Cənub Qaz Dəhlizi işə düşdükdən sonra “Şahdəniz” də qaz hasilatı artacaq
Nazir: “Hesab edirəm ki, Avropaya qazın çatdırılmasında heç bir problem yoxdur”
11 Mart 2016 14:13 SiyasətMartın 11-də IV Qlobal Bakı Forumu öz işini panellərdə davam etdirib. İlkin olaraq "İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?" mövzusunda panel keçirilib. Panelin moderatoru, İtaliyanın sabiq baş naziri Franko Frattini deyib ki, İran Əfqanıstan, İraq və Suriya üzərində geniş təsirlərə malikdir. O bildirib ki, embarqonun aradan qaldırılması İranın regionda mövqeyini gücləndirir: "Region ölkələrinin münasibətlərinə baxılsa, Səudiyyə Ərəbistanı İrana şübhə ilə yanaşır. Embarqonun götürülməsi şiə və sünni ölkələri arasında gərginliyi artıracaqmı? İranda keçirilən seçkilər prezident Həsən Ruhanini həvəsləndirəcək ki, razılaşmaları həyata keçirsin". Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili hazırda İŞİD-in Əfqanıstana nüfuz etdiyini söyləyib. O regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox vacib olduğunu vurğulayıb: "Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri ilə Əfqanıstana müəyyən məhsullar daşına bilər. Özbəkistan da bu məsələyə qoşula bilər. Bu əməkdaşlıqda investisiya-ticarət maraqları önə çıxacaq. Artıq ayrı-ayrı ölkələrin yalnız özlərini deyil, ümumilikdə region ölkələrinin ümumi maraqları çərçivəsində düşünməsi lazımdır. Gürcüstanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcək". Livanın keçmiş baş naziri Fuad Sinyora şərq ölkələrində din sahəsində islahatların çox vacib olduğunu bildirib: "Yalnız güc tətbiqi problemləri həll etməyəcək. Biz problemlərin kökündə dayanan məsələlərlə məşğul olmalıyıq. Suriya məsələsinə səhv qapılardan girildi. Güc tətbiq edildi. Rusiya Suriyadakı rejimin daha çox vaxt əldə edə bilməsinə, nəfəs almasına və özünü masa arxasında görməsinə imkan verdi. Bu, İranın da Suriyada üstünlüyünü sual altına qoydu. Suriya məsələsində daha çox konsensusa gəlinsə, məsələ tez həll oluna bilər". Pakistanın keçmiş baş naziri Şövkət Əziz İranın təcrid olunmasını düzgün saymadığını söyləyib. O, ölkəsinin digər qonşulara nisbətən İranla daha asan münasibət qura bildiyini deyib. Ş. Əziz qeyd edib ki, Əfqanıstanın inkişafı üçün kifayət qədər potensial var: "İnsanlar orada məcburən narkotik əkinçiliyi ilə məşğul olurlar. Çünki onlar nə iləsə məşğul olmalıdırlar. Onların narkotik plantasiyalarını kənd təsərrüfatı plantasiyalarına çevirməsi üçün fəaliyyət göstərilməlidir. Burada davamlı fəaliyyətə ehtiyac duyulur. Bu ölkənin böyük gələcəyi var".
IV Qlobal Bakı Forumu çərçivəsində həmçinin "Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?" mövzusunda panel keçirilib. Panelin aparıcısı, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zladko Lagumdziya bildirib ki, radikallaşmanın mənbəyini tapmaq lazımdır. O, miqrasiya probleminə də toxunub: "Bu, ciddi problemdir. Bu gün İordaniyada 5 yerli vətəndaşa 1 miqrant, Türkiyədə 5 nəfərə 1 miqrant, Avropa İttifaqında isə hər 100 min nəfərə 1 miqrant düşür. Ümumilikdə dünyada 95 nəfərə 1 miqrant düşür". Macarıstanın sabiq baş naziri Peter Medqeessi "ərəb baharı" prosesinə toxunaraq deyib ki, bu, yetişməmiş bir proses idi: "Əksər məqamlar, xüsusilə də indiki miqrant problemi nəzərə alınmadı. Açıq danışmaq lazımdır ki, tam həll yolu olmasa da, bu gün müharibənin, silahlı insidentlərin dayandırılması miqrant problemini xeyli zəiflədəcək. Amma bütün hallarda bu problemin kökdən həlli xeyli vaxt aparacaq". Moldovanın sabiq prezidenti Petru Luçinski deyib ki, bəşəriyyət effektiv tədbirlər görməsə, miqrant probleminin qarşısı alınmayacaq: "Artıq vəziyyət o yerə çatıb ki, miqrant problemi xalqların yerdəyişməsi prosesinə çevrilib. Bunun nə ilə nəticələnəcəyini təsəvvür etmək mümkün deyil. Mən düşünürəm ki, ikinci Marşall planı hazırlamaq lazımdır. Necə ki, Avropa İkinci Dünya müharibəsindən sonra bu planla problemdən çıxdı". P. Luçinski BMT-ni bu məsələdə aktiv olmağa çağırıb və ölkələri həmrəy olmağa dəvət edərək konkret planların ortaya qoyulmasını vacib sayıb: "Əks halda, heç bir ölkə bu bəladan sığortalana bilməyəcək". İsrailin sabiq xarici işlər naziri xanım Tszipi Livni bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dünyanın təhlükəli dövrdə olması fikri ilə tam razıdır: "Bu gün təhlükə Avropadan kənarda deyil, artıq Avropanın özündədir. Münaqişələr hər yerdə var. Bu gün biz heç vaxt olmadığı qədər dini müharibə ilə üz-üzəyik. Bu, məsələn, islam-xristian müharibəsi deyil, din daxilində təriqətlər müharibəsi həddindədir". Sabiq nazir qeyd edib ki, İŞİD-in hüceyrələri bir ölkədə yox, müxtəlif ölkələrdə kök salıb: "Hər yerdən bu qruplaşmaya insanlar qatılır. Bu, artıq təhlükəli sistemə çevrilib". Rumıniyanın sabiq baş naziri Petre Romanın fikrincə, qaçqınlar miqrasiyanın radikal hissəsini təşkil edir. O, Angela Merkelin miqrantlarla bağlı bəyanatını xatırladaraq bunu alman tarixində dönüş adlandırıb. Sabiq baş nazir dünyanı baş verənlərdən nəticə çıxardaraq qərarlar qəbul etməyə çağırıb. Panel sual-cavabla davam edib.
IV Qlobal Bakı Forumu çərçivəsində növbəti panel "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda baş tutub. Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki, Cənub Qaz Dəhlizi işə düşdükdən sonra "Şahdəniz" yatağında qaz hasilatı artacaq: "Hesab edirəm ki, Avropaya qazın çatdırılmasında heç bir problem yoxdur". Nazir bildirib ki, Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan TANAP, TAP və digər layihələrdə həm də SOCAR-ın payı var: " Bu layihələrin maliyyələşdirilməsində hər hansı problemin yaranacağını düşünmürəm. SOCAR-ın TANAP və digər layihələrdə öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur: "Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar. Onu da qeyd edim ki, TANAP-la bağlı işlərin böyük hissəsi artıq görülüb". Nazir qeyd edib ki, dünya bazarında neftin qiyməti bir çox faktordan asılıdır. Burada iqtisadi, siyasi, nəqliyyat faktorları var: "Kimsə desə ki, neftin qiymətinin sabahan artacağını 100 faiz bilir, mən ona yenə inanmaram. Getsin birjada oynasın. Bəzi ekspertlər deyirlər ki, bu, kimlərəsə qarşı olan siyasi oyunlardır. Ola bilər. Amma bunun uzun müddət davam etməsi mümkün deyil. Ona görə ki, neftin maya dəyəri var və qiymət maya dəyərindən aşağı ola bilməz". Nazir bəzi şirkətlərin neft hasilatını azaltdığını bildirib: "Bu isə o deməkdir ki, gələcəkdə neft ehtiyatları da azalacaq. İqtisadi artım olduqca isə neftə və enerjiyə tələbat da artacaq. 2035-ci ilə kimi elektrik enerjisinin qiymətinin də 35 faiz artması gözlənilir. Lakin 2035-ci ilə kimi neft dominant enerji növü kimi qalacaq. Tələbat artıqca, neftin qiyməti də qalxacaq. Bu gün nefti tapmaq, istehsal etmək, çatdırmaq çətin məsələdir, get-gedə xərclər də artır. Maya dəyəri artdıqca neftin qiyməti də artacaq. Son vaxtlar bu artımı müşahidə edirik". Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, enerji resurslarının dversifikasiyası mühüm əhəmiyyət kəsb edir: "Ona görə də müxtəlif istiqamətlərdən Avropaya neft-qaz kəmərlərinin çəkilməsi vacibdir. Neft və qazdan əlavə, günəş, külək və digər alternativ enerji mənbələrindən də istifadə edilməlidir. Bəzən bildirilir ki, günəş, külək enerjisi baha, neft və qaz isə ucuz başa gəlir. Alternativ enerji mənbələrindən enerji əldə edilməsi ilə bağlı yeni texnologiyalar tapılmalıdır ki, vəziyyəti dəyişmək mümkün olsun". V. Zatlers xatırladıb ki, hazırda dünyada neftin qiymətləri çox aşağıdır: "Bu, neft istehlak edən ölkələr üçün yaxşıdır. Lakin neft hasil edən ölkələr də nəzərə alınmalı, qiymətlərdə bir balans yaradılmalıdır". Serbiyanın sabiq baş naziri Mirko Çvetkoviç qeyd edib ki, neftin qiymətləri həm istehsalçı, həm də istehlakçı ölkələr üçün balanslı şəkildə olmalıdır: "Əvvəllər Serbiya büdcəsinin əhəmiyyətli qismini enerji daşıyıcılarının alınmasına ayırırdı, indi bu göstərici aşağı düşüb. Qiymətlər arasında bir balans olmalıdır. Biz qiymətlərdə neqativ disbalansın olmasını da istəmirik". Nigeriyanın təhsil üzrə sabiq federal naziri Obiaqeli Ezekvesili alternativ və bərpa olunan enerji mənbələrinin inkişafının vacib olduğunu söyləyib.
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xatırladan Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirib ki, bu mədəniyyət Azərbaycan və Gürcüstanın, ümumilikdə Qafqazın genetikasında var: "Azərbaycan və Gürcüstan həmişə çox mədəniyyətli, çox konfessiyalı ölkələr olub. Bəlkə də bu hansısa ölkələr üçün yenilik olub, amma bu, bizim üçün yenilik deyil. Lakin o demək deyil ki, bu sahədə təşəbbüsləri davam etdirmək lazım deyil. Çünki bir çox ölkələrdə, cəmiyyətlərdə dini fundamentalizm, radikallaşma kimi meyllər artmaqdadır. Düşünürəm ki, yeni nəsillərlə bu sahədə iş aparmaq lazımdır".
Azərbaycan-Gürcüstan əməkdaşlığı barədə danışan Eka Tkeşelaşvili deyib ki, bu əməkdaşlıq hələ prezidentlər Eduard Şevardnadze və Heydər Əliyevin dövründə başlayıb. Onun sözlərinə iqtisadi və enerji layihələri, Türkiyənin iştirakı ilə 3 tərəfli əməkdaşlıq iki ölkənin müstəqillik və suverenliyini qoruması üçün əsas sütun təşkil edir: "Bu layihələr həm də iqtisadi cəhətdən inkişafımıza təkan verir. Bu əməkdaşlıq bizim üçün çox vacibdir, həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Bu layihələr həm də Mərkəzi Asiya üçün çox vacibdir. Azərbaycan Gürcüstan və ümumilikdə Qafqaz həmin ölkələrin Avropaya çıxması üçün qapı rolunu oynayacaq. Biz bu layihəyə Çin yeni ipək yolu ideyasına başlamazdan əvvəl başlamışıq. Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvili və prezident İlham Əliyev çox strateji baxış nümayiş etdirərək Çinin ticarət iqtisadi inkişaf baxımından regionda çox böyük aktiv rol oynaya biləcəyini gördülər. Artıq vaxt çatıb. Bizim artıq hazır infrastrukturumuz, siyasi çərçivəmiz mövcuddur ki, Şərqlə Qərbi birləşdirəcək ticarət, iqtisadiyyat mübadiləsinə başlayaq. Strateji nöqteyi-nəzərdən deyə bilərəm ki, bu qədər genişmiqyaslı forumun Azərbaycanda, bizim regionda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki bununla bizim region, o cümlədən, Azərbaycan dünya siyasətində mühüm yer tutan məsələlərin müzakirə edildiyi vacib məkana çevrilir". Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü (İnstitute of İnternational and European Affairs) Fransis Martin O`Donnell isə deyib ki, Azərbaycan dördüncü dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etməklə, çox böyük iş görür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif yerlərindən insanları dəvət edərək bu təşəbbüsdə ön sıralarda durur. O qeyd edib ki, dünyanın üzləşdiyi çağırışları müzakirə etmək üçün bir araya gəlmək vacibdir: "Dialoq, əməkdaşlıq, bu tipli görüşlərdə aparılan fikir mübadiləsi problemlərin həlli yollarının tapılmasına və çoxtərəfli əməkdaşlıqda etimada gətirib çıxara bilər". F. O`Donnelin sözlərinə görə, bu tipli forumlar beynəlxalq çağırışlara qarşı mübarizədə nailiyyətlərin əldə edilməsinə yardım edə bilər. "Biz anlamaya başlayırıq ki, yaranmış situasiyaları başqa formada həll etmək mümkün deyil. Yalnız bir-birimizi dinləyərək, müzakirə edərək hansısa təşəbbüslər əldə edə bilərik".
Alim