18 hərbiçi həlak olub

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute -CDSI) Azərbaycan, Gürcüstan və Ermənistan KİV üzərində apardığı monitorinqin nəticələrinə görə, 2016-cı ilin ötən dövründə (martın 12-dək) 3 ölkənin Təhlükəsizlik və Müdafiə sektoru ümumilikdə 18 hərbi qulluqçusunu itirib. "OLAYLAR"-ın instituta istinadən verdiyi xəbərə görə, onların 7-si atəşkəs pozuntusu, 11-i isə qeyri-döyüş itkiləridir. Hesabat dövründə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü isə qeyri döyüş itkisidir. Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Dünyasını dəyişənlərin 5-i əsgər, ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 1 nəfərsə leytenant rütbəli zabit olub. Dünyasını dəyişənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar. Ötən dövründə Ermənistan Silahlı Qüvvələrinin 9 hərbi qulluqçusu dünyasını dəyişib. 3 nəfər Azərbaycan tərəfinin atəşindən, 3 nəfərsə avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa iki nəfər intihar edib, 1 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. Dünyasını dəyişənlərin 3-ü müqaviləli əsgər, 1-i çavuş, 5 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olublar. Hadisənin 6-sı Dağlıq Qarabağ ərazisində, 3-ü isə Ermənistan ərazisində baş verib. Gürcüstanda isə hesabat dövründə bir hərbçi H1N1 virusundan dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31