İlham Əliyev bir nəfər azərbaycanlının dəmir barmaqlıqlar arxasında qalmasını istəməz

"Cənab Prezidentin növbəti əfv sərəncamını hamı kimi mən də alqışlayıram. Dövlət başçısı bayram öncəsi atdığı bu addımla nə qədər adamı sevindirdi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, 148 nəfər əfv olunanların içərisində qərbdəki bəlli çevrələrin "siyasi dustaq" adlandırdıqları da var: "Dövlət başçımızın atdığı bu addımı alqışlayan AŞPA-nın sədri Pedro Aqramuntun bu yaxınlarda Bakıda olarkən məhz həmin adamların azadlığa buraxılması ətrafında söhbət getdiyini və verilən vədə əməl edildiyini bildirir. Birincisi, onu deməliyik ki, özünün yüksək humanistliyilə seçilən cənab İlham Əliyev bir nəfər azərbaycanlının belə dəmir barmaqlıqlar arxasında qalmasını istəməz. Ancaq bizim rahat, əmin-amanlıq içərisində yaşamamız üçün cinayət törədən mütləq haqq etdiyi cəzanı almalıdır. Bunun başqa yolu yoxdur. Bəli, müəyyən bir vaxtdan sonra kiminsə cəzası yüngülləşdirilə, əfv edilə bilərlər və zaman-zaman biz bunu görürük. Yəqin ki, cənab Aqramunt qərbdəkilərin "siyasi dustaq" adlandırdıqlarının da onların arasında olmalarnı xahiş edib və bu xahiş anlayışla qarşılanıb. Ona görə anlayışla qarşılanıb ki, birincisi bu, tələb yox, məhz xahiş olub. Ən əsası "siyasi dustaq" adlandırılanların azadlığa buraxılmasında cənab Aqramuntun müəyyən qədər rolu varsa, bu, ilk növbədə onun Dağlıq Qarabağ məsələsində tutduğu mövqe və sələfindən fərqli olaraq Azərbaycana yanaşmada hələ ki, qərəzli davranmamasıyla bağlıdır. Yəqin bəlli çevrələr bir daha gördülər ki, Azərbaycana nəyisə diqtə etmək mümkün deyil. Dövlətimiz bizə qərəzsiz yanaşan, obyektiv olmağa çalışanlarla həmişə dialoqa açıq olub, anlayışlı davranıb və bu siyasət indi də davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31