Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ

Bakı və Ankara bütün sınaqlardan üzüağ çıxır

Bu günlərdə Azərbaycan-Türkiyə dostluq-qardaşlığı daha bir sınaqdan, sıxıntıdan üzüağ çıxdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən ay Bakıya nəzərdə tutulan səfərinə maneçilik törətmək üçün Ankarada terror aksiyası gerçəkləşdirən qüvvələr yenidən qanlı aksiyaya əl ataraq bu dəfə Türkiyə dövlət başçısının martın 15-nə nəzərdə tutulan səfərini əngəlləyə bildilər. Bu qanlı olayaı həyata keçirənlər düşünürdülər ki, növbəti terrorla Ərdoğanın səfərinin qarşısı alınacaq və öz məqsədlərinə çatacaqlar. Ancaq belə olmadı. Baxmayaraq ki, fevralın 18-i və martın 15-nə nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki dəfə Ankarada baş verən terror aktları nəticəsində təxirə salındı. Türkiyə prezidenti Azərbaycana səfər edə bilmədi. Bu yolla Ankarada terror aktları həyata keçirən qüvvələr Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasını özlərinin qələbəsi kimi qeyd etdilər. Guya onlar bu yolla məqsədlərinə çatdılar. Amma hər şey onların düşündüyü kimi olmadı. Belə ki, hər zaman qətiyyətli addımı, ciddi siyasi iradəsi ilə seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev protokol əsasında nəzərdə tutulmadığı halda Türkiyəyə səfər etməklə qələbə sevinci yaşayanları məyus etdi. Beləliklə Azərbaycan Prezidenti İlham Əliyevin gözlənilməz addımı ilə Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası Bakıda deyil,  Ankarada reallaşdı. Bu siyasi, eyni zamanda da qətiyyətli qərarla rəsmi Bakı bir daha Türkiyəni çətin və sıxıntılı anlardan xilas etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, eləcə də Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası zamanı imzalanmış sənədlər bir daha iki ölkə arasında sıx birliyin olduğunu ortaya qoydu. Bu səfər həm də onu sübuta yetirdi ki, heç bir qüvvə, terror şəbəkəsi Türkiyə dövlətini sarsılda bilməz. Çünki onun yanında dostu, qardaşı Azərbaycan var. Necə ki, Türkiyə dövləti Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə hər zaman Azərbaycanın yanındadır və ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edir, eləcə də Azərbaycan çətin anlarda Türkiyənin yanında yer alır. Elə Ankarada keçirilən son görüşlər, danışıqlar zamanı da Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacaqlarını ifadə etdi. Bu da öz-özlüyündə hər iki tərəfin qardaşlıq və dostluq  münasibətlərinə sadiq qaldığının göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin belə bir çətin durumda Türkiyəyə səfəri həm də rəsmi Bakının, xüsusilə cənab Prezidentin beynəlxalq terrorizm qarşı mübarizədə qətiyyəli olduğunun təsdiqidir. Azərbaycan da uzun illər erməni terrorunun qurbanı olmuş bir ölkə kimi terrorun nə demək olduğunu gğzəl anlayır. Və bununla bütün dünyaya mesaj vermiş olur ki,  beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq lazımdır. Yəni, Fransada bir neçə nəfərin ölümünə cavab olaraq həmrəylik nümayiş etdirən dünya dövlətləri bu gün Türkiyəyə də eyni münasibəti sərgiləməlidir. Necə ki, Azərbaycan bunu etdi və bununla dünyaya mesaj göndərmiş oldu ki, terrorçu, hətta terrora məruz qalan arasında seçim etmək olmaz.
Azərbaycan Prezidentinin Türkiyə səfəri iqtisadi tərəfləri ilə də yadda qaldı. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında imzalanan sənədlər Bakı ilə Ankara arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın, əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq. Xüsusilə, enerji sahəsində, nəqliyyat sferasında, yükdaşımalar sahəsində, kənd təsərrüfatı, turizm və digər bu kimi layihələrdə ortaq xəttin olduğu bir daha təsdiqini tapdı. Hər iki dövlət qarşılıqlı investisiya qoyuluşunu 13 milyard dollardan 20 milyard dollara qədər artırmaq, həmçinin TANAP layihəsinin vaxtından əvvəl reallaşdırılması ilə bağlı razılıq əldə etdilər. Nəqliyyat sahəsində Azərbaycan və Türkiyənin birgə icra etdiyi Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi də hər iki ölkənin inkişafı üçün yeni perspektivlər açır.
Bir sözlə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bütün parametrlər üzrə yadda qalan və hər iki tərəf üçün dividentlər gətirə biləcək bir səfər oldu. Bütün bunlardan ən başlıcası olanı isə odur ki, bu səfər bir daha Azərbaycan-Türkiyə dostluq-qardaşlığının sarsılmaz, davamlı olduğunu sübuta yetirdi. Bir daha hər kəs əmin oldu ki, istər pis, istərsə də xoş gündə hər iki ölkə hər zaman bir-birinin yanında olub. Bundan sonra da bu belə olacaq. Heç kimin buna şübhəsi olmamalıdır.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31