Əfv sərəncamı olduqca humanist addımdır
Mütəllim Rəhimli: “İctimai-siyasi fəaliyyətə görə bir sıra şəxslərin də siyahıya düşməsi əfvin dəyərini bir qədər də artırır”
18 Mart 2016 14:12 SiyasətNovruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev ənənəsinə sadiq qalaraq daha bir humanist addım atdı. Belə ki, dövlət başçısı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı Sərəncama əsasən 148 nəfər şəxs azadlığa buraxıldı. Əfv edilənlər sırasında bəzi beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" kimi təqdim edilən şəxslərin də olması həmin dairələr tərəfindən də müsbət qiymətləndirildi. Hər halda sərəncamdan dərhal sonra Avropa Şurası Parlament Assambleyasının sədrinin verdiyi açıqlama belə deməyə əsas verir. Azərbaycan Prezidentinin imzalamış olduğu əfv sərəncamı ölkədə fəaliyyət göstərən müxalif siyasi partiyalar, ictimai təşkilatlar tərəfindən də təqdir edilib. Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamını şərh edərkən bildirib ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalaması olduqca humanist addımdır: "Üstəlik, ictimai-siyasi fəaliyyətə görə bir sıra şəxslərin də siyahıya düşməsi əfvin dəyərini bir qədər də artırır. 148 nəfərə şamil olunan əfv sərəncamı cəmiyyətimiz tərəfindən də yaxşı qarşılanıb. Həm medianı, həm də sosial şəbəkləri izləyərkən hamının bu addımı təqdir etdiyini müşahidə etmək olur". Mütəllim Rəhimli onu da qeyd edib ki, inkişaf etmiş cəmiyyətlərdə insanları qadağa prinsipi ilə tərbiyə etmirlər: "İnsanlara, xüsusilə bizim xalqımıza humanizm göstəriləndə bunu heç vaxt unutmur və mütləq adekvat reaksiya verirlər. Xalqımız ona edilən yaxşılığı heç zaman yaddan çıxarmır. Düşünürəm ki, bu mənada Prezidentin sərəncamı əfv olunanlarla bərabər onların ailələrinin də rəğbətini doğurub. Onlar da lazımı məqamlarda dövlətə bunun əvəzini verməyə çalışacaqlar" Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri hesab edir ki, sərəncam əsasında siyasi məhbus siyahısında olan bir neçə nəfərin də əfv edilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək: "Təbii ki, bu addım beynəlxalq qurumlar və demokratik ölkələr tərəfindən alqışlanacaq. Onlar Azərbaycanın irəliyə doğru bir addım atdığını bəyan edə bilərlər. Amma əsas məsələ bu deyil. Bizim üçün vacib olan vətəndaşla-hakimiyyət arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək, inamı artırmaq olmalıdır. Azərbaycan vətəndaşı başa düşməlidir ki, hakimiyyət tərəfindən ədalətli şəkildə onun qəbahəti cəzalandırılacaq, uğuru isə mükafatlandırılacaq. Əgər bunu həyata keçirə bilsək, onda heç bir zaman daxili münasibətlərimizə xarici müdaxiləyə yer qalmaz. Ona görə də biz məhz bu məsələyə diqqət yetirməliyik". Bundan sonra Azərbaycana qarşı siyasi məhbus adı altında basqılar, təpkilərin azalıb-azalmayacağını gəlincə isə Mütəllim Rəhimli hesab edir ki, Qərbin əlində hazırda siyasi məhbus məsələsi bəzi ölkələrə qarşı təzyiq vasitəsinə çevrilib: "Ona görə də zaman-zaman bu məsələdən Azərbaycan hakimiyyətinə qarşı da təsir etməyə çalışıblar və bunu da davam etdirirlər. Əslində siyasi məhbusların azadlığa buraxılması çağırışına yalnız normal reaksiya verilməlidir. İnsanların siyasi baxışlarına görə həbsxanalara salınması düzgün deyil. Lakin siyasi məhbus məsələsinə Qərbin yanaşmasını səmimi qəbul etmirəm. Onlar bu məsələdə siyasi məhbuslardan daha çox öz maraqlarını düşünürlər. Ona görə də siyasi, iqtisadi və s. maraqları təhlükə altına düşəndə mütləq bu məsələni qabardırlar. Yəqin ki, bundan sonra da belə olacaq". Dövlət başçısının əfv sərəncamının Azərbaycanla Qərb, Avropa arasında buzların əriməsinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, Mütəllim Rəhimli bildlriib ki, Birləşmiş Ştatlar və Qərbin əsas marağının Azərbaycanda demokratiyanın inkişafı, siyasi məhbusların azadlığı məsələsi olduğuna inanmır: "Doğurdan da onlar dünyada ədalətin bərpası üçün çalışırlarsa, bəs niyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi istiqamətində heç bir iş görmürlər. Deməli, münasibətlərin özündə bir sünilik yaratmaq meyli var ki, bu da səmimiyyəti arxa plana keçirir. Səmimiyyət olmayan yerdə isə normal münasibətlərdən danışmaq mümkün deyil". Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri bildirir ki, bundan sonra da sözügedən dairələr Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edəcəklər: "Çünki beynəlxalq qurumların və Qərbin son reaksiyalarından görünür ki, onlar Azərbaycanda ictimai, siyasi mövqeyinə görə həbs edilənlərin hələ də hamısının azadlığa buraxılmadığını bildirirlər. Bu da sübut edir ki, gələcəkdə də onların dilindən ölkəmizə qarşı ittihamlar səslənəcək".
Süleyman