Ermənistan işğal olunmuş ərazilərdə zərərli tullantılar basdırır
Deputat: “Bu ölkədən həm də nüvə terroru gözləmək olar
18 Mart 2016 14:34 Siyasət"Metsamor atom elektrik stansiyasına terrorizmi aspektindən də yanaşa bilərik" "Bu qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə aprelin əvvəlində Vaşinqtonda keçiriləcək Nüvə Sammiti öncəsi bu əhəmiyyətlidir. Azərbaycan prezidenti İlham Əliyevdə bu sammitdə iştirak edəcək. Bu mənada hesab edirəm ki, sözügedən qanun layihəsinin qəbulu müsbət addım olardı". Bu fikirləri millət vəkili Elman Nəsirov parlamentdə "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Aəzrbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı söyləyib. O, əlavə edib ki, Vaşinqtonda nüvə sammiti ərəfəsində Ermənistan təkcə dövlət terrorunu dəstəkləmir: "Bu ölkədən həm də nüvə terroru gözləmək olar. Biz Metsamor atom elektrik stansiyasına terrorizmi aspektindən də yanaşa bilərik. Çünki bu təhlükə mənbəyidir". Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan tərəfi Metsamor stansiyasının məsələsini daima diqqətdə saxlayır: "Cənab prezident MAQATE-nin toplantısında da bu məsələni qaldırıb. Millət vəkilləri də bütün beynəlxalq tədbirlərdə eyni məsələni qabardırlar. İndi yazırlar ki, erməni tərəfi bu stansiyanın tullantılarını işğal edilən ərazilərimizdə basdırıb. Mən bunu istisna etmirəm, ola bilər. Ancaq biz işğal edilən ərazilərimizi azad edək, əlbəttə, bu tullantıları təmizləmək üçün imkanımız olacaq". Deputat Bəxtiyar Əliyev də qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda Metsomor atom elektrik stansiyasının tullantılarını basdırır: "Olduqüca əhəmiyyətli qanun layihəsini müzakirə edirik. Azərbaycan nüvə ilə bağlı bütün sazişlərə qoşulub, agentlik fəaliyyətində iştitrak edir". Millət vəkili deyib ki, bu layihədə Azərbaycan tərəfinin xüsusi bir qeydi var: "Azərbaycan dəfələrlə qeyd edilib ki, işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda Ermənistan atom elektrik stansiyasının tullantılarını basdırır. Vaxtilə Faktaraşdırıcı Missiya bunu araşdırıb. Mən bu imkandan istifadə edərək bir daha qeyd edirəm ki, işğalçı ordu bu ərazilərdən çıxarılmalı, ərazilər təmizlənməlidir. Məncə, beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməlidir. ATƏT regionda təhlükəsizlik və sülhü məsələləri ilə məşğul olmalıdır. Odur ki, Azərbaycan tərəfinin bu qeydi yerindədir". Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan tərəfinin düzəlişə etdiyi qeyd onun mövqeyinin göstəricisidir.