Parlamentdə nüvə söhbəti

Milli Məclisin martın 18-də keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında"  Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Əvvəlcə spiker Oqtay Əsədov qeyd edib ki, hazırki plenar iclas mətbuatda deyildiyi kimi, növbədənkənar, yaxud fövqəladə iclas deyil:"Milli Məclisin Daxili Nizamnaməsinə əsasən bir ayda iki dəfə iclas keçirilə bilər. Əlavə iclasın keçirilməsi də parlamentin öz işidir. İclasın gündəliyində də 1, 5 və ya 25 məsələ də ola bilər. Ötən gün mətbuatda qeyd olunub ki, bu gün üçün parlamentin növbədənkənar xüsusi iclası çağırılıb. Bu nə deməkdir?!" Onun sözlərinə görə, növbədənkənar iclas o zaman ola bilər ki, sessiya iclasları tamamilə qapansın və bundan sonra yeni növbədənkənar iclas çağırılsın: "Bir çox qəzetlərdə isə "fövqəladə iclas" başlığı qoyublar. İnsanlar da elə başa düşəcək ki, aləm dağılır və xeyir ola birdən-birə belə iclas keçirirlər? Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər". Sonra layihə barədə məlumat verən parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Konvensiyanın 1979-cu ilin oktyabr ayında qəbul olunduğunu deputatların diqqətinə çatdırıb. O, bildirib ki, Konvensiya 1988-ci ilin mart ayından qoşulmaq üçün açıqdır: "Azərbaycan isə bu Konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulub. 2005-ci ildə düzəlişlər qəbul edilib. Bugünkü iclasda da həmin düzəlişlərə baxılır. Düzəlişlərin mahiyyəti və məqsədi odur ki, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi onun mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Burada eyni zamanda, prinsiplər də müəyyən olunub ki, bu da dövlətlərin məsuliyyətini təyin edir. Hesab edirəm ki, düzəlişlər Azərbaycanın milli maraqlarına tam uyğundur". Deputat Azay Quliyev yaxın günlərdə ABŞ-da beynəlxalq nüvə sammitinin keçiriləcəyini xatırladıb: "Bildiyinzi kimi, bir müddət öncə ABŞ prezidenti Barak Obama tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitə dəvət edilib. Hesab edirəm ki, bizim bu konvensiyaya düzəlişi ratifikasiya etməyimiz də həmin sammitə ölkəmizin töhfəsi olardı". Deputat Bəxtiyar Əliyev də Azərbaycanın bu konvensiyaya qoşulmasını, eləcə də bu sənədə düzəlişin ratifkasiya edilməsini müsbət addım kimi qiymətləndirib: "Azərbaycan bu sənədə qoşulub. Ancaq yaxşı olar ki, dünya birliyi də beynəlxalq konvensiyaların tələblərindən irəli gələrək, Azərbaycanın problemlərinin həllinə diqqət yetirərdi. Çünki 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu gün də ölkəmiz və region üçün təhdidlər yaradır. Konkret olaraq bu gün Ermənistan "Metsamor" atom elektrik stansiyasının tullantılarını Araz və digər çaylarımıza axıdır. Bütün bunlar nəinki Azərbaycan, bütün bölgə üçün böyük təhlükədir". Digər deputatlar - Tahir Kərimli, Xanhüseyn Kazımlı, Hikmət Məmmədov, Elman Nəsirov Azərbaycanın bu konvensiyaya düzəlişin ratifkasiya edilməsini müsbət qiymətləndiriblər. Qeyd edək ki, Konvensiyaya edilən düzəliş layihəsi səsverməyə qoyularaq qəbul edilib. Sonra millət vəkilləri dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəzaların tətbiq edilməsi məsələsini müzakirə ediblər. Xatırladaq ki, sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq. Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Ardınca Milli Məclis güclü təsir edən maddələrdən istifadə edənlərin 8 ilə qədər həbs olunması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. Bununla bağlı məsələ isə "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə də əlavə və dəyişiklik edilib. Belə ki, məcəllənin 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən, güclü təsir edən maddələrə münasibətdə satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Daha sonra Cinayət Məcəlləsində topdansatış pivənin nağd şəkildə satışı ilə məşğul olan şəxslərin məsuliyyətini müəyyən edən sənəd müzakirə edilib. Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib. Belə ki, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Sənədin müzakirəsi zamanı deputat Cavanşir Feyziyev aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinə edilən dəyişiklərin işləməyəcəyini qeyd edib: "Oktyabr ayında aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsində iki dəfə dəyişikliyə cəhd edilib. Amma heç biri müvəfəqiyyət olmayıb. Bu dəyişikliyi tamamilə aradan qaldırmaq və ya yenidən baxmaq lazımdır. 5 nazirlik tərəfindən bu dəyişikliyə mənfi rəy verilib, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən. Dəyişiklik işləmir və bunu hər dəfə qəbul etmək doğru deyil. Hesab edirəm ki, dəyişikliklər ləğv edilməlidir". Spiker Oqtay Əsədov cavab olaraq bildirib ki, həmin nazirliklər Nazirlər Kabinetinin tərkibindədir. Milli Məclis sədri deyib ki, bu qanun layihəsinə dəyişiklik Nazirlər Kabinetindən gəlib. "Demək o nazirliklərlə razılaşdırılıb gəlib. Bizdə də məlumat yoxdur ki, hansı nazirliklər mənfi rəy verib". Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31