"Bu qeyri-adi, tarixi bir hadisə oldu"
16 Mart 2016 22:39 SiyasətAzərbaycan prezidenti İlham Əliyevin martın 15-də Ankaraya səfəri mahiyyəti və dünyanın marağına səbəb olması baxımından qeyri-adi, tarixi bir hadisə oldu. Amma bu, ümumiyyətlə, gözlənilən bir şey idi.Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Cəfərov deyib.Ankarada törədilən ardıcıl terror aktlarından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın artıq ikinci dəfə Bakıya səfərinin təxirə salınması qarşılığında Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsini dəyərləndirən millət vəkilinin fikrincə, Azərbaycan prezidenti həmişə Türkiyənin yanında olub və budəfəki hadisə də ilk belə hal deyildi:"Yəni bir neçə dəfə olub ki, Azərbaycan prezidenti ən yüksək səviyyələrdə Türkiyəni müdafiə edib. Budəfəki səfər və keçirilən görüşlər də çox maraqlı oldu və dünyanın diqqət mərkəzinə düşdü.Əvvəla, Azərbaycan Türkiyənin haqq yolunu, işini müdafiə edir. Türkiyəyə qarşı hər hansı naqis bir hərəkət olursa, onun qarşısını almağa çalışır. Digər tərəfdən, Azərbaycan həmişə elan edib ki, terrorizmə qarşıdır. Türkiyəyə qarşı isə artıq uzun illərdir terror hərəkatı davam edir. Azərbaycan prezidenti də bu terrorizmə qarşı öz münasibətini göstərdi.Eyni zamanda, bu, həm də bir strateji görüş idi. Yəni Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində ənənəvi olaraq iclaslar keçirilir. Budəfəki iclasda da lazım olan sənədlər imzalandı və qarşıdakı dövrdə də növbəti görüşlərin keçirilməsi planlaşdırılır. Bütün məsələləri nəzərə alaraq bu addımı Azərbaycan prezidentinin növbəti qəhrəmanlığı hesab etmək olar".