ hazırda dünyada baş verən hadisələrin demək olar ki, bilavasitə həm təşkilatçısı, həm də istiqamətvericisidir.T.Rzayev bildirib ki, bu gün Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması Azərbaycan xalqı üçün də, Azərbaycanın siyasi, iqtisadi baxımdan inkişafı üçün də, ölkənin müstəqilliyinin möhkəmlənməsi Qarabağ torpaqlarının azad olunması üçün də çox faydalıdır. "Çünki ATƏT-in həmsədrlərindən biri olan ABŞ dünyada sözü keçən bir dövlətdir. Sözsüz ki, ABŞ daha da səy göstərsə, Dağlıq Qarabağ problemi tez bir zamanda həll oluna bilər"- deyən millət vəkilinin bildirdiyinə görə, ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması eyni zamanda, regionun lider dövləti kimi Azərbaycanın da dünyada söz sahibi olması baxımından çox əhəmiyyətli bir haldır. "Azərbaycan Prezidenti də xarici ölkələrlə, o cümlədən, ABŞ-la əməkdaşlığa, münasibətlərin möhkəmlənməsinə çox böyük üstünlük verir"- deyən millət vəkili sözlərinə onu da əlavə edib ki, istər ABŞ dövlət katibi, istərsə həmin dövlətin vitse-prezidenti ilə aparılan müzakirələr, onların media qarşısında bəyanatları bir daha sübut edir ki, Azərbaycanla Amerika arasında çox dərin əməkdaşlıq mövcuddur: "İnanıram ki, bu şəxslərlə və digər rəsmilərlə olan görüşlər heç şübhəsiz, Amerika-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına təkan verəcək. Ümumilikdə bu görüşlər Azərbaycanın həm beynəlxalq nüfuzunu gücləndirir, mövqeyini daha yüksək səviyyəyə qaldırır, həm də ölkəmizin müstəqilliyinin bir qədər də güclənməsi, qorunub saxlanması üçün əlavə imkanlar formalaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31