Azərbaycanın İtaliyadakı səfirindən erməni səfirinin cəfəng iddialarına cavab

İtaliyanın "L'Opinone" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımı ilə bağlı fikirlərinin yer aldığı yazıya Ermənistanın İtaliyadakı səfiri Sargis Qazaryan cəfəng iddialar, yalan və təxribatçı fikirlərlə münasibət bildirib. Buna cavab olaraq həmin qəzetdə M.Əhmədzadənin məktubu dərc olunub. (http://www.opinione.it/esteri/2016/03/19/redazione_esteri-19-03.aspx)
M.Əhmədzadə erməni səfirinə 1999-cu ildə Ermənistan parlamentində baş vermiş gülləbarana, bu ölkədə avtoritar rejimin hakimiyyəti əldə saxlaması üçün dinc sakinlərə qarşı həyata keçirdiyi qətl və repressiyalara, ötən ilin dekabrında bu rejim tərəfindən hakimiyyəti əbədiləşdirmək üçün təşkil olunmuş konstitusiya dəyişikliyi ilə bağlı saxta referenduma, siyasi aktivistlərin davamlı təqibə, təhdidə və hücumlara məruz qalmasına aydınlıq gətirməyi məsləhət görərək bütün sadalanan faktların Ermənistanın kriminal-hərbi avtoritar rejiminin mahiyyətini göstərdiyini deyib.
M.Əhmədzadə bildirib ki, erməni səfiri uzun-uzadı əsassız iddialar irəli sürməsinə baxmayaraq, Xocalıda baş verənlərin ölkəsi tərəfindən törədilmədiyini sübut edəcək arqumentlər tapmayıb və bu da Ermənistan qoşunlarının Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi faktını S.Qazaryanın bilavasitə qəbul etməsidir. Azərbaycan diplomatı qeyd etdib ki, Xocalıda qətlə yetirilmiş 56 şəxsin cəsədinin zorakılığa və vəhşiliyə məruz qalması ermənilər tərəfindən bu hərəkətlərin yaxın məsafədən və bilərəkdən törədildiyini sübut edir. Mülki şəxslərin bədəninin bu
formada təhqir olunması Ermənistan səfirinin öz prezidentinin fikirlərinə istinadla vurğuladığı "güllə və raketlər mülki şəxslər və əsgərlər arasında fərq qoymur" fikri ilə ziddiyyət təşkil edir.
Erməni səfirinin "Azərbaycanın başlatdığı və məğlub olduğu müharibə" fikrinə cavab olaraq M.Əhmədzadə müharibənin Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən başladıldığını deyib. Bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və Azərbaycan beynəlxalq səviyyədə tanınan tarixi torpaqlarında suverenliyini bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcək. "Məğlub olan tərəf Ermənistandır. Təcavüzkar siyasətin nəticəsi olaraq Ermənistan əhalisinin 50 faizi çətin iqtisadi və sosial problemlər səbəbindən ölkəni tərk edib. Bu ölkə regionda rifah və inteqrasiyanın mənbəyi olan bütün strateji layihələrdən kənarda qalıb. Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və bu ölkənin yerinə qərarları başqaları verirlər. Ona görə də, erməni səfiri kimin qalib, kimin isə məğlub tərəf olduğunu dərk etməlidir", - deyə Azərbaycan diplomatı əlavə edib. M.Əhmədzadə cavab yazısını bu fikirlərlə tamamlayıb: "Ermənistanda hakim rejim öz səhvlərini nə qədər tez başa düşərsə və qonşularına münasibətdə siyasətini dəyişərsə, bu ölkənin beynəlxalq birlik qarşısında imici və erməni xalqının rifahı da bir o qədər tez düzələr".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31