Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ
Bu hər iki dövlətin maraqlarına xidmət edir
1 Aprel 2016 11:52 SiyasətBu günlərdə əsas diqqət mərkəzi dünyanın əsas supergüclərinin bir araya gəldiyi Vaşinqtona yönəlib. Belə ki, Birləşmiş Ştatların paytaxtı IV Nüvə Təhlükəsizliyi Sammitinə evsahibliyi edir. Vaşinqtonda qeyd olunan məsələ ətrafında aparılan müzakirələr, eləcə də keçirilən görüşlər Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ağ Ev rəhbəri Barak Obamanın dəvətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Öncəlliklə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlət başçısının da Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Birləşmiş Ştatların Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi önəmdir. Bu dəvət və reallaşdırılan səfər eyni zamanda Vaşinqtonla Bakı arasında inkişaf edən dostluq və tərəfdaşlıq münasibətlərinin təzahürüdür. Səfər çərçivəsində yadda qalan məqamlardan və mühüm əhəmiyyət kəsb edən detallardan biri də Prezident İlham Əliyevin Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə görüşü oldu. Görüşdə dövlət katibi Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü ifadə edib. Həmçinin, amerikalı diplomat iki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib. Bu da öz növbəsində Birləşmiş Ştatların yerləşdiyimiz coğrafiyada Azərbaycana verdiyi önəmin gstəricisi sayıla bilər. Con Kerrinin görüşdə sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlıq ifadə etməsi də onu deməyə əsas verir ki, Vaşinqton Azərbaycanın strateji tərəfdaş kimi fəaliyyətindən razıdır. Vaşinqton danışıqlarında "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması, enerji təhlükəsizliyi sahəsində aparılan fikir mübadiləsi də onu deməyə əsas verir ki, rəsmi Vaşinqton yaxın gələcəkdə də Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə maraqlıdır və Azərbaycana Cənubi Qafqazın inkişaf etmiş bir ölkəsi kimi xüsusi önəm verir.
Azərbaycan Prezidentinin Amerika səfərinin digər bir tərəfi də Nüvə Təhlükəsizliyi Sammitində iştirakdır ki, bu da öz növbəsində Azərbaycana verilən dəyərin göstəricisidir. Eyni zamanda Azərbaycanın sammitdə təmsil olunması üzləşdiyimiz problemlər, "Metsamor" Atom Elektrik Stansiyasının region üçün ciddi təhlükələrinin dünyanın diqqət mərkəzinə çatdırılması baxımından da əhəmiyyətlidir. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət daşıyır: "İlham Əliyev prezident olduğu 13 ildə ilk dəfə Birləşmiş Ştatlara bu qədər məhsuldar səfər həyata keçirir. Doğrudur, İlham Əliyev digər dövlət başçıları kimi Vaşinqtona Nüvə Təhlükəsizliyi Sammiti ilə əlaqədar dəvət alıb və Ağ Ev sahibi başqa qonaqlarla olduğu kimi İlham Əliyevlə də xüsusi olaraq geniş fikir mübadiləsi aparmayacaq. Ancaq bütün hallarda İlham Əliyev Vaşinqtondadır və artıq xeyli görüş həyata keçirib. Əgər əvvəllər İlham Əliyev ancaq BMT tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər edir və görüşlərin məkanı Nyu-York olurdusa, indi Azərbaycan prezidenti Amerikanın paytaxtında ikitərəfli münasibətlərin keçmişi, bu günü və gələcəyini müzakirə edir. Bu hər iki dövlətin maraqlarına xidmət edir". Elxan Şahinoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ-dakı görüşləri səfərdən əvvəl nəticə verməyə başladı: "Səfər ərəfəsində Azərbaycanda əfv sərəncamı imzalandı. İlham Əliyevin əfv siyasəti konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyəti əleyhinə hazırladığı qanun layihəsinin aktuallığını da azaldıb. Önəmli olan adları müxtəlif beynəlxalq siyahılarda hallanan insanların azad olunmasıdır. Bu siyasətin davamı həm Azərbaycanın sabitliyinə, həm də Azərbaycan-ABŞ münasibətlərinə böyük tövhədir". Politoloq deyir ki, Azərbaycan Prezidentinin Vaşinqtona getdiyi ilk gündən çox məhsuldar oldu: "Azərbaycan prezidenti yalnız 30 mart tarixində ABŞ dövlət katibi Con Kerri, bu ölkənin ticarət naziri Penni Pritzker, ayrıca konqresmenlərlə və yəhudi lobbisinin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlərin hər biri Azərbaycan-ABŞ əməkdaşlığı üçün əhəmiyyətlidir. Əlbəttə ki, ilk növbədə Kerri-Əliyev görüşünün əhəmiyyətini vurğualamaq lazımdır. Həm İlham Əliyevin, həm də Con Kerrinin görüş sonrası brifinqdə verdikləri mesajlar çox əhəmiyyətli idi. Həmin mesajlarda nə gərəyindən artıq, nə də əskik ifadələr var idi. Kerrinin birinci mesajı o oldu ki, ABŞ-ın Azərbaycanla üzərində birgə işlədiyi çox sayda ümumi maraqları var. Daha sonra Kerri Azərbaycanın mürəkkəb regionda yerləşdiyini xatırladaraq "Cənub Qaz Dəhlizi"nin reallaşmasında İlham Əliyevin xüsusi rolunu qeyd etdi. Kerri enerji mövzusundakı fikrini belə yekunlaşdırdı ki, enerji mənbələrinin diversifikasiyası məsələsində Avropanın uzunmüddətli strateji maraqları baxımından Azərbaycan çox vacib rol oynayır. İlham Əliyevin Azərbaycanın müstəqil olduğu 25 ildə ABŞ-ın ölkəmiz üçün etdiyi bütün yaxşılıqları xatırlatdı. Amerikanı dost və strateji tərəfdaş adlandıran Əliyev qarşılıqlı əlaqələri yüksək qiymətləndirdi. Ayrıca, bu müddətdə ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyduğunu deyən Əliyev Cənub Qaz Dəhlizi layihəsinin üzərində xüsusi dayandı. İlham Əliyev Kerri ilə görüşdə və bundan əvvəl də ABŞ-ın enerji layihələrinə verdiyi dəstəyi xatırlatdı. Əliyev fikirlərini hətta ona qədər inkişaf etdirdi ki, Vaşinqtonun dəstəyi olmasaydı, Azərbaycanın öz enerji resurslarını dünya bazarlarına çatdırması prosesi xeyli uzanardı. Əslində İlham Əliyev bunu deyərkən həm özünün, həm də mərhum dövlət başçısı Heydər Əliyevin təcrübəsində çıxış edir. Çünki, 1990-cı illərin əvvəllərində İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti idi və bütün xarici şirkətlərlə danışıqlara o məsul idi. O zaman isə Rusiya hakimiyyəti əlindən gələni edirdi ki, Azərbaycan neftini dünya bazarlarına daşıyacaq Bakı-Tiflis-Ceyhan boru xətti tikilməsin, Azərbaycanın bütün nefti Rusiya üzərindən daşısın. Rəsmi Bakı təkbaşına Kremlə müqavimət göstərə bilməzdi. Bu zaman rəsmi Bakının köməyinə Vaşinqton çatdı". Elxan Şahinoğlunun sözlərinə görə, indinin özündə də TAP və TANAP layihələrinin reallaşması üçün Vaşinqton səylərini əsirgəmir: "İş o yerə çatıb ki, amerikalı diplomatlar Avropanın qərar verən müxtəlif mərkəzlərində TAP və TANAP layihələri üçün lobbiçilik fəaliyyəti aparırlar. Halbuki, TAP və TANAP boru xətləri ilə daşınacaq qazın Amerikaya dəxli yoxdur, qaz Avropa ölkələrinə satılacaq. Buna baxmayaraq, Vaşinqton bu layihələrinin reallaşmasıyla Avropanı az da olsa Rusiyanın qaz asılılığından qurtarmaq istəyir, eyni zamanda Azərbaycanın da inkişafını istəyir ki, ölkəmiz şimal və cənub istiqamələrindən təhlükələrlə üzləşməsin. Cənubi Qafqazda güclü Azərbaycanın varlığı ABŞ-ın xeyrinədir. Buna baxmayaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki passiv mövqeyi Azərbaycan hakimiyyətini, siyasi dairələrini və cəmiyyətini razı sala bilməz. Doğrudur, İlham Əliyev Con Kerri ilə görüşdə münaqişənin həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə minnətdar olduğunu dedi. ABŞ-ın vitse-prezidenti Cozef Bayden də İlham Əliyevlə görüşdə ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dedi. Ancaq bu sözlər sadəcə qonaqla ev yiyəsinin diplomatik ifadələrdir. Reallıqda isə ABŞ Qarabağ münaqişəsinin həllində daha böyük məsafə qət edə bilər. Əgər Vaşinqton bölgədə Azərbaycanın simasında güclü müttəfiq qazanmaq istəyirsə, anlamalıdır ki, bunun başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir". Politoloq hesab edir ki, Vaşinqtonun Ermənistan hakimiyyətinə təsir etmək üçün əlində güclü alətlər var: "Bir də Azərbaycan Vaşinqtondan Konqresin bədnam 907-cü düzəlişin ləğvini gözləyir. Doğrudur, düzəliş illərdir Ağ Ev tərəfindən dondurulub, ancaq düzəlişin varlığı belə iki ölkə arasında strateji münasibələrin xarakterinə ziddir. Bu işdə isə Azərbaycana İlham Əliyevin görüşdüyü yəhudi təşkilatları real dəstək verə bilərlər".
Süleyman