Əli Əliyev: “Prezidentin Türkiyəyə səfəri qardaş ölkənin yalqız olmadığını bütün dünyaya göstərən açıq çağırış idi”
18 Mart 2016 14:53 SiyasətPartiya sədri prezident İlham Əliyevin Türkiyəyə son səfərini siyasi-mənəvi baxımdan müsbət addım kimi qiymətləndirib. Ankarada martın 13-də törədilmiş terror aktndan sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini Gün.Az-a şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, bu gediş beynəlxalq şərtlərin Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərməsinin mümkünsüzlüyünün bütün dünyaya nümayişi hesab olunmalıdır: "Prezident İlham Əliyevin Türkiyəni sarsıdan terror hücumunun təsiri keçmədən qardaş ölkəyə səfər etməsi siyasi-mənəvi baxımdan birmənalı olaraq, müsbət addımdır. Türkiyənin Azərbaycan, Azərbaycanınsa Türkiyə üçün daşıdığı müstəsna əhəmiyyəti geniş şərh etməyə ehtiyac yoxdur. Qardaş ölkələrin ağır günlərdə bir-birilərinin yanında olması qarşılıqlı mənəvi borcdur və bunu heş vaxt unutmaq olmaz. Təəssüf ki, dünya ölkələri tərəfindən Ankarada son bir neçə ayda törədilmiş terror aktlarına münasibət, Türkiyəyə dəstək istənilən səviyyədə olmadı. Prezidentin məhz belə şəraitdə Türkiyəyə səfər etməsi qardaş ölkənin yalqız olmadığını bütün dünyaya nümayiş etdirən açıq çağırış idi. Qərb mediasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan iki səfəri ərəfəsində Ankarada terror aktlarının törədilməsinin həm də "Cənub" qaz boru xətinin gerçəkləşdirilməsinə yönəlik Bakıda aparılacaq müzakirələrlə bağlılığı ehtimalı da müzakirə edilir. O baxımdan, Azərbaycan dövlət başçısının Ankaraya səfər etməsini həm də bu layihənin baş tutmasında maraqlı olmayan qüvvələrə mesaj kimi qiymətləndirilə bilər. Ümumi nəzər saldıqda, prezident İlham Əliyevin qardaş ölkəyə son səfəri Azərbaycanla Türkiyənin bənzərsiz münasibətlərinin, beynəlxalq şərtlərin bu münasibətlərə azacıq da olsa təsir göstərməsinin mümkünsüzlüyünün dünyaya nümayişi idi. Səfərin işgüzar tərəfinə gəldikdə isə, imzalanmış ikitərəfli sazişlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlik hüquqi bazanın genişləndirilməsi kimi dəyərləndirilməlidir".