RATİ sədrinin “Foreign Policy” jurnalındakı məqaləsi
Əhməd Şahidov: “Sanki ABŞ-dakı erməni diasporunun Azərbaycan diplomatiyasının uğurlarını həzm edə bilmirmiş kimi yaydığı bəyanatlara bənzəyir”
1 Aprel 2016 12:59 Siyasət"Azərbaycan Prezidentinin Vaşinqtona dəvət edilməsinə və ABŞ rəhbərliyi ilə görüşməsinə erməni diasporundan daha çox etiraz edən Emin Hüseynovun məqsədi nədir?"
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağ Ev rəhbəri Barak Obamanın dəvəti ilə Vaşinqtona səfər etməsi, bu ölkədə müxtəlif səviyyəli görüşlər keçirməsi Azərbaycanın uğurundan narahatçılıq keçirən, hər vasitə ilə bu uğura kölgə salmağa çalışan ənənəvi qüvvələri məyus edib. Neçə illlərdir ki, Ağ Ev administrasiyasının Azərbaycan hakimiyyətini qəbul etmədiyini, bu səbədən Prezident İlham Əliyevin Vaşinqtona dəvət edilmədiyini iddia edən, bundan sevinən, hətta bu səbədən addım başı Amerikanı tərifləyən həmin qüvvələr bu dəfə mövqelərini 360 dərəcə bucaq altında dəyişməli olublar. Səbəb isə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona dəvət edilməsi və okeanın o tayında keçirdiyi görüşlərdir. Belə ki, RATİ rəhbəri Emin Hüseynov ABŞ-ın "Foreign Policy" jurnalında dərc edilən yazını buna missal göstərmək olar. Hazırda İsveçrəyə sığınmış "hüquq müdafiəçisi" Emin Hüseynovun ABŞ-ın "Foreign Policy" jurnalında Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfərindən bəhs edilir. Daha doğrusu, Emin Hüseynov Azərbaycan Prezidentinin ABŞ-da yüksək səviyyədə qəbul edilməsinə sanki üsyan edir, ABŞ rəsmilərini İlham Əliyevlə görüşməməyə səsləyir və bunu Azərbaycanda insan haqlarının pozulması ilə izah edir. Açıq-aşkar anti-Azərbaycan mövqenin nümayiş olunduğu yazı yalnız Emin Hüseynov kimi məhdud sayda antimilli qüvvələr tərəfindən dəstəklənib. Ancaq Emin Hüseynovdan tamamilə fərqli olaraq hansısa şəxslər və ya qrup maraqları deyil, əsl hüquq müdafiəsi ilə məşğul olan şəxslər RATİ rəhbərinin belə bir yazı qələmə almasını qətiyyətlə pisləyiblər.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, məqalənin yazılış üslubu və səslənən fikirlər ilk növbədə, vətəndaş kimi onu məyus edib. Əhməd Şahidovun sözlərinə görə, sanki, ABŞ-dakı erməni diasporunun Azərbaycan diplomatiyasının uğurlarını həzm edə bilmirmiş kimi yaydığı bəyanatlara bənzəyir: "Ölkə başçısı İlham Əliyevin məhz rəsmi Vaşinqton tərəfindən ABŞ-a dəvət edildiyini unudan Emin Hüseynov əslində öz mahiyyətini ortaya qoyur və hüquq müdafiəçisinə yaraşmayan bir davranış nümayiş etdirir. Emin Hüseynov unudur ki, Azərbaycan prezidentinin Vaşinqtonda Barak Obama ilə foto çəkdirməyə ehtiyacı yoxdur, hərçənd ki, tərəflər arasında görüş baş tutarsa, təbii ki, protokol qaydalarına əsasən, foto və video çəkilişi olmalıdır. Əksinə, sonuncu prezidentlik dövrünü başa vuran Barak Obama daha çox görüş və tədbirlərdə iştirak etməkdə maraqlı görünür. Vaşinqton rəhbərinin öz ailə üzvləri ilə Kubaya son səfəri də bu istəyin çılpaq nümunəsi sayıla bilər. Çünki, Obama 1959-cu il inqilabından sonra Kubaya gəlmiş ilk ABŞ prezenti kimi tarixə düşməyə çalışdı və düşdü. İraq və Suriyada həyata keçirilən uğursuz anti-terror əməliyyatlarından sonra nüfuzunu itirən Barak Obama məhz bu kimi gedişlərlə yaddaşlarda qalmağa çalışır. Mənə maraqlı gələn əslində başqa məsələdir. Azərbaycan Prezidentinin Vaşinqtona dəvət edilməsinə və ABŞ rəhbərliyi ilə görüşməsinə erməni diasporundan daha çox etiraz edən Emin Hüseynovun məqsədi nədir?. Dünyada baş verən qlobal hadisələr - Avropada artan terror təhlükəsi, milyonlarla qaçqın ordusu, soyuq müharibə və qütbləşmə fonunda dünya liderlərini Vaşinqtona toplayaraq, sülhün müzakirə edilməsi foto çəkdirməkdən azmı əhəmiyyət daşıyır? Yoxsa, Barak Obama ilə foto çəkdirmək dünyada neftin qiymətini artıracaq və ya Dağlıq Qarabağı işğaldan azad edəcək?
Əlbəttə ki, yox! Barak Obama ilə foto çəkdirmək heç kimə lazım deyil. Xüsusən də, prezident kimi son dövrünü yaşayan qaradərili rəhbərlə foto zərrə qədər də əhəmiyyətli deyil. Görünür, Emin Hüseynov zamanında çəkdirdiyi fotolarla müəyyən qrantlar qazana bilib deyə, bu cür məqamlara çox ümid bəsləyir". Əhməd Şahidovun sözlərinə görə, Emin Hüseynov unudur ki, Nüvə Sammitinə Prezident İlham Əliyevin timsalında Azərbaycan dəvət edilib: "Yəni bizlər - bir dövlət və xalq olaraq, ora dəvət edilmişik. Azərbaycan və ABŞ-ın təkbətək görüşməsi bizlər üçün nə dərəcədə əhəmiyyətlidirsə, bir o qədər də amerikanlılar üçün zəruri və şərəflidir. Həmin görüşdə üçrəngli Azərbaycan bayrağının Birləşmiş Ştatlar bayrağı ilə yan-yana asılması bizlər üçün nə qədər önəmlidirsə, sadə amerikalılar üçün də bir o qədər mühüm və strateji əhəmiyyət daşıyır. Çünki, Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan misilsiz rola malikdir. Bunu amerikalılar da çox gözəl anlayır və bu cür görüşlərdə maraqlıdırlar". Hüquq müdafiəsi hesab edir ki, məsələyə məhz bu aspektdən yanaşmaq və öz Vətəninə düşmən mövqedən əl çəkmək lazımdır: "Emin Hüseynov, biz səninlə istər Avropa Şurası, istərsə də ATƏT və BMT-dəki tədbirlərdə dəfələrlə birgə iştirak etmişik. Sən bəzən foto çəkdirmək üçün hansısa Avropa liderlərinin arxasınca qaçanda, mən Azərbaycanın milli maraqları naminə çıxışlar eləmişəm. Görünür, ikimiz də insan haqlarını müdafiə ediriksə, sənin anlayışında bu, özün də daxil olmaqla bir ovuc insanın marağıdır. Mənimçün isə insan haqları Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan Bayrağının maraqlarıdır və bu maraqları sonadək müdafiə etmək mənim borcumdur".
Süleyman İsmayılbəyli