NATO ilə əlaqələrin yüksək səviyyədə bərpası, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini gücləndirəcək
11 Mart 2016 15:18 SiyasətNATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər barədə fikirlərini "OLAYLAR"-a bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın NATO ilə əlaqlərinin bərpası ölkəmiz və regionun təhlükəsizliyi sahəsində atılan mühüm addımdır: "Ordunun NATO standatları səviyyəsində komplektləşdirilməsi istiqamətində islahatlara bundan sonra gediləcəyi gözlənilir. Məhz, NATO generalının müəyyən hərbi hissələrdə olması aparılan danışıqlar buna əsas verir". Politoloq deyib ki, NATO Cənubi Qafqaza geostrateji siyasəti artıq hədəfləyib və birbaşa Cənubi Qafqazda, xüsusən Azərbaycanla yüksək səviyyədə əlaqələrin bərpa edilməsi, gələcək perspektivdə Gürcüstan və Azərbaycan Alyansının regionda əsas tərəfdaşı olacağı planlaşdırılıb: "NATO ilə əlaqələrin yüksək səviyyədə bərpası, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini gücləndirəcək. Rusiyanın isə Cənubi Qafqazda Ermənistanı silahlandırması və hərbi bazalarını gücləndirməsi, NATO-nu və regionu ciddi təhlükəsizlik problemi ilə üz-üzə qoymaqdadır.Təbii ki, Rusiyanın Ermənistanda hərbi gücünü artırması, ölkəmizi narahat edir və ona alternativ olaraq NATO ilə əlaqələrin yüksək səviyyədə saxlanması istiqamətində bütün atılalacaq addımlar Rusiyada siyasi qıcıq yaratmamlıdır".