IV Qlobal Bakı Forumu nə vəd edir?

Fərəc Quliyev: “Bu əhəmiyyətli bir tədbirdir və Azərbaycanın da bundan ciddi şəkildə faydalanmaq imkanı var”

Bu günlər Azərbaycan daha bir beynəlxalq tədbirə evsahiblik edir. Belə ki, Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçirilir.  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda həmçinin  27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Hər ötən il forum iştirakçılarının sayında müşahidə edilən kütləvilik bu tədbirə olan beynəlxalq marağın artmasından xəbər verir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də forumda çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı beynəlxalq təsisata çevrilib. Çıxışı zamanı Azərbaycanda, regionda eləcə də dünyada baş verən proseslərə də toxunan İlham Əliyev bir sıra vacib mesajlar da verib: "Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.
Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər. Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq". Azərbaycan dövlət başçısı dolayısı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışan super gücləri də tənqid edib. Bildirib ki,  hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır:  "Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır". Prezident İlham Əliyevin çıxışında dünyada mövcud olan ikili standartlar da psilənilib. Azərbaycan Prezidenti Dağlıq Qarabağ probleminə məhz ikili standartlardan yanaşıldığını vurğulayıb: "Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür".
İstər forumda müzakirə edilən məsələlər, istər ona olan beynəlxalq marağın hər ötən il bir qədər də artması  onu deməyə əsas verir ki, IV Qlobal Bakı Forumunun ölkəmiz üçün faydaları kifayət qədərdir. Bəs bu faydalar özünü daha çox hansı spektrlərdə göstərə bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyir ki, istənilən bir tədbirin hər hansı bir ölkədə keçirilməsi həmin dövlətin nüfuzunun göstəricisidir: "Bu baxımdan IV Qlobal Bakı Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın əhəmiyyətini göstərən bir məsələdir. Azərbaycan tolerant bir ölkədir, burada həm etnoslararası, həm də dinləarası münasibətlər normaldır. Artıq Azərbaycan dünya tərəfindən nümunə kimi göstərilir ki, bizdə tam tolerant bir mühit var. Ermənistandan fərqli olaraq bura monoetnik bir ölkə deyil və Azərbaycanda müxtəlif mədəniyyətlər cəmlənib. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqda da Azərbaycan mühüm rol oynayır". Millət vəkili deyir ki, tədbir "Açıq cəmiyyətlər şüarı" adı altında keçirildiyindən forumda açıq söhbətlər, müzakirələr aparılır: "Həmçinin Azərbaycanın, eləcə də Azərbaycanı işğal edən bir ölkənin qiymətinin verilməsi üçün meydan yaranıb. Ən mühüm olanı isə odur ki, açıq cəmiyyət həm sosial, həm siyasi, həm də mədəni sahədə idarəetmənin liberallığını göstərən bir məsələdir. Yəni Azərbaycan bundan sonra dünyaya inteqrasiya, investisiyaların qoyulması, yeni bazarların əldə olunmasında bu tədbirdən faydalana bilər".  Millət vəkili forumda Prezident İlham Əliyevin çıxışına diqqət çəkərək deyib ki, dövlət başçısı haqlı olaraq Dağlıq Qarabağ məsələsində beynəlxalq təşkilatların susqunluğunu tənqid edib: "Hesab edirəm ki, bu əhəmiyyətli bir tədbirdir və Azərbaycanın da bundan ciddi şəkildə faydalanmaq imkanı var". Fərəc Quliyev hesab edir ki, Azərbaycan Prezidentinin forumdakı çıxışı beynəlxalq aləm, dünya dövlətləri üçün bir mesaj olmalıdır: "Prezident İlham Əliyev IV Qlobal Bakı Forumunda çıxışı zamanı çox sadə şəkildə, heç bir şişirtmə, yaxud hansısa tələb səsləndirmədən Azərbaycanın ərazi bütövlüyü barədə danışdı. Bildirdi ki, Azərbaycanın mövqeyi hər kəsə bəllidir və Azərbaycanın heç kimin ərazisində gözü yoxdur. Bununla yanaşı özümüzə da ədalətli davranış istəyirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ problemi barədə qəbul etdiyi qətnamələrə əməl edilsin. Həmin sənədlərin icra mexanizmi ortaya qoyulsun. Dövlət başçısının da qeyd etdiyi kimi BMT-nin qəbul etdiyi sənədlərin icra mexanizminin olmaması, onların icra edilməməsi pis bir presidentin, ənənənin yaranmasına yol aça bilər.  Litvanın keçmiş prezidenti də öz müsahibəsində bildirdi ki, Qarabağ məsələsində susqunluğumuz dünyanın başqa yerlərində digər problemlərin, münaqişələrin meydana gəlməsinə yol aça bilər. Bunun özü də bir etirafdır". Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi  nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünı çevrilib, onların mülkiyyət hüquqları tapdalanıb: "Bunu bütün dünya bilir. Ancaq təssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində hələlik ciddi bir addımlar atılmır. Əgər Azərbaycan dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq edir və həmin ölkələrə, onların ərazi bütövlüyünə hörmətlə yanaşırsa eyni münasibət Azərbaycana qarşı da sərgilənməlidir. Elə Prezident İlham Əliyevin də dediyi o idi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası diqqət mərkəzində olmalıdır".
Fərəc Quliyev qeyd edib ki, IV Qlobal Bakı Forumunda iştirakçıların sayının hər ötən il artması bu foruma olan beynəlxalq marağı ortaya qoyur: "Düzdür, forumda iştirak edənlərin əksəriyyəti sabiq prezident və baş nazirlər olsa da, lakin həmin şəxslərin öz ölkələrinin ictimai-siyasi həyatında rolu, iştirakı hazırda da mövcuddur. Onlar öz ölkələrində söz sahibidirlər və xüsusi çəkiyə malikdirlər. Bu baxımdan sabiq prezidentlərin IV Qlobal Bakı Forumunda açıq çıxış etməsi mühüm məsələdir. Çünki onlar dövlətə rəhbərlikdən getsələr də, mandatları olmasalar da siyasətdən getməyiblər. Onlar hər zaman axtarışdadırlar və hər dəfə bir araya gəlib müzakirələr aparanda bütün tərəflər ondan faydalanır". Millət vəkili onu da deyib ki, Azərbaycan bu kimi tədbirlər vasitəsilə hər zaman sübut edir ki, bizdə baş verənlər yalnız Azərbaycanla bağlı deyil: "Bu və ya digər hadisələr həmçinin regionda, dünyada qeyri-sabitlik yaradan məsələlərdir. Artıq dünya dövlətləri də anlamağa başlayıblar ki, öz problemlərini təkbaşına həll edə bilməzlər. Qonşuluqda baş verən problem yalnız qonşunun problemi deyil, o bəşəri bir problemdir. Günlərin birində həmin problem onun özü üçün də aktual ola bilər, bumeranq olaraq onun özünə dəyər. Ona görə də proflaktik olaraq özlərinin həm iqtisadi, həm sosial, həm də enerji təhlükəsizlikləri üçün qonşu dövlətlərlə münasibətləri qurmaq, bu münasibətlərə xələl gətirə biləcək fəsadları aradan qaldırmaq üçün daha çox maraq göstərirlər. Çünki son vaxtlar həm İŞİD terror təşkilatının meydana çıxması, həm Avropada bir-birinin ardınca baş verən terror aksiyaları və partlayışlar onu göstərdi ki, həmin ölkələr ayrı-ayrılıqda, təkbaşına xoşbəxt ola bilməzlər. Bu səbəbdən düşünürlər ki, hamı bir yerdə müzakirələr aparıb müvafiq qərarlar qəbul etməlidir. Ona görə də hesab edirəm ki, getdikcə bu kimi forumların əhəmiyyəti artır. Elə Qlobal Bakı Forumuna olan beynəlxalq marağın hər ötən il bir qədər də artmasını məhz bununla əlaqələndirirəm". Fərəc Quliyevin sözlərinə görə, bu kimi forumlar Azərbaycanın təbliğatı, onunb dünyada daha yaxından tanıdılması, problemlərinin beynəlxalq aləmə çatdırılması baxımından da xüsusi əhəmiyyətə malikdir: "Hesab edirəm ki, hər kəs IV Qlobal Bakı Forumunun Azərbaycan üçün faydalarını yaxşı dərk edir".


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31