Ekspert: Türkiyədə terror dalğası davam edəcək
19 Mart 2016 14:41 SiyasətTürkiyədə törədilən terror aktlarının arxasında bu ölkənin Avropa Birliyi ilə yaxınlaşmasına əngəl olmaq planları durur.
Bunu təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.
Ekspertin fikrincə, bu gün İstanbulda törədilən terror aktı bundan əvvəl Ankarada və digər bölgələrdəki terror dalğasının davamıdır: "Bu barədə hətta Ankarada baş vermiş son partlayışdan qabaq da məlumat var idi. Bəyanat oldu ki, Diyarbəkirdə böyük partlayışın qarşısı alındı. Lakin hesab edirəm ki, bu terror dalğası hələ davam edəcək".
Politoloq terrorçuların məqsədlərini də açıqlayıb: "Türkiyə Avropa Birliyi ilə müəyyən razılıq əldə edib. Lakin Avropa Birliyi ilə hər dəfə hansısa yaxınlaşma olanda Türkiyədə mütləq bir terror aktı törədilir. Hətta bir dəfə terror aktı alman turistlərin olduğu ərazidə törədilmişdi. Bu günlərdə isə Avropa Birliyi Türkiyə ilə Suriyadan olan qaçqınların Avropaya keçidinin qarşısı alınması, onların Türkiyədə yerləşdirilməsi üçün 6 milyard avro həcmində vəsaitin verilməsi məsələsi və Türkiyənin AB-yə daxil olmasına dair danışıqlar gedir. Hərçənd Türkiyənin bu quruma 10 ildən tez üzv olmayacağını deyirlər, amma yenə də AB ilə yaxınlaşma dövründə PKK terrorçuları fəallaşır. Türkiyə həm qaçqınlar, həm də digər məsələlərdə üzərinə düşən öhdəliyi yerinə yetirməyə razılıq verir. Lakin terror qruplaşmaları Avropaya mesaj göndərmək istəyirlər ki, baxın, Türkiyə bunları bacarmır, terrorla mübarizədə heç nə edə bilmir. İstanbuldakı terror aktı da eyni planın tərkib hissəsinin davamıdır. Lakin oxşar hadisələr bundan sonra da törədilə bilər".
Qeyd edək ki, bu gün Türkiyədə növbəti terror aktı törədilib. İlkin məlumatlara görə, İstanbulun mərkəzi küçələrinin birində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: