Maraqlı güc mərkəzləri Dağlıq Qarabağ münaqişəsini də unudurmağa çalışırlar

"Azərbaycan o ölkələrdəndir ki, dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə normal əməkdaşlığa üstünlük verir və siyasətini bu istiqamətdə qurur. Azərbaycan müstəqil siyasət yürütdüyü, doğru yolla getdiyi üçün bir çox hallarda belə ədalətsiz münasibətlə üzləşir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova yap.org.az saytına müsahibədə səsləndirib. Bildirib ki, bu yanaşma Dağlıq Qarabağ probleminə münasibətdə də özünü göstərir: " Doğrudur, Ukrayna hadisələrindən sonra bu məsələlərə baxışda ciddi dəyişikliklər baş verməyə başlayıb. Biz əvvəllər beynəlxalq hüququn prinsiplərindən danışan tək-tək ölkələrdən olurduqsa, hazırda bunun vacibliyini vurğulayan ölkələrin dairəsi genişlənir. Çünki hər kəs artıq dərk etməyə başlayır ki, beynəlxalq hüquqa riayət olunmursa, təhlükə bütün ölkələr, xalqlar üçün var. Ona görə, bizim ikili standartlar adlandırdığımız məsələlərdə də dəyişikliklər baş verir. Və artıq mövqe dəyişikliyi özünü göstərməkdədir.
O cümlədən, bu məsələ ilə əlaqədar ATƏT çərçivəsində tək səslə danışırdıqsa, indi bizə qoşulanlar var. Xüsusilə böyük dövlətlər, ATƏT-in Minsk konfransının üzvü olan dövlətlər bu məsələlərin, münaqişələrin həllinin vacibliyini vurğulayırlar, beynəlxalq hüquqa istinad edirlər. Qeyd olunur ki, əgər mövcud problemlər həll olunmasa, yeni münaqişələrin baş verəcəyi istisna deyil". Bahar Muradovanən sözlərinə görə, problemlər o qədər çoxalıb ki, yeni münaqişələr köhnə münaqişələri kölgədə qoyur: "Maraqlı güc mərkəzləri isə əlbəttə ki, köhnə münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini də unudurmağa çalışırlar. Bu, bizi narahat edir. Amma vəziyyətin kəskin dəyişməsi yeni yanaşmaları meydana çıxardığı üçün bizim də fəaliyyətimizdə yeniliklər olur. Ona görə də, bu ölkələrin vahid şəkildə çıxış etməsinin mexanizmini axtarırıq. Bu yöndə müxtəlif təkliflər olur. Bunların sırasına ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsindən tutmuş, bu formatdan tam imtina edilməsi məsələsi də daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31